«V1 Challenge Azerbaijan» yarışının qalibi turnirin təşkilatçılığını yüksək qiymətləndirib

 

Yarışların yüksək səviyyədə təşkilinə görə Azərbaycan Avtomobil Federasiyasına təşəkkürümü bildirirəm. Rəqiblərim çox güclü idi. Yarış mənim üçün çətin oldu.

Bu sözləri oktyabrın 11-də "Baku Crystal Hall"da keçirilən "V1 Challenge Azerbaijan" yarışının qalibi, fransalı pilot Anton Huber AzərTAc-a müsahibəsində deyib.

A.Huber bildirib ki, ən gərgin görüşüm livanlı idmançı Abdo Feqaliyə qarşı oldu. Çox sevinirəm ki, ona qalib gəlməklə finala vəsiqə qazandım. Mən "Formula 4" pilotuyam. Qazandığım təcrübədən istifadə edərək bu yarışın qalibi oldum.

Bakıya ilk dəfə səfər etdiyini diqqətə çatdıran Anton Huber burada gördüklərindən məmnun olduğunu bildirərək deyib: "Bakı haqqında məlumatım az idi. Sevinirəm ki, indi belə bir gözəl şəhərdəyəm. Artıq Azərbaycan haqqında xeyli məlumatım var. Gözəl ölkənizdə olmağımdan çox məmnunam.

 

Azərbaycan. - 2014.- 12 oktyabr.- S. 2.