Böyüdükcə gözəlləşir

 

Söhbət Bakının Dənizkənarı Parkından gedir...

 

Bakının Dənizkənarı Parkında yurdumuzun payızı ətirli çiçəklərin nəmli gözündə açılır. Dünyanın əlvan xəritəsinə bənzəyir-nadir ağacların, çiçəklərin, güllərin toplusu yaradılıb. Dənizkənarı Parkın ərazisi böyüdükcə gözəlliyi də artır, zənginliyi də. Dörd kilometrlik məsafə az qala 18 kilometrə çatıb. Gələnlər doyumsuz mənzərələrlə qarşılaşır, gedənlər xoş əhvalla ayrılır. Bir əsrdir ki, möcüzəli məkanda bu ənənə davam edir. Hələ bu xoş əhvaldan, gözəllikdən neçə-neçə nəslə pay düşəcək, əhval yeniliyi bəxş olunacaq...

2008-ci ildə Azərbaycan Prezidentinin sərəncamından sonra bu istirahət mərkəzində o qədər ciddi dəyişikliklər, yeniliklər başladı ki, heç sayıb-sadalamaqla bitmir. Ən qısa gəzintilərdə də bütün bu gözəlliyi aydın görmək olur və istər-istəməz hər kəs bunları dəyərləndirir. Bu gün Bakının Dənizkənarı Parkı Avropanın eyni təmayüllü istirahət mərkəzləri ilə rəqabətə girir. Özüçox vaxt belə müqayisədə Bakı bulvarına üstünlük verilir. Bakının Dənizkənarı Parkında dünyanın 70-dən çox ölkəsindən gətirilmiş ağac və bəzək kolları var. Nəzərə alsaq ki, hər il bu məkanda əkilən ağacların, güllərin, çiçəklərin sayı birə-beş artır, onda görülən işlərin mənzərəsi aydın təsəvvür yarada bilir. Onu da deyək ki, bu əraziyə gətirilən ağac və kolların mühitə uyğunlaşdırılması o qədər də asan başa gəlmir. Belə gözəlliyi yaratmaq, adamların əhvalını təzələmək üçün xeyli zəhmət və xərc tələb olunur. Dənizkənarı Parkın gözəlliyini təkcə yerli sakinlər yox, Bakının qonaqları da etiraf edir.

Anatoli TRİQUBÇAK (Ukrayna): - İlk dəfə Bakıda 15 il əvvəl olmuşam. Yeni gəlişimdə az qala şəhəri tanıya bilmədim. Doğrusu, inanmaq olmur ki, müstəqillik qazanandan sonra bu qədər inkişaf olsun. Hər tərəfdə yenilik var. Amma Bakının Dənizkənarı Parkı haqqında təəssüratlarım daha zəngindir. Hər şey dəqiq ölçülüb-biçilib, simmetrik gözəllik yaradılıb. Ətrafdakı mənzərələrə baxanda istər-istəməz heyrətə gəlirsən. Yerli çinarlar, qədim ağaclar bu yerlərin tarixindən soraq verir. Açığını deyim ki, dünyanın onlarla ölkəsində olmuşam. Amma Bakı bulvarının mənzərəsi məni daha çox heyran etdi. Axşam gəzintilərindən xüsusi danışmaq istəyirəm. Mən Fransanın Sena çayı sahilində yerləşən məşhur parkında da olmuşam. Bu yerlərin gecələri mənə oranı xatırlatdı. Bakı mənzərələri ilə üst-üstə düşür. Amma bu şəhərdə adamların şərqli istiqanlılığı da gözəlliyə bir zənginlik qatır. Adamlar səni elə qarşılayır ki, elə bil doğmaları ilə görüşürlər. Şəhər haqqında, onun tarixi abidələri barədə geniş məlumat verirlər. Qonaqların daha zəngin təəssüratla qayıtmasına şərait yaradırlar. Əlbəttə, belə qonaqpərvərliyi, xeyirxahlığı unutmaq çətindir. Ona görə də gələcəkdə dəfələrlə bu şəhərə qayıtmaq niyyətindəyəm. Bakı bulvarının gecələrini təkrar-təkrar görmək üçün.

Nadejda TRİFONOVA (Moskva): - Mənim yaşadığım şəhər də zənginliyi və qədimliyi ilə seçilir. Amma imkan tapan kimi Bakıya dönməyə tələsirəm. Məni bu şəhərlə çox şeylər bağlayır. Bir vaxtlar yaşadığım şəhər o qədər dəyişib ki, bütün bunları təsəvvürümə gətirməzdim. Bakının Dənizkənarı Parkı dünyada sayılıb-seçilən nadir istirahət mərkəzlərindəndir. Burada hər şey düzgün planlaşdırılıb. Qatarlarla səyahət, qədimlik simvolu olan fayton gəzintisi insanlarda xoş əhval yaradır. Onu da deyim ki, dəniz gəzintisinin də xüsusi mənzərəsi var. Bu yerləri fərqləndirən bir cəhət də odur ki, ağaclar və güllər az qala öz tarixçəsindən danışır. Hələ fəvvarələrin yaratdığı mənzərələri demirəm. Özü də belə təsvirlərin sayı bir deyil, beş deyil. Ətrafa baxdıqca adamda elə bir xoş əhval yaranır ki, saatlarla bu əsrarəngiz mənzərələrdən ayrılmaq olmur. Buradakı xidmətdən də gileyli qalmırıq. Qiymətləri, xidmətin səviyyəsini Avropa məkanları ilə müqayisə edirik. Düzdür, bir qədər bahalıq müəyyən narahatlıq yaradır.

Burada təşkil olunan yarmarkalar, qədimlikdən soraq verən əşyalar qonaqlarda xüsusi maraq doğurur. Açığını deyim ki, Dənizkənarı Parkda yaradılmış Xalça Muzeyini gəzəndə zəngin gözəllikləri müşahidə etdim. Bir daha hiss etdim ki, Şərq naxışlarının tarixi çox qədimdir və bu xalçaların sorağı dünyanı dolaşır. Ümumiyyətlə, Bakı bulvarı zənginliyi və gözəlliyi ilə həmişə yaddaşımızda qalacaq.

İon MİŞEL (Moldova): - Mənim yaşadığım şəhərdə maraqlı tikililər, görməli yerlər çoxdur. Amma Bakının Dənizkənarı Parkı gözəlliyi ilə daha çox fərqlənir. Son beş ildə dəfələrlə bu şəhərdə olmuşam. Hər dəfə də ciddi dəyişikliklərlə, yeniliklərlə qarşılaşmışam. Burada dünyanın bir çox ölkələrində gördüyüm uyğun mənzərələrlə, üst-üstə düşən gözəlliklərlə rastlaşdım. Amma fərqli cəhətlər daha çoxdur. Bakı bulvarının ərazisini müxtəlif bucaqlardan müşahidə etmişəm. Qatarla da gəzmişəm, dəniz səyahətinə də çıxmışam, fayton gəzintisindən də faydalanmışam. Hər biri adamda qəribə təəssüratlar yaradır. Hiss edirsən ki, bu yerlərdə qaynar həyat, dirçəliş var. Çox təəssüf edirəm ki, bizim tərəflərin belə dənizkənarı istirahət mərkəzləri yoxdur. Ona görə də çalışıram ki, Bakıya səfərlərim tez-tez olsun. Bu yerlərin gözəlliyinə adamların səmimiyyəti də xoş əhval qatır. İnsanlarla ünsiyyətdən, yaranan mehribançılıqdan zövq alırsan. Hər kəs yaşadığı şəhər haqqında, onun qədimliyi barədə zəngin təəssürat yaratmağa çalışır. Əlbəttə, belə münasibət qonaqların bu şəhərə bağlılığını artırır.

Bütün bunlar Bakı və bakılılar haqqında, Dənizkənarı bulvar barədə qonaqların təəssüratlarıdır. Amma şəhərimizin sakinləri də bu yerləri ziyarət etməkdən doymurlar. 80 yaşlı Atabala Dünyamalıyev dedi ki, məni gümrah saxlayan bu mənzərələrdir. Demək olar ki, hər gün Dənizkənarı Parkda istirahət edirəm. Çox vaxt nəvələrimi də özümlə gətirirəm. Bu yaxınlarda pulsuz aksiya keçirilirdi. Uşaqlar o qədər sevindilər ki... Belə tədbirlərin keçirilməsi aztəminatlı ailələrin sosial tələbinin ödənməsinə kömək edir. Yaxşı olar ki, belə tədbirləri tez-tez keçirsinlər. Eyni zamanda bu parka gəzintiyə gələnlərin seyrək vaxtlarında, məsələn, səhərlər qiymətləri aşağı salmaq yaxşı olardı.

Bir məsələni də qeyd etmək istəyirəm. Dənizkənarı Parkda başqa yerlərdən gətirilən ağacların sayı artmaqdadır. Amma qonaqlar əsasən bizim yerli sərvətlərimizlə maraqlanırlar. Narahat oluram ki, belə gözəl məkanda nar ağacının, gilənarın sayı azdır. Axı belə ağacların da öz möcüzəsi var. Heç şübhəsiz ki, bizim yerli ağac və bəzək kolları qonaqlarda daha zəngin təəssürat yaradar. Ona görə də böyüyən Bakı bulvarında belə cəhətlər də nəzərə alınmalıdır. Açığını deyim ki, bir xarici qonaq qədim çinarın qarşısında dayanıb az qala bu ağacla həmsöhbətə çevrilmişdi. Cidd-cəhdlə çinarın yaşı ilə maraqlanırdı. Ona görə də təklif edirəm ki, yaşı az qala bir əsrə çatan ağacların üzərində tarixi yaddaş olsun. Onda çox mətləblər sorğu-sualsız aydınlaşar. Biz böyüyən və gözəlləşən Dənizkənarı Parkdan hələ çox yeniliklər gözləyirik...

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan. - 2014.- 12 oktyabr.- S. 7.