Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda 1-ci Tələbə Forumu keçirilir

 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda 1-ci Tələbə Forumu keçirilir.

Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, forumda ölkənin müxtəlif ali təhsil müəssisələrinin “SABAH” qruplarında təhsil alan 250 nəfərə yaxın tələbəsi iştirak edir.

Forumun keçirilməsində əsas məqsəd ölkə təhsilinin strateji hədəfləri barədə ətraflı məlumatların verilməsi, müasir dövrün tələblərinə uyğun yüksək biliyə malik cəmiyyətin qurulmasında tələbələrin rolunun müəyyənləşdirilməsi, tələbələr arasında dialoqun yaradılmasından ibarətdir.

Tədbirin açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov bildirib ki, qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur. Bu baxımdan ölkə təhsilinin strateji hədəflərindən biri də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, gənclərin potensialının inkişaf etdirilməsidir. “SABAH” qrupları layihəsi də bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir.

“SABAH” qrupları 33 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriyamaddi-texniki bazası yüksək olan ali məktəblərdə yaradılıb. 688 tələbənin təhsil aldığı bu qruplarda 158 müəllim dərs deyir. “SABAH” qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir, eyni zamanda, aztəminatlı ailələrdən olanlar yataqxana ilə təmin olunurlar.

 

Azərbaycan. - 2014.- 12 oktyabr.- S. 4.