Azərbaycan
və Litva arasında iqtisadi
əlaqələrin perspektivlərinə dair
fikir mübadiləsi aparılıb
İqtisadiyyat və sənaye naziri
Şahin Mustafayev Litvanın Azərbaycana yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Valdas Lastauskas ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a bildiriblər ki, görüşdə Ş. Mustafayev ölkəmizə səfir təyin olunması münasibətilə V. Lastauskası təbrik edib və Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Nazir mövcud hüquqi bazanın, Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin, keçirilən müxtəlif tədbirlərin iqtisadi sahədə əməkdaşlığın daha da inkişafı üçün əlverişli imkan yaratdığını bildirib.
Mövcud iqtisadi əlaqələrin perspektivlərinin müzakirə edildiyi görüşdə bu il Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının növbəti iclasının və biznes forumun ölkəmizin regionlarından birində keçiriləcəyi açıqlanıb, iqtisadi sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.
Nazir Azərbaycan iqtisadiyyatı, ölkəmizin qazandığı uğurlar barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.
V. Lastauskas
ölkəmizdə diplomatik fəaliyyət
göstərməsindən məmnunluğunu ifadə edib, Litva və Azərbaycan
arasında əməkdaşlığın daha
da genişləndirilməsinə səy
göstərəcəyini bildirib. Litva iqtisadiyyatı barədə məlumat verən
Lastauskas səhiyyə, texnologiyalar
sahəsində əlaqələrin inkişafı
imkanlarına dair fikirlərini bölüşüb.
Azərbaycan.
- 2014.- 12 oktyabr.- S. 4.