VI Beynəlxalq Musiqi Festivalı həm də premyeralarla yadda qaldı

 

Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin adı ilə bağlı VI Beynəlxalq Musiqi Festivalı başa çatdı. Lakin ötən 10 gün ərzində rəngarəng konsertlərdən aldığımız xoş təəssüratlar hələ də bizi tərk etməyib. Tez-tez buya digər konsertlər, tamaşalar yada düşür, ifaçıların məharəti, dinləyiciyə bəxş etdiyi şirin anlar bir daha yaşanır. Bu festival öz miqyası, rəngarəngliyi, möhtəşəmliyi ilə seçilərək əvvəlkilərin gözəl ənənələrini həm yaşatdı, həm də inkişaf etdirdi.

Festival həm premyeralarla yadda qaldı. Müslüm Maqomayevin adını daşıyan Dövlət Filarmoniyasında keçən axşam konserti birinci günün uğurlu yekunu oldu. Üzeyir bəy Hacıbəyli adına dövlət simfonik orkestri görkəmli dirijor, xalq artisti Rauf Abdullayevin idarəsi ilə həmin axşam ən parlaq ifalardan birini təqdim etdi. "Koroğlu" operasının əzəmətli uvertürası ürəkləri riqqətə gətirdi. Hollandiyada yaşayan mahir violin ifaçısı İlya Qrubert alman bəstəkarı İohannes Bramsın möhtəşəm violin simfonik orkestr üçün "Konsert"ini ifa edərək dinləyiciləri valeh etdi. Dünya şöhrətli bəstəkar, SSRİ xalq artisti Arif Məlikovun yeni bəstələdiyi piano orkestr üçün "Konsert"in premyerası da festivalın birinci günü üçün təntənəli sonluq oldu. Arif Məlikovun tələbəsi, bəstəkar Ceyhun Allahverdiyev solist pianoçu kimi yeni konsertin ilk ifaçısı idi.

Dövlət Filarmoniyasında keçən konsertlərdən Belarus Respublikasının Dövlət Kamera orkestrinin çıxışlarını xüsusilə vurğulamaq istərdik. Yüksək peşəkarlıq, əsl ifaçılıq mədəniyyəti, dolğun zövqlü səslənmə orkestri dinləyiciyə sevdirən cəhətlərdən idi. Orkestrin bədii rəhbəri baş dirijoru - dünyanın bir çox ölkələrində yüksək qiymətləndirilən  Yevgeniy Buşkov əslində konsertlərin əsl qəhrəmanı oldu. Konsertə məşhur "Arşın mal alan" haqda şeir musiqili fantaziya ilə başlayan Yevgeniy Buşkov ilk andan dinləyiciləri məftun etdi. Sonradan təqdim olunan rus, alman, gürcü, macar, Argentina, italyan s. klassik bəstəkarların əsərləri sürəkli alqışlarla qarşılandı. Festivalda 4 tamaşa ilə təqdim olunun Akademik Opera Balet Teatrının fəaliyyəti xüsusilə vurğulanmalıdır.  Qara Qarayevin "Yeddi gözəl" baletinin, "Ü.Hacıbəylinin "Leyli Məcnun",  "Koroğlu", V.A.Mortsartın "Fiqaronun toyu" operalarının premyeraları əslində Opera Balet Teatrının yüksək potensialından xəbər verirdi. Tamaşalarda məşhur opera solistləri ilə bərabər səhnəyə çıxan gənclərin hərarətli ifaları, cəsarəti, sənətə sevgiləri dinləyicilərdə, tamaşaçılarda məmnunluq hissi yaradırdı.

Festival çərçivəsində Üzeyir bəy Hacıbəylinin sevimli tələbəsi xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 90 illiyinə həsr olunmuş maraqlı konsert təqdim olundu. Bu konsertdə iki orkestr - Azərbaycan dövlət simfonik orkestri (dirijor- Rauf Abdullayev) ilə bərabər Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri (dirijor-Ağaverdi Paşayev) çıxış edirdi. Süleyman Ələsgərovun unudulmaz əsərləri bir daha səsləndi Azərbaycan bəstəkarlıq məktəbinin qədər zəngin olması bir daha öz təsdiqini tapdı.

Azərbaycan Bəstəkarlar İttifaqı da festival çərçivəsində bir sıra maraqlı tədbirlər ilə diqqəti cəlb etdi. Bəstəkarlar İttifaqı "Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində" adlı elmi praktik konfransa ev sahibliyi etdi. Muzey mərkəzində keçən "Muğam ensiklopediyasının" rus dilində nəşrinin təqdimat mərasimi keçirildi. Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert zalında olan tədbir isə əslində yeni bir musiqi kollektivinin - "Trio-klassik" ansamblının debütü idi.

Əslən azərbaycanlı, gənc musiqiçi Emin Tağıyevin rəhbərlik etdiyi "Avstraliyanın gənc musiqiçiləri" kamera ansamblı da debütünü məhz Bakıda, Ü.Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalında keçirmiş oldu.

Festivalda hamıya xoş təsir bağışlayan cəhətlərdən biri çıxış edən musiqiçilərin əksəriyyətinin gənclər olması idi. Gənclik özü-özlüyündə gözəllik, təravət, yeni həvəs, yeni ruh deməkdir. İstər "Avstraliyanın gənc virtouzları" olsun, istər Almaniyadan gəlmiş "Arirang" nəfəs alətləri kvinteti olsun, istər Azərbaycanın gənc vokalçıları, pianoçuları, violin, klarnet, zərb s. alətlər ifaçıları olsun - festivalın möhtəşəm, maraqlı yüksək bədii səviyyədə təqdim olunmasında hamısının öz payı var. Lakin ən böyük, ən gərgin, ən məsuliyyətli festivalın təşkilatçılarının öhdəsinə düşmüşdür. Azərbaycanda keçirilən iri- miqyaslı elm mədəniyyət hadisələrinə dəstək olmuş UNESCO ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu mədəniyyət sahəsində uğurla gerçəkləşən bir sıra forumlar kimi  Ü.Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalına da böyük dəstək vermiş oldu.

Hər zaman Üzeyir bəy Hacıbəyli xatırlanarkən onun gördüyü böyük işləri, yaratdığı dahiyanə əsərlərini, nəcib əməllərini dilə gətirir, dünyanın nadir şəxsiyyətlərindən biri kimi onunla fəxr edirik.

 

Sərdar FƏRƏCOV,

Üzeyir bəy Hacıbəylinin ev muzeyinin direktoru,

 Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi

Azərbaycan.-2014.- 11 oktyabr.- S.7.