Görkəmli şərqşünas alim Aida İmanquliyevanın yubileyinə

 həsr olunan beynəlxalq konfrans işə başlayıb

 

Oktyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA-nın təşkilatçılığı ilə görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın anadan olmasının 75 illik yubileyinə həsr edilmiş "Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, Misir, Özbəkistan, Gürcüstan və digər ölkələrdən nümayəndələr iştirak edirlər.

Konfransın birinci plenar iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin keçdiyi 53 illik həyat yolundanbu illərdə onun şərqşünaslıq elminə verdiyi böyük töhfələrdən söz açıb.

Bildirilib ki, Aida İmanquliyeva XX əsr Azərbaycan şərqşünaslıq elminin ən görkəmli nümayəndələrindən biri olub, bütün ömrünü bu sahəyə həsr edibçox böyük uğurlar qazanıb. O, Azərbaycanda şərqşünaslıq üzrə ilk qadın elmlər doktoru, professordur. Görkəmli alim həm keçmiş sovet, həm də dünya məkanında ilk dəfə məhcər ərəb ədəbiyyatını sistemli şəkildə tədqiq edərək fundamental əsərlər yazıb. Onun elmi irsini yaşatmaqyeni nəsillərə ötürmək bizim borcumuzdur.

A.Əlizadə qeyd edib ki, Aida İmanquliyevanın müraciət etdiyi mövzular o dövrdə də öz müasirliyi ilə seçilirdi, bu gün də aktuallığını itirməyib. Əksinə, indi Şərqdə cərəyan edən mədəni proseslər kontekstində həmin mövzular böyük əhəmiyyətə malikdir. Qırx il bundan əvvəl görkəmli şərqşünas alimin müraciət etdiyi şəxsiyyətlər bu günintellektual cəmiyyətin diqqət mərkəzindədir. Üç il bundan əvvəl Sankt-Peterburq Universitetinin nəşriyyatı Aida İmanquliyevanın Cübran Xəlil Cübran, Əmin əl-Reyhani və Mixail Nüaymənin yaradıcılığını araşdırdığı "Qələmlər ittifaqı" monoqrafiyasını yenidən nəşr edib. Görkəmli alim mədəniyyətlərin, ədəbiyyatların və sivilizasiyaların qovuşuğunda formalaşmış, püxtələşmiş bir tədqiqatçı kimi bu mütəfəkkirlərin yaradıcılığının mahiyyətini araşdırmağa qadir idi.

Konfransda Rusiya Elmlər Akademiyası rəyasət heyətinin üzvü, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Aleksandr Kudelin "Professor Aida İmanquliyevanın tədqiqatlarının problematikası (alimin anadan olmasının 75 illiyinə)" mövzusunda məruzə ilə çıxış edib. Rusiyalı akademik bildirib ki, Aida İmanquliyeva Şərq ruhuna və Qərb zəkasına dərindən yiyələnmiş bir şəxsiyyət idi. Onun Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsiri problemlərini sistemli şəkildə araşdıran ilk azərbaycanlı ərəbşünas olduğunu xüsusi qeyd etmək lazımdır. Dərin intuisiyası, uzaqgörənliyi sayəsində Aida İmanquliyeva hələ ötən əsrin 70-ci illərində bu gün üçün aktual olan mədəniyyətlərarası dialoq probleminə özünəməxsus tərzdə yanaşıb, onun fəlsəfi mahiyyətini açmağa nail olub. Alim Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürüb, mədəni yüksəlişi şərtləndirən amillərə istinad edib. Bütün bunlar onun özünün bütövlüyə, vəhdətə can atan xarakterinin təzahürü idi.

Misirin Ayn Şəms Universitetinin ərəb dili və ədəbiyyatı kafedrasının müdiri, professor Tarik Çələbi "Şərqşünas Aida İmanquliyevanın mədəniyyətlərarası əlaqələrin yaranması və ədəbi tənqid sahəsindəki xidmətləri" mövzusunda məruzəsində görkəmli alimin ərəb mədəniyyəti və ədəbiyyatını Azərbaycan şərqşünaslıq məktəbinə tanıtmaq sahəsində müstəsna xidmətlərindən danışıb, onun məhcər ədəbiyyatına həsr olunan "Yeni ərəb ədəbiyyatının korifeyləri" əsərinin əhəmiyyətini xüsusi qeyd edib. Misirli professor bildirib ki, məruzəsinin mövzusu da məhz bu əsərdə bir tərəfdən ərəb ədibi ilə yaşadığı Qərb mühiti arasında mədəni əlaqələrin qurulması, digər tərəfdən isə ərəb ədəbiyyatı ilə tanışlıq və kitabda verilən olduqca mühüm məlumatların azərbaycanlı mütəxəssislərə çatdırılmasına həsr edilib. O deyib ki, görkəmli şərqşünas alim Aida İmanquliyeva ərəb ədəbi tənqidi sahəsində də söz sahibi olub. Görkəmli alimlərə ən yaxşı vəfa borcumuz onların bizə miras qoyduqları elmiintellektual irsi araşdıraraq yeni nəsillərə çatdırmaqdır.

Konfransda Bakı Dövlət Universitetinin (BDU) ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevin "Aida İmanquliyeva Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri kimi" mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, zəngin ənənələrə malik Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən olan professor Aida İmanquliyeva qısa ömür sürməsinə baxmayaraq, özündən sonra zəngin elmi irs qoyub gedib, fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını xeyli dərəcədə zənginləşdirib və inkişaf etdirib. Dünyanın bir sıra ölkələrində, o cümlədən ərəb aləmində yaxşı tanınan, əsərlərinə tez-tez istinad edilən Aida İmanquliyeva yenimüasir ərəb ədəbiyyatının ən nüfuzlu tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir.

Professor Aida İmanquliyeva akademik Ziya Bünyadovdan sonra AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışarkən yüksək təşkilatçılıq qabiliyyətinə malik olduğunu nümayiş etdirib, qısa müddətdə institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, bu elm müəssisəsinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, onun dünyanın aparıcı şərqşünaslıq mərkəzləri ilə fəaliyyətinin əlaqələndirilməsi sahəsində çox böyük işlər görüb. Görkəmli alim 20 ildən artıq BDU-nun şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından mühazirələr oxuyub, xüsusi kurslar aparıb, dissertasiyadiplom işlərinə rəhbərlik edib.

Daha sonra Türkiyənin Yıldız Texniki Universitetinin professoru Məmməd Səid Özərvarlı, Memar Sinan Gözəl Sənətlər Universitetinin professoru Tanju Seyhan, Tbilisi Dövlət Universitetinin təmsilçisi Mzisa Buskivadze məruzələrlə çıxış ediblər. Natiqlər görkəmli şərqşünas alim Aida İmanquliyevanın 75 illik yubileyinə həsr edilən konfransa dəvət olunduqları üçün, eləcə də tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Konfransın ikinci plenar iclasında AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli "Görkəmli şərqşünas alim Aida İmanquliyeva haqqında söz" mövzusunda məruzə ilə çıxış edib. Akademik bildirib ki, professor Aida İmanquliyeva Azərbaycanda şərqşünaslıq tədqiqatlarının istiqamətini ilk dəfə ardıcıl və sistemli şəkildə ədəbiyyatşünaslıq səmtinə yönəldib, bu istiqamətdə tədqiqatlar aparıb. Onun ərəb ədəbiyyatına həsr edilən fundamental və dərin ümumiləşdirməyə malik elmi əsərləri Azərbaycan şərqşünaslıq elmini zənginləşdirən və yeni istiqamətlər açan tədqiqatlar kimi böyük əhəmiyyətə malikdir. Professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslığının ədəbiyyatşünaslıq elmi istiqamətinin yaradıcısı və rəhbəri olub. Görkəmli alimin Azərbaycan şərqşünaslarının yeni nəslinin inkişafında böyük xidmətləri var.  Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Aida İmanquliyeva ölkəmizdə şərqşünaslıq elmi sahəsində özünəməxsus yol açan, məktəb yaradan görkəmli alimdir. O, bütün həyatını ərəb ədəbiyyatı korifeylərinin yaradıcılığının öyrənilməsinə həsr edib, bu mövzuda sanballı elmi əsər nəşr etdirib. Görkəmli alimin qiymətli və zəngin elmi irsi şərqşünaslar üçün faydalı bələdçi və dəyərli mənbə kimi böyük əhəmiyyətə malikdir.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Gövhər Baxşəliyeva "Görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın şərqşünaslıq elminin inkişafında rolu" mövzusunda məruzəsində alimin Azərbaycan şərqşünaslıq elminin inkişafındakı sanballı xidmətlərindən söz açıb. Bildirilib ki, Aida İmanquliyeva elmin enişli-yoxuşlu yollarını pillə-pillə keçib, zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində kiçik elmi işçidən Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəlib. Üç monoqrafiya və 70-dən artıq elmi məqalənin müəllifi  Aida İmanquliyeva həm də  Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub. O, Azərbaycan şərqşünaslıq elmini dünyanın müxtəlif ölkələrində dəfələrlə yüksək səviyyədə təmsil edib.

Professor Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayırdı. Onun rəhbərlik etdiyi ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə olunub.

G.Baxşəliyeva bildirib ki, professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi.

İclasda Misirin Ayn Şəms Universitetinin professoru İslam əl-Şərqavi, Rusiya Müdafiə Nazirliyi Hərbi Universitetinin təmsilçisi Vyaçeslav Axmadulin, Özbəkistan Elmlər Akademiyasının əməkdaşı Burobiyə Rəcəbova, Türkiyənin Kastamonu Universitetinin nümayəndələri Namiq Musalı, Gültən Küçükbasmacı, Şərifə Uzun, Fatma Zəhra Pattabanoğlu və Vüsalə Musalının mövzu ilə bağlı məruzələri dinlənilib.

Konfrans işini oktyabrın 11-də yeddi bölmədə iclaslarla davam etdirəcək.

 

AzərTAc

Azərbaycan.-2014.- 11 oktyabr.- S.4.