Azərbaycan gömrük xidmətinin Maltada təşkil etdiyi “Narkotiklərə yox!” adlı sərgi maraqla qarşılanıb

 

Azərbaycan gömrük xidmətinin nümayəndələri Maltadan olan həmkarlarının dəstəyi ilə Valletta şəhərində “Narkotiklərə yox!” adlı sərgi açıblar.

Dövlət Gömrük Komitəsindən AzərTAc-a verilən məlumata görə, sərgi Malta paytaxtının tarixi mərkəzində, 1719-cu ildə cəngavərlər tərəfindən inşa olunmuş gömrük binasında təşkil edilib. Sərgiyə azərbaycanlı rəssam və heykəltəraşların - Nadejda İbrahimova, Mahmud Rüstəmov, Nazim Rəhmanov, Oqtay MurtuzayevTeymur Rüstəmovun müasir incəsənət əsərləri çıxarılıb. Hər bir eksponat narkotiklərdən istifadənin dəhşətli fəsadları barədə bəşəriyyətə mesaj təsiri bağışlayır. Bu əsərlər indiyədək Azərbaycan Gömrük Xidməti tərəfindən Avstriya, PortuqaliyaMakedoniyada keçirilən sərgilərdə də nümayiş olunub.

Komitənin “Azərterminalkompleks” Birliyinin direktoru, gömrük xidməti general-mayoru Qambay Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sərgi ilə əlaqədar Valletta şəhərində səfərdə olub. Sərginin açılış mərasimində Malta Prezidenti xanım Mari-Luiz Koleyro Preka başda olmaqla, dövlət və hökumət, eləcə də yerli hakimiyyət orqanlarının yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Sərgiyə gələn qonaqlar Azərbaycan gömrüyünün yeni layihəsi olanBack to the beginning” (Əvvələ qayıdış) filminə baxıblar. Film narkotiklərə qarşı mübarizədə Azərbaycanın təcrübəsi, narkotik vasitələrin sərhəddən keçirilməsinin gizli üsulları, narkotik aludəçiləri və onların ailələrinin fizikipsixoloji sağlamlığına vurulan sağalmaz yaralardan bəhs edir. Filmdə məktəblilər və gənclər arasında keçirilən bir sıra profilaktik tədbirlər, uşaqların asudə vaxtının səmərəli təşkilinə kömək edən idman mərkəzlərinin fəaliyyəti də işıqlandırılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Q.Əliyev bildirib ki, Malta sərgisində indiyədək Azərbaycan gömrük xidmətinin narkomaniyaya qarşı mübarizə mövzusunda keçirdiyi beynəlxalq sərgi və müsabiqələrdə nümayiş olunan ən uğurlu əsərlər nümayiş olunur. “Ümid edirik ki, bu tədbir Malta və Azərbaycan arasında dostluq əlaqələrinin, həmçinin ölkələrimizin gömrük xidmətləri arasında səmərəli əməkdaşlığın bundan sonra da inkişafı üçün gözəl stimul olacaq”, – deyə Q.Əliyev qeyd edib.

Sərgi zalına daxil olan Malta Prezidenti eksponatlara maraqla tamaşa edib və Azərbaycanda çox istedadlı rəssam və heykəltəraşların olduğunu vurğulayıb. Malta gömrük xidmətinin rəhbəri əməkdaşlığa, təşkilati dəstəyə və maraqlı sərgiyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

 

Azərbaycan. - 2014.- 12 oktyabr.- S. 7.