Təhsil Kompleksində görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

 

Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində görkəmli şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 75-ci ildönümü münasibətilə "Aida İmanquliyeva: unudulmaz məzun, nəsillərdə yaşanan ömür" mövzusunda tədbir keçirilib.

Əvvəlcə  görkəmli alimin ömür yolundan bəhs edən film nümayiş olunub.

Tədbirdə çıxış edən Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova şərqşünaslıq elminin inkişafında böyük xidmətləri olmuş Aida İmanquliyevanın mənalı ömür yolundan və zəngin yaradıcılığından danışıb.

Bildirilib ki, Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən Aida xanım  qısa, amma çox parlaq və xoşbəxt həyat yaşayıb. Ziyalı ocağında dünyaya göz açan görkəmli şərqşünas alim Aida İmanquliyevanın ailəsində hökmran olan yüksək mənəvi-əxlaqi dəyərlər onun xarakterinə, ruhuna hopmuşdu. Atası - milli jurnalistikamızın patriarxlarından sayılan  Nəsir İmanquliyev üzun illər dövrünün nüfuzlu mətbuat orqanlarında  çalışıb. Aida xanım İmanquliyevanın hələ erkən yaşlarından yüksək bilik, savad almaq, yazıb-yaratmaq, cəmiyyət üçün faydalı insan kimi yetişmək istəyi elə kökdən, gendən gəlib. Aida xanım gələcəyə böyük ümidlərlə yanaşıb, təhsil aldığı 132 nömrəli orta məktəbi qızıl medalla başa vurub.

S.Xanlarova Aida xanımın həm də gözəl insan, ana, həyat yoldaşı olduğunu, Azərbaycan qadınına örnək bir ömür yaşadığını xatırladıb. Bildirib ki, Aida xanımın gözəl, nümunəvi ailəsi olubo, analıq borcunu yerinə yetirərək cəmiyyət üçün ləyaqətli övladlar tərbiyə edib.

Təhsil Kompleksinin həyata keçirdiyi "Məşhur məzunlar" layihəsi barədə məlumat verən S.Xanlarova bildirib ki,  layihənin əsas məqsədi qədim tarixi olan  məktəbin sinif otaqlarında, partalarında Aida xanım İmanquliyeva kimi dəyərli şəxsiyyətlərin, unudulmaz məzunların əziz xatirələrini yaşatmaqdavam etdirməkdir.

Bundan başqa, məktəbin arxivindən istifadə etməklə Təhsil Kompleksinin xüsusi buraxılışı  - "Aida İmanquliyeva-75" adlı qəzet nəşr olunub. Qəzetdə görkəmli alimin həyat və yaradıcılığı ilə yanaşı, əsasən, onun qızıl medal ilə bitirdiyi şərəfli məktəb illərindən bugünkü gənc nəsil üçün örnək olan əla qiymətlər aldığı fənn qiymətləri, kamal attestatı təsvir edilib.

Təhsil Kompleksinin müəllimi Gülnarə Məmmədova tələbəsi olduğu  Aida İmanquliyevanın  yüksək ixtisaslı ərəbşünas kadrların hazırlanmasında rolunu diqqətə çatdırıb. Bildirib ki,  uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım  Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri olub.

Tədbirdə şagirdlər alimin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyanı ərəb dilində nümayiş etdiriblər.

Sonra  iştirakçılar məktəbin tarix muzeyində alimin həyat və fəaliyyətindən bəhs edən fotoşəkillər və tarixi məlumatlarla tanış olublar.

          

AzərTAc

 

Azərbaycan. - 2014.- 12 oktyabr.- S.3.