Dəyər

 

Dünyada dəyəri olmayan heç nə yoxdur.  

İnsan ağlı-kamalı, qurub-yaratmaq eşqi, cəmiyyətə, torpağa, vətənə məhəbbəti, ailəyə, dostluğa, vətəndaşlığa sədaqəti, haqqa-həqiqətə dəyanəti, böyüyə-kiçiyə hörməti, insanlığın meyarı olan ləyaqəti ilə dəyərlidir.

Qanunların, qətnamələrin, qərarların, rəsmi sənədlərin dəyəri onun necə icra olunmasında, müsbət nəticəsində, cəmiyyətə və insana fayda verməsindədir.

Vəzifələr, rollar onu daşıyanların, icra edənlərin, oynayanların qabiliyyəti, səriştəsi, məharəti, özünə və başqalarına yaxşı münasibəti ilə dəyərlidir.

Əməlin, sözün, hərəkətin dəyəri onun düzlüyündə, saflığında, davamlığında və uzunömürlüyündədir.

Mənəviyyatın dəyəri millilikdə, dili, dini, adət-ənənəni qoruyub saxlamağındadır.

Ruhumuz sevinib kədərlənməsə toyun-yasın dəyərini bilmərik.

Gül-çiçək ətri, ağaclar meyvəsi, sərinliyi, quşlar məlahətli səsi, qarışqalar, arılar zəhmətsevərliyi, sular saflığı, göylər dərinliyi, ömür acılı-şirinliyi, dünya əbədiliyi ilə dəyərlidir.

Bəli, tozun da, çöpün də, quru bir yarpağın da, hər şeyin dəyəri varbu dəyərlər vaxtında öz yerini tapanda, qiymətləndiriləndə örnəyə çevrilir, ülviləşir, müqəddəsləşir və insanı ucaltmaqla dünyanı gözəlləşdirir. Əks halda çox şey dəyişir.

Bu gün bəşəriyyət bir çox insani, milli-mənəvi, dünyəvi dəyərləri itirmək qorxusu ilə yaşayır. Torpağa, vətənə, ailəyə məhəbbət, dostluğa, əməkdaşlığa sədaqət, haqqı-ədaləti bərqərar etməyə cürət, insana hörmət, qanunlara riayət getdikcə azalır.

Ləyaqət anlayışını daha çox var-dövlət, mənafe, vəzifə anlayışı əvəz edir.

Dünyanın bu yönümdə gedişi - insanların bir qisminin azğınlaşması, vətənsizləşməsi, qəddarlaşması, dinsizləşməsi, bir çox ölkələrdə illərlə davam edən müharibələr, qırğınlar, terror qruplaşmalarının ildən-ilə artması və bu halların qarşısının ədalətlə, qətiyyətlə alınmaması bəşəriyyəti fəlakətlərə aparır.

Münaqişələri aradan qaldırmağa qadir olan böyük ölkələrin rəhbərləri, sözükeçən beynəlxalq təşkilatlar, siyasi qüvvələr dünyanı bürüməkdə olan bu fəlakətləri görməzliyə vurur və hadisələri lazımınca dəyərləndirmirlər.

Mən bu sətirləri filosofluq etmək üçün yox, balalarımızın, vətənimizin, xalqımızın taleyini düşündüyüm üçün yazıram. Çünki dünyada baş verən hadisələrə, torpağıma, vətənimə uzanan xəyanətkar əllərə, başımıza gətirilən müsibətlərə, səsimizin, nailiyyətlərimizin, inkişafımızın cilovlanmasına, haqqımızın tapdalanmasına göstərilən cəhdlərə, barəmizdə uydurulan yalanlara, iftiralara nəzər saldıqca və haqqın-ədalətin üzüldüyü, oyuncağa, şəxsi mənafelərə çevrildiyi bir dünyada yaşamağın, çalışmağın nə qədər çətin olduğunu anladıqca hər bir azərbaycanlını birliyimiz, gələcəyimiz uğrunda səfərbər olmağa səsləmək fikrindəyəm.

Çünki bir azərbaycanlı kimi özümüz özümüzə dəyər verməli, bir-birimizin qədrini bilməli, reallıqları düzgün qiymətləndirməli, yad meyillərə uymamalı, sevincimizi, kədərimizi bir bölməliyik. Belə olmasa heç kim bizi dəyərləndirməyəcək.

Artıq indi dünyada qanunlar dəyərdən düşür və ələ alınmır. Zor haqq-ədaləti üstələyir, bəzi ölkələrin rəhbərləri bəşəri dəyərlərdən uzaqlaşırlar və insan talelərini şəxsi münasibətlərə, istəklərə qurban verirlər.

İraqda, Əfqanıstanda, Suriyada, Pakistanda, Ukraynada, Ermənistanda və dünyanın bir sıra ölkələrində terror qruplaşmalarının, separatçı dəstələrin yaranmasına, onların silahlanmasına, milyonlarla insanların qətlinə, minlərlə kəndlərin, şəhərlərin xarabazara çevrilməsinə imkan və şərait yaradanların indi terrora, separatçılığa qarşı mübarizənin vacibliyindən danışmaları və bu sahədə səfərbərliyə cəhdləri çox gülməli görünür.

Azərbaycan uzun illər terrora və separatçılığa məruz qalan bir ölkədir və bunu bütün dünya bilir. Torpaqlarının 20 faizi erməni terrorçuları tərəfindən işğal edilən, bir milyondan çox qaçqın və məcburi köçkünü, on minlərlə şəhidi, müharibə əlili olan Azərbaycan dövləti erməni terror təşkilatlarının bütün dünyada kök saldığını, erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazilərində mütəşəkkil terror qruplaşmalarının fəaliyyət göstərdiyini və terrorçular hazırlandığını, bu qruplaşmaların narkobizneslə məşğul olduğunu dəfələrlə bəyan edib tutarlı faktlar göstərsə də lakin beynəlxalq aləm və aparıcı dövlətlər buna əhəmiyyət vermirlər.

Əksinə, bu gün terrorizmə və separatçılığa qarşı müharibə elan edən böyük dövlətlər daima erməni işğalçılarına dəstək verirlər. Ermənistana və Dağlıq Qarabağ separatçılarına maddi və mənəvi kömək göstərirlər. Halbuki bu ölkələr ATƏT-in Minsk qrupunun həmsədrləridir və bilavasitə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ədalətli həlli onların vəzifəsidir.

Çox qəribədir, Xocalı soyqrımının iştirakçıları və fəal təşkilatçıları Robert  KöçaryanSerj Sarkisyan bir prezident kimi dünyanın mötəbər tribunalarından azərbaycanlıların, türklərin öldürülməsindən qürur duyduqlarını və bu qətllərdə iştirak etdiklərini fəxrlə bəyan edirlərsə və buna dünyanın aparıcı, haqdan-ədalətdən danışan dövlətləri göz yumursa, bu qatillər, terrorçular bir çox ölkələrdə hörmətlə qarşılanıb onlara dostluq, qardaşlıq əli uzadılırsa dünya qara geyinməyə, bəşəriyyət terrordan daha çox əziyyət çəkməyə məhkumdur.

Azərbaycan Amerika xalqına və onun prezidentinə daim böyük diqqət və hörmət nümayiş etdirir. Dövlətimiz Amerika ilə əlaqələrin genişləndirilməsində maraqlıdır və Dağlıq Qarabağ probleminin həllində cənab Barak Obamanın səylərinə böyük ümidlər bəsləyir.

Çünki ABŞ dünyanın super dövləti kimi hər bir ölkəyə təsir etmək və Yer kürəsinin hər bir nöqtəsində hadisələri izləyib ona lazımi qiymət vermək imkanlarına malikdir. Əlbəttə ki bu imkanlardan hansısa bir ölkənin daxili işlərinə qarışmaq, ədalətsiz və təsir mexanizmi kimi istifadə edilməməlidir.

Bu gün Azərbaycan demokratik təsisatların həyata keçirilməsində, sülhməramlı tədbirlərdə, fövqəladə halların aradan qaldırılmasında ABŞ-la bir cəbhədə çıxış edir. Ermənistan isə bu tədbirlərdən çox kənardadır və dünyada işğalçı dövlət kimi tanınır. Bu ölkədə ictimai-siyasi böhran hökm sürür, insanlar, siyasətçilər, jurnalistlər kütləvi halda həbs edilir, təqib olunur, işğəncələrə məruz qalır, hətta güllələnir, öldürülür.

Müstəqil siyasət yeridə bilməyən Ermənistanın acınacaqlı durumu və erməni terror təşkilatlarının, separatçılarının fəaliyyəti bütün dünyaya məlum olduğu halda, bu ölkədəki çıxılmaz vəziyyət haqqında bir kəlmə danışmayan cənab Barak Obamanın mühüm məsələləri kənara qoyub Azərbaycanda vətəndaş cəmiyyətlərinin - QHT-lərin sıxışdırılmasından söz açması reallıqları əks etdirmir.

Dağlıq Qarabağ probleminin həllindən, erməni təcavüzündən, terrorundan danışmalı olduğu halda Obamanın vətənə xəyanət, cinayət yolunu tutan qeyri-hökumət təşkilatlarının müdafiəsinə qalxması kimlərinsə diktəsindən xəbər verirprezidentin çıxışlarını dəyərdən salır.

Ya da Fransa kimi bir dövlətin təcavüzkar, terrorçu Ermənistanı hər sahədə dəstəkləməsi, erməni soyqırımı kimi saxta uydurmanı inkar edənlərin qanunla cəzalandırılmasına dövlət rəhbərləri tərəfindən cəhdlərin edilməsi terrora və təcavüzkarlığa dəstək vermək deyilmi? Axı "Asala" erməni terror təşkilatının tarixi, fəaliyyəti və türklərə, azərbaycanlılara, digər xalqlara qarşı törətdikləri qətllər fransızlara, bu ölkənin rəhbərlərinə yaxşı məlumdur. Bəs terrorçunu müdafiə etmək nə üçündür?

Bəzən görməmək, eşitməmək, kiminsə günahından keçmək olar, amma reallığı görməmək, düşünməmək mümkün deyil. Ağıllı insanlar dünyada nələrin baş verdiyinibu bəlaların kimlər tərəfindən törədildiyini yaxşı bilirlər. Gözdən pərdə asmaq istəyənlər isə bunun fərqində deyillər. Demokratiya, insan hüquqları, beynəlxalq normalar, aşkarlıq pərdəsi altında insanları aldatmaqla, dövlətləri, xalqları bir-birinə qarşı qoymaqla məşğuldurlar.

Bəzi dövlət rəhbərləri öz vəzifələrinin məsuliyyətini lazımınca qiymətləndirmir, tarixin qara ləkəsindən, acı taleli insanların ahından-amanından qorxmurlar. Onlar hər addımbaşı insan hüquqlarından, düzlükdən, ədalətdən danışsalar da, bu meyarları çox vaxt ayaqlar altına atırlar.

Dünyada ən mötəbər beynəlxalq təşkilat olan BMT  bu gün demək olar ki, öz səlahiyyətlərini, varlığını, haqsızlığa, ədalətsizliyə qarşı sərbəst qərarlar qəbul etmək və həyata keçirmək imkanlarını qiymətləndirmir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi bu gün dəyərsiz bir kağıza çevrilmişdir.

Əgər bu təşkilat beynəlxalq hüququn normalarını işğalçı və terrorçu bir dövlətə başa salıb onu öz qətnamələrinə tabe etdirə bilmirsə onda kimə lazımdır? Əgər beynəlxalq təşkilatlar terrorçu dövlətə öz çirkin əməllərini davam etdirməyə - hər gün Azərbaycan ərazilərini atəşə tutmağa və qətllər törətməyə, terroru dövlət siyasətinə çevirməyə imkan verirlərsə və bunun qarşısının alınması üçün əsaslı tədbirlər görmürlərsə, belə nəticəyə gəlmək olar ki, işğalçını, terrorçunu dəstəkləyirlər.

Sirr deyil ki, bu gün İŞİD-in tərkibində, Suriyada, İraqda və digər ölkələrdə fəaliyyət göstərən terror qruplaşmaları arasında Ermənistanda, işğal olunmuş Dağlıq Qarabağ ərazilərində hazırlanan, təlim keçən terrorçular az deyildir. Bəs nədən  BMT və terrorla mübarizəyə qalxan ölkələr terrorçu Ermənistana qarşı tədbir görməkdə belə açizdirlər? İnsanlar belə qənaətdədir ki, BMT yalnız bir-iki böyük dövlətin mənafelərini müdafiə edirbu dövlətlərin razılığı olmadan onun qəbul etdiyi qətnamələrin, sənədlərin heç bir dəyəri yoxdur.

Bir çox beynəlxalq qurumların - Avropa Şurasının, İslam Konfransı Təşkilatının, Avropa Birliyinin qəbul etdikləri qərarlarını dəyərləndirməmələri, icra edilməsi üçün təşəbbüs göstərməmələri onların hörmətinə sarsıdıcı zərbədir. Avropa Parlamentinin şəxsi münasibətlər zəminində qəbul etdiyi yalansaxta qətnamələr, qərarlar isə bu orqanı tamamilə hörmətdən salmaqdadır.

Baş verənləri görən və buna göz yuman dövlət və mötəbər təşkilat rəhbərləri  bir həqiqəti anlamalıdırlar ki, bu dünya insanlar üçündür. İnsanlıq dəyərdən düşdükcə, haqq nahaqqa satıldıqca dünya dağılacaq və vəzifəsindən, mövqeyindən asılı olmayaraq hər kəs məhvə məhkum olacaqdır.

Məncə, heç bir insan o günü görmək istəməz. Buna görə də ayıq olmaq lazımdır.

 

Tahir RZAYEV,

Milli Məclisin deputatı

Azərbaycan.-2014.- 11 oktyabr.- S.7.