Görkəmli
şərqşünas alim Aida İmanquliyevanın yubileyinə həsr olunan beynəlxalq konfrans işini bölmə iclasları ilə davam etdirib
Bakıda Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) təşkilatçılığı
ilə görkəmli şərqşünas alim, filologiya elmləri
doktoru, professor Aida xanım İmanquliyevanın anadan
olmasının 75 illik yubileyinə həsr edilmiş “Şərq
xalqları ədəbiyyatı: ənənə və
müasirlik” mövzusunda beynəlxalq konfrans oktyabrın 11-də
işini yeddi bölmə üzrə iclaslarla davam etdirib.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, Misir, Özbəkistan, Gürcüstan və Türkmənistandan nümayəndələr iştirak ediblər.
Konfransın “Professor Aida İmanquliyevanın elmi irsi və şərqşünaslıq elminin inkişaf yolları” adlı birinci bölməsi Misirin Ayn Şəms Universitetinin ərəb dili və ədəbiyyatı kafedrasının müdiri, professor Tarik Çələbi və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Gövhər Baxşəliyevanın həmsədrliyi ilə keçirilib.
İclasda əvvəlcə Şərqşünaslıq İnstitutunun şöbə müdiri, professor Vilayət Cəfərin “Görkəmli şərqşünas alim Aida İmanquliyevanın tərcüməçilik fəaliyyəti haqqında” məruzəsi dinlənilib. Bildirilib ki, professor Aida İmanquliyeva təkcə ərəb məhcər ədəbiyyatının tədqiqi ilə məşğul deyildi. O, Livan, Suriya, Fələstin, İordaniya, İraq və Əlcəzair ədəbiyyatını təmsil edən ərəb yazıçılarının əsərlərindən Azərbaycan dilinə bədii tərcümələr də edirdi. Həmin tərcümələr ötən əsrin müxtəlif illərində Bakıda dərc olunan “İnsan və quş”, “Ağ günlərin sorağında” məcmuələrində çap olunub. Bundan başqa, görkəmli şərqşünas rus alimlərinin islam dini, Qurani-Kərim barəsində yazdıqları dini-elmi məqalələri də Azərbaycan dilinə tərcümə edib.
Şərqşünaslıq İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Xalidə Quliyeva-Qafqazlı “Aida xanım...” adlı məruzəsində professor Aida İmanquliyeva ilə bağlı xatirələrindən söz açıb.
Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, professor Nurlana Əliyeva “Kamillik və mənəviyyat zirvəsində” adlı məruzəsində Aida İmanquliyevanı fədakar alim, ləyaqətli Azərbaycan qadını kimi səciyyələndirib, onun yüksək insani keyfiyyətlərindən danışıb.
Bölmə iclasında fəlsəfə elmləri doktoru Rəna Mirzəzadənin “Aida İmanquliyeva fəlsəfəsində qadın hüquqları və gender multikulturallığı”, Şərqşünaslıq İnstitutunun əməkdaşları Lalə Bayramovanın “Professor Aida İmanquliyeva AMEA Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsinin ilk rəhbəri kimi”, Xuraman Əliyevanın “Aida İmanquliyevanın tədqiqatları haqqında Rusiya alimlərinin rəyləri”, Səadət İbrahimovanın “Ərəb məhcər ədəbiyyatının yazarı Səlva Salama Atlas Azərbaycanın görkəmli şərqşünas alimi Aida İmanquliyevanın araşdırmalarında”, Qafqaz Universitetinin müəllimi Nuranə Abdullayevanın “Professor Aida İmanquliyeva yaradıcılığının hermenevtik mahiyyətinə dair”, AMEA Şəki Regional Elmi Mərkəzinin təmsilçisi Günel Musayevanın “Aida İmanquliyevanın elmi irsi”, Bakı Slavyan Universitetinin müəllimi Zibər Rzayevanın “İnsanlıq və elm zirvəsini fəth etmiş nəcib ziyalı” mövzusunda məruzələri və digər məruzələr dinlənilib. Natiqlər professor Aida İmanquliyevanın bir alim və ziyalı kimi mənəvi keyfiyyətlərindən, yüksək təşkilatçılıq bacarığından, elmi irsinin əhəmiyyətindən danışıblar.
Sonra türkiyəli alim Məmməd Səid Özərvarlı və professor Aydın Abıyevin həmsədrliyi ilə “Şərq ədəbiyyatında ənənə və novatorluq” mövzusunda ikinci bölmə iclası keçirilib.
Şərqşünaslıq İnstitutunun əməkdaşı Sədaqət Qasımlının “Sevgi Soysalın hekayələrində qadın problemi” mövzusunda məruzəsində Türkiyənin tanınmış yazıçısı Sevgi Soysalın yaradıcılığından, onun əsərlərinin ana xəttindən - qadınların cəmiyyətdəki rolundan və problemlərindən bəhs olunub.
Bu bölmədə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun təmsilçisi Rüxsarə Məmmədovanın “Əli Əkbər Dehxuda və onun “Lüğətnamə” əsəri”, Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Elnarə Akimovanın “Yeni şeir”lə bağlı novator konsepsiyaların müəyyənləşməsi (90-cı illər)”, Şərqşünaslıq İnstitutunun əməkdaşları Zümrüd Rəhimovanın “Məsturənin həyat və yaradıcılığı”, Arzu Xasıyevanın “Firidun Moşirinin ictimai-siyasi şeirləri” və digər mövzularda məruzələr dinlənilərək müzakirə edilib.
“Ədəbi əlaqələr” mövzusunda üçüncü bölmə iclasında Azərbaycan, Türkiyə və Özbəkistan alimlərinin məruzələri dinlənilib.
Filologiya elmləri doktoru Fəridə Əzizova və Kastamonu Universitetinin (Türkiyə) təmsilçisi Vüsalə Musalının həmsədrliyi ilə keçirilən iclasda Özbəkistan Elmlər Akademiyasının nümayəndəsi Burobiyə Rəcəbova “Azərbaycan ədəbiyyatında Əlişir Nəvai” kitabı örnəyində miras və ihlasa sayğı” mövzusunda məruzə ilə çıxış edib. Alim Əlişir Nəvai yaradıcılığının Azərbaycan alimləri tərəfindən tədqiqini, bununla bağlı kitab və məqalələrin çap olunmasını yüksək dəyərləndirib. B.Rəcəbova alimlərin bu istiqamətdə fəaliyyətinin Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin inkişafına böyük töhfə verdiyini, bu əlaqələrin daha da dərinləşməsinin vacibliyini vurğulayıb.
İclasda Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin professoru Tanju Seyhanın “Padişah Hocanın əsərlərinin nüsxələrində ləhcə fərqlilikləri”, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları İmamverdi Həmidovun “Ərəb şairi Buhturinin “Siniyyə” qəsidəsi ilə Xaqani Şirvaninin “Mədain xərabələri”nin müqayisəli öyrənilməsi haqqında”, Leyli Əliyevanın “Füzuli ədəbi irsinin qərbi Avropada öyrənilməsi tarixi ədəbiyyatşünasların elmi-nəzəri düşüncəsində”, filologiya üzrə fəlsəfə doktoru Bəsirə Əzizəliyevanın “Mixail Nüaymənin “Mirdadın kitabı” və “Bhaqavat-qita”, BDU-nun müəllimi Gülnarə Abdullayevanın “Orta əsrlər İspaniyasında ərəb-yəhudi mədəni əlaqələri” mövzularında məruzələr dinlənilib və müzakirələr aparılıb.
Konfransın dördüncü bölməsi “Mühacirət ədəbiyyatı” mövzusuna həsr olunub. Türkiyəli professor Tanju Seyhan və professor İmamverdi Həmidovun həmsədrliyi ilə keçirilən iclasda Azərbaycan alimlərinin məruzələri dinlənilib.
Şərqşünaslıq İnstitutunun əməkdaşı Fatma Məcidova “Əmin ər-Reyhani Cübran Xəlil Cübran haqqında” mövzusunda məruzəsində əslən livanlı olan məhcər yazarlar Əmin ər-Reyhani və Cübran Xəlil Cübranın dünya ədəbiyyatı tarixində mövqeyindən bəhs edib. Bildirilib ki, Şərq-Qərb konsepsiyası sintezini öz əsərlərində daim əks etdirən, çoxşaxəli yaradıcılığa malik olan bu iki şəxsiyyət yeni ərəb ədəbiyyatının formalaşmasında və inkişafında mühüm rol oynayıb.
İclasda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nümayəndəsi Nazim Yarməmmədov “XIX əsr Azərbaycan əlyazmalar kitabı”, Şərqşünaslıq İnstitutunun doktorantı Aysel Osmanova “Ərəb mühacir ədəbiyyatının müasir nümayəndələri Adonis və Mahmud Dərviş Beynəlxalq Nazim Hikmət Şeir mükafatı laureatı kimi”, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təmsilçisi Aygül Xəlilova “Gözü yaşlı Cənubun nisgilli mühacirləri”, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Gülnur Qasımlı “Azərbaycanlıların köçürülməsinin üç poemada təzahürü”, Ağahüseyn Şükürov “Milli hökumətin dövlət xadimi, mühacir ədəbiyyatının mücahidi” mövzularında məruzələrlə çıxış ediblər.
Filologiya elmləri doktoru M.Quliyeva və türkmənistanlı alim Q.Canbekovun həmsədrliyi ilə keçirilən beşinci, “Tərcümə nəzəriyyəsi” bölməsində də azərbaycanlı alimlərin çıxışları olub.
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Solmaz Abdullayeva-Azadova “Mir Cəlalın hekayələrindəki frazeologizmlərin ingilis dilinə tərcüməsi” mövzusunda məruzəsində bildirib ki, Azərbaycanın görkəmli yazıçısı Mir Cəlalın hekayələri frazeologizmlərlə zəngindir. Frazeologizm və idiomatik ifadələrdə hər bir xalqın zəngin tarixi təcrübəsi, onun müdrikliyi həkk olunub. Bu baxımdan belə ifadələrin başqa dillərə tərcüməsi zamanı müəyyən çətinliklər ortaya çıxa bilər. Tərcüməçi Mir Cəlalın hekayələrindəki frazeologizmləri ingilis dilinə çevirərkən daha çox analoji priyomdan istifadə edib.
İclasda AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Səadət Şıxıyevanın “Hürufilikdə “tərcümə” anlayışı tətbiq sahəsinin hüdudları”, Nizami adına Ədəbiyyat İnstitutunun təmsilçisi Ataəmi Mirzəyevin “Klassik Azərbaycan-türk ədəbiyyatında tərcümə şərhlər və tərcümə nəzirələr”, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun təmsilçiləri Möhsün Nağısoylunun “XVI əsr Azərbaycan şair-mütərcimi Məqsudi və onun “Möcüznamə” tərcüməsi haqqında”, Rəna İskəndərlinin “Tədqiqatçı alim Şəmsəddin Sami və onun iki tərcümə nüsxəsi haqqında məlumat” və digər məruzələr dinlənilib.
Daha sonra Türkiyənin Kastamonu Universitetinin əməkdaşı Gültən Küçükbasmacı və filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevanın həmsədrliyi ilə “Ədəbi mənbəşünaslıq” adlı altıncı bölmənin iclası keçirilib.
İclasda filologiya üzrə fəlsəfə doktoru Sonaxanım Hadıyevanın “Məhəmməd Nidai: “Mənafeün-nas”, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Elnurə Babayevanın “Əbdürrəhman Caminin elmi-bədii irsi və onun “Risaleyi-əruz” əsəri”, Şəfiqə Abdullayevanın “Təhrif olunmuş məlumatlar haqqında” və digər mövzularda məruzələr dinlənilib.
Misirin Ayn Şəms Universitetinin professoru İslam əl-Şərqavi və filologiya elmləri doktoru Şəfəq Əlibəylinin həmsədrliyi ilə keçirilən sonuncu – yeddinci bölmə iclası “Şərq dilçiliyi” mövzusuna həsr olunub.
Bu bölmədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, professor Roza Eyvazovanın “Azərbaycan və fars dillərində çoxmənalılıq və omonimlik”, BDU-nun təmsilçiləri Oqtay Cəlilbəylinin “Yapon dilində felin quruluşu haqqında”, Tərlan Məlikovun “Ərəb dilində neologizmləri əmələ gətirən ünsürlər”, dosent Səbinə Mirzəyevanın “Kufə qrammatika məktəbi” və digər mövzularda məruzələr dinlənilərək müzakirə olunub.
Bununla
da görkəmli şərqşünas alim Aida
İmanquliyevanın 75 illik yubileyinə həsr
olunmuş “Şərq xalqları ədəbiyyatı:
ənənə və müasirlik” mövzusunda ikigünlük
beynəlxalq konfrans öz
işini başa
çatdırıb.
Azərbaycan.
- 2014.- 12 oktyabr.- S.3.