Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin sədri Siyəzən
şəhərində
vətəndaşları qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə uyğun
olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciət, ərizə və şikayətlərinin
müsbət həll edilməsi üçün müvafiq tədbirlər
görürlər.
AzərTAc
xəbər verir ki, mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri tərəfindən vətəndaşların
qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 10-da
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
(DTXK) sədri Qərib Məmmədov Siyəzən şəhərində
vətəndaşları qəbul edib.
Qəbulda
Siyəzən, Xızı və Şabran rayonlarından olan vətəndaşların
şikayət və təklifləri dinlənilib.
Qəbul
zamanı vətəndaşlar Rusiya və digər xarici
ölkələrin ərazisində müvəqqəti
yaşamaları ilə bağlı onların adlarının
yerli aqrar islahat komissiyasının səhvi ucbatından
siyahıya salınmaması, torpaq islahatı ilə
bağlı müvafiq sənədlər işlənib tərtib
edilərkən müəyyən texniki qüsurlara yol verilməsi,
qonşu torpaq mülkiyyətçiləri arasında yaranan
torpaq-sərhəd mübahisələri ilə bağlı
müraciət ediblər.
Bundan
əlavə, sakinlər qəbul zamanı DTXK-nın sədrinə
həyətyanı, fərdi yaşayış evi və s. məqsədlərlə
ayrılan torpaq sahələrinə dair plan və
ölçü sənədləri, eləcə də həyətyanı
torpaq sahələrinin özəlləşdirilməsi ilə
bağlı mövcud problemlər barədə suallar da
ünvanlayıblar.
Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsinin
şöbə və struktur rəhbərlərinin
iştirakı ilə keçirilən qəbulda, ümumilikdə,
bu bölgədən olan 40-dək vətəndaşın
müraciətinə baxılıb. Müraciətlərdə
qaldırılan məsələlərin həlli bilavasitə
DTXK-ya aid olduğu hallarda, mütəxəssislər vasitəsilə
yerlərdə yer quruluşu ölçmə işləri
aparılaraq torpaq sahələri həmin vətəndaşlara
təkrarən tanıdılıb.
Qaldırılan
məsələlər müvafiq orqanların iştirakı
ilə zəruri araşdırma tələb etdiyi hallarla
bağlı isə vətəndaşların müraciətləri
komitənin kargüzarlığında nəzarətə
götürülərək qeydiyyata alınıb. Bu
müraciətlər komitənin müvafiq məktubları ilə
aidiyyəti qurumlara göndəriləcəkdir. Bu barədə,
həmçinin öz səlahiyyətlərinə dair işlərin
qısa müddətdə icrası məqsədi ilə
DTXK-nın aidiyyəti rayon və şəhər şöbələrinin
müdirlərinə də müvafiq tapşırıqlar
verilib.
Azərbaycan.-2014.- 11 oktyabr.- S.5.