Göygöldə hərbi-vətənpərvərlikdən bəhs edən kitab-albomun təqdimatı keçirilib

 

Göygölün səfalı guşəsində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi bir-birindən maraqlı tədbirlərin ünvanına çevrilib. Məktəblilər burada ulu öndərin irsini öyrənir, uzaq səfərlərə yola düşənlər, bir xeyirxah işin təməlini qoyanlar ilk öncə ehtiramla bura gəlirlər. Son vaxtlarda gözəl bir ənənə yaranıb. Təzə ailə quranlar burada kəbin kəsdirir, əsgərliyə gedən gənclər xeyir-dua alırlar.

Bu günlərdə Heydər Əliyev Mərkəzində daha bir maraqlı tədbir keçirildi. Xatırladaq ki, ötən əsrin doxsanıncı illərinin qanlı-qadalı günlərində Göygöl rayonunun mərd oğulları xüsusi fədakarlıq göstərirdilər. Çaykənd-Hacıkənd bölgəsinin erməni nankorlarından biryolluq təmizlənməsi üçün hamı elliklə ayağa qalxdı. Ulu torpaqlarımız düşmən tapdağından təmizləndi. Neçə-neçə mərd oğullar qanlı döyüşlərdə şəhidlik zirvəsinə ucaldı, üç nəfər Milli Qəhrəman adını aldı. O gərgin günlərdə ölkəmizdə ilk dəfə olaraq Göygöl rayonunda "Şəhidlər xiyabanı" yaradıldı.

İndi vətənpərvər oğullar müntəzəm surətdə Heydər Əliyev Mərkəzinə gəlir, burada müxtəlif tədbirlər keçirilir. Onlar ulu öndərin ömür yolunu öyrəndikcə güc-qüvvət alırlar.

Müqəddəs Mərkəzin işıqlı, yaraşıqlı salonu yenə də gənclərin ixtiyarına verilmişdi. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hazırlanaraq kitab-albomun və digər əsərlərin təqdimatı keçirilirdi. İcra hakimiyyətinin başçısı Arif Seyidov vətənin ən ağır günlərində ulu öndər Heydər Əliyevin ölkədə silahlı qüvvələrin təşəkkülü və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi barədə əvəzsiz fəaliyyətindən danışdı. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti Göygöl rayon şöbəsinin rəisi, polkovnik Mayıl Şahverdiyev çağırışçı gənclərin fiziki və mənəvi yetkinliyi üçün rayonda görülən işlər haqqında ətraflı məlumat verdi. M.Şahverdiyev dedi ki, təqdim olunan ədəbiyyatı vərəqlədikcə ümummilli lider Heydər Əliyevin Silahlı Qüvvələr, gənclərin orduya hazırlanması və hərbi-vətənpərvərlik tərbiyəsi işinin müasir mərhələdə nə qədər vacib olduğu barədə müdrik kəlamlarıoxuyaraq, gənclərin tərbiyəsində müstəsna xidmətləri olan müharibə veteranlarına ulu öndərin diqqət və qayğısının, həmçinin Prezident İlham Əliyevin bu müqəddəs ənənələri necə uğurla davam etdirməsinin bir daha şahidi olacaqsan.

Rayon Gənclər və idman idarəsinin rəisi Zaur Abbasovun, Qarabağ müharibəsinin ikinci qrup əlili Nazim Cahangirovun çıxışları maraqla qarşılandı. Qeyd olundu ki, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, gənclər sözün tam mənasında, hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunurlar. Dövlətin qayğısı sayəsində fiziki və mənəvi cəhətdən sağlam nəslin yetişdirilməsi üçün hər yerdə olduğu kimi, Göygöl rayonunda da hər cür şərait yaradılmış, Gənclər sarayı, Heydər Əliyev Mərkəzi və Olimpia idman kompleksi tikilib istifadəyə verilmişdir.

Rayonda madd-texniki baza yüksək olduğu üçün "Cəsurlar", "Şahin" "Vətənin müdafiəsinə hazıram", "Mahir nişançı" hərbi idman oyunları və digər tədbirlər üzrə zona yarışları keçirilir. Rayon icra hakimiyyəti, təhsil şöbəsi, gənclər və idman idarəsi, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rayon şöbəsi əlaqəli surətdə fəaliyyət göstərir və bir-birindən sanballı tədbirlər görülür. Ona görə də rayonda gənclərin ordu sıralarına çağırışı mütəşəkkil keçir.

Tədbirin sonunda "Hər şey qələbə üçün!" fotoalbomu, "Dövlət rəmzlərinin gənc çağırışçılar arasında təbliği", habelə "Ordudan tərxis olunmuş gəncin məlumat kitabı" təqdim olunmuş, vətənpərvərlik tərbiyəsi sahəsində xüsusi fərqlənənlərə hədiyyələr verilmişdir. 

 

Əhməd İSAYEV

 

Azərbaycan. - 2014.- 12 oktyabr.- S. 6.