“Baku Crystal Hall”da “V1
Challenge Azerbaijan” yarışının təqdimat şousu keçirilir
Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva təqdimat şousunda olub
Azərbaycan Avtomobil
Federasiyasının təşkilatçılığı
ilə “Baku Crystal Hall”da
“V1 Challenge Azerbaijan” yarışının
təqdimat şousu keçirilir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva
təqdimat şousunda
olublar.
Mərasim “Voca People” qrupunun konsert proqramı ilə başlayıb. Tamaşaçılara incə yumoru, gözəl ifaları və maraqlı repertuarı özündə
cəmləyən proqram
təqdim olunub. Canlı vokal səslənmə ilə yüksək səviyyəli bitboksu özündə birləşdirən
akapella-şou zövqləri
oxşayıb.
Sonra Azərbaycanın üçrəngli
bayrağı ilə bəzədilmiş kart maşınların
nümayişi olub və yarışa hazırlıqdan bəhs edən film təqdim edilib.
Azərbaycan Avtomobil
Federasiyasının prezidenti
Anar Ələkbərov
son illər ölkəmizin
müxtəlif beynəlxalq
tədbirlərə ev sahibliyi etdiyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın müxtəlif sahələrdə
əldə etdiyi təcrübə, həyata
keçirdiyi layihələr
beynəlxalq qurumlar tərəfindən yüksək
qiymətləndirilir. Dünyada tolerantlıq və multikulturalizm dəyərləri
ilə tanınan Azərbaycan bu gün həm də idman ölkəsidir.
Son illər ölkəmizdə
çoxlu Olimpiya İdman Kompleksi istifadəyə verilib, Avropa və beynəlxalq səviyyəli
idman yarışları
keçirilir, gənc
idmançılarımızın qarşısında geniş
perspektivlər açılır.
Gələn il Bakıda keçiriləcək
birinci Avropa Oyunlarına hazırlıq
işlərindən danışan
A.Ələkbərov vurğulayıb
ki, ölkəmizin beynəlxalq idman tədbirlərinin keçirilməsi
sahəsində əldə
etdiyi təcrübə,
Təşkilat Komitəsinin
səyləri, Prezident
İlham Əliyevin sürətlə aparılan
hazırlıq işlərinə
şəxsən nəzarəti
Azərbaycanın “Bakı-2015”ə də yüksək səviyyədə ev sahibliyi edəcəyini deməyə əsas verir.
Qeyd edilib ki, Azərbaycan Avtomobil Federasiyasının
məqsədi ölkəmizin
ərazisində avtomobil
idmanının inkişafı
və təşviqi, yol hərəkəti təhlükəsizliyinin təmin
olunması və möhkəmləndirilməsinə dəstək, təhlükəsiz,
ekoloji təmiz və iqtisadi cəhətdən əlverişli
nəqliyyat vasitələri
ilə hərəkət
etmək azadlığının
təbliği və təşviqi, vətəndaşların,
xüsusilə də azyaşlı və gənclərin yol hərəkəti təhlükəsizliyi
mövzusunda maarifləndirilməsi,
avtomobil turizminin təşviqi və inkişafına dəstək
olmaqdır.
Daha sonra Azərbaycanın dövlət himni səsləndirildi.
“V1 Challenge Azerbaijan” yarışının təqdimat
şousunda 12 ölkədən
14 peşəkar pilot yarışır. Ralli üzrə Avropa çempionu, belçikalı
Patrik Snayers, üçqat “Drift Challenge” çempionu,
2014-cü ildə ən
uzun drift üzrə dünya rekordçusu, almaniyalı Harald Müller, ralli üzrə beşqat Portuqaliya çempionu, Avropa çempionatının
gümüş mükafatçısı
Migel Kampos, “V1 Challenge
2011” çempionu, türkiyəli
Burak Çukurova, “V1
Challenge Moldova 2012” çempionu Nikolay Kiriyak, “Fransa F4” və “Volant Euroformula 2013” çempionu
Anton Huber və digərləri
birincilik uğrunda mübarizə aparırlar.
Azərbaycanı kartinq üzrə ölkə çempionları Gülhüseyn
Abdullayev, Adil Axundov və “V1 Challenge
Moldova 2013” çempionu Timur
Muradov təmsil ediblər.
2011-ci, 2012-ci, 2013-cü il mövsümlərində
110 mindən çox tamaşaçıya həyəcanlı
anlar yaşadan “V1
Challenge” yarışı həm
də sağlam həyat tərzini təbliğ edir.
Təqdimat şousu
ilə əlaqədar
cari il
avqustun 25-də təlimlər
təşkil olunub. Yarışda iştirak edən pilot və hakimlərə bu təlimlərdə nəzəri-praktik
məşqlər keçirilib.
Azərbaycan Avtomobil Federasiyası yaxın müddətdə
daha bir yeni layihəsini təqdim edəcək.
Federasiyanın təşkilatçılığı ilə
tezliklə Heydər Əliyev Mərkəzində klassik avtomobil sərgisi
keçiriləcək. Sərgidə müxtəlif illərin
və ölkələrin istehsalı olan
avtomobillər nümayiş etdiriləcək.
Avtomobil istehsalı tarixinə ekskursiya xarakteri
daşıyan sərgi maşın həvəskarlarını
bir araya toplayaraq onlarda nostalji hisslər yaradacaq.
Azərbaycan.
- 2014.- 12 oktyabr.- S. 2.