Sığorta-pensiya sistemində həyata keçirilən islahatlar öz bəhrəsini verir

 

2006-cı ildən etibarən Azərbaycanda yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura (baza, sığorta və yığım hissəsindən ibarət) əsaslanan əmək pensiyaları sistemi fəaliyyətdədir. Artıq əldə olunmuş ilkin təcrübə yeni sistemin yüksək sosial səmərəliliyini göstərir.

Yəni sistemin fəaliyyəti dövründə əmək pensiyalarının istər minimal məbləği (baza hissəsi), istərsə də orta aylıq məbləği əhəmiyyətli şəkildə artmışdır. Bütövlükdə pensiyaların artım mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə həyata keçirilməsi mövcüd maliyyə imkanlarının pensiyaçılar arasında daha ədalətli bölgüsünə şərait yaratmışdır.

Bununla yanaşı, məcburi dövlət sosial sığortada fərdi uçot sistemi yaradılmış, vətəndaşların pensiya təminatının fərdi uçotun məlumatları əsasında aparılması həyata keçirilmiş və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilmişdir. Həmçinin bu dövrdə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə, sığortaolunanların fərdi uçotunun təşkili və pensiya təminatı məsələləri vahid pensiya qurumunda cəmləşdirilmiş və bu sahələrin mütərəqqi texnologiyalar əsasında təkmilləşdirilməsi və yenidən qurulması həyata keçirilmişdir.

Bir məsələni də fərəhlə qeyd etməliyik ki, respublikamızda vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatını tənzimləyən "Əmək pensiyaları haqqında" qanunun uğurla icra olunması nəticəsində pensiyaların baza və sığorta hissəsi hər il əhəmiyyətli şəkildə artır. Belə ki, yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən indiyədək Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının artırılması ilə bağlı 8, sığorta hissəsinin artırılması ilə bağlı da 8 sərəncam imzalanmışdır.

Hazırda Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 172,7 manata çatdırılmışdır ki, bu da 2006-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 5,8 dəfə çoxdur. Bu gün ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40,7 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edir.

 Hər il əmək pensiyalarının sığorta hissəsinə əlavə olunan indeksləşdirmə artımları da pensiyaçıların sosial müdafiəsinin möhkəmləndirilməsinə xidmət edən amillərdəndir. Bu artımlar bir qayda olaraq hər ilin əvvəlinə tətbiq olunmaqla ötən ilin istehlak qiymətləri indeksinin səviyyəsinə uyğun şəkildə müəyyənləşdirilir. Hazırda istər əmək pensiyalarının baza hissəsinin artırılması, istərsə də sığorta hissəsinin indeksləşdirilməsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının təqdim etdiyi xüsusi proqramla avtomatlaşdırılmış qaydada həyata keçirilir. 2013-cü il iyul ayının 11-dən etibarən ölkəmizdə Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanıb.

Bütün bu işlərin həyata keçirilməsində DSMF Balakən rayon şöbəsi də öz üzərinə düşən işi layiqincə yerinə yetirir. Rayon şöbəsinin fəaliyyətini xarakterizə edən göstəricilər bunun əyani sübutudur. Bu barədə danışan DSMF Balakən rayon şöbəsinin müdiri Rauf Qaracayev dedi:

- DSMF Balakən rayon şöbəsi tərəfindən cari ilin 9 ayı ərzində hüquqifiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqlarının toplanması, işləyən və işləməyən əhaliyə pensiya və müavinətlərin ödənilməsi sahəsində işlər lazımi qaydada aparılmışdır. Bu ilin ötən dövrü ərzində şöbənin sosial sığorta daxilolmaları 2707,4 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 315,8 min manatya 13,2 faiz çoxdur. O cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 286,8 min manat, torpaq mülkiyyətçilərindən 28,3 min manat məcburi dövlət sosial sığorta haqqı toplanaraq keçən ilin müvafiq dövrü ilə müqayisədə 60,4 min manat olmaqla 23,7 faiz çox yığılmışdır. Ümumilikdə 2014-cü ilin 9 ayı ərzində 2013-cü ilin müvafiq dövrünə nisbətən büdcə sektorundan 223,9 min manat olmaqla 11,8 faiz, qeyri-büdcə sektorundan 91,9 min manat olmaqla 18,5 faiz çox məcburi dövlət sosial sığorta haqları toplanmışdır.

DSMF Balakən rayon şöbəsi tərəfindən debitor borclarının azaldılması məqsədilə borcu olan sığortaedənlərə qarşı qanuna müvafiq tədbirlər görülür. R.Qaracayevin sözlərinə görə, 2014-cü ilin 9 ayı ərzində 16 hüquqi şəxs, 423 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və 393 nəfər torpaq mülkiyyətçisi uçota alınıb. Beləliklə, uçotda olanlar hüquqi şəxslər üzrə 482, fiziki şəxslər üzrə 4607, torpaq mülkiyyətçiləri üzrə isə 6487 nəfər olmuşdur.

Balakəndə Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar işlər də uğurla davam etdirilir. Sığorta-pensiya sistemində aparılan islahatlara uyğun olaraq avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidin təmin olunması məqsədilə sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanılmış əmək pensiya hüquqlarının müəyyənləşdirilməsi üçün şöbə tərəfindən 4590 sığortaolunanın əmək kitabçalarının məlumatları onların fərdi şəxsi hesablarına yüklənilmişdir.

Onu da qeyd edək ki, 2014-cü ilin 9 ayı ərzində Balakəndə 412 nəfərə yeni pensiya təyin edilmişdir. Yeni təyin olunmuş pensiyaçıların 177 nəfərinə yaşa görə, 197 nəfərinə əlilliyə görə, 38 nəfərinə isə ailə başçısını itirdiyinə görə pensiya təyin edilmişdir.  Beləliklə, 2014-cü il 1 oktyabr tarixinə rayonda qeydiyyatda olan pensiyaçıların sayı 12489 nəfərdir. Bunlardan 8137 nəfəri yaşa görə, 3712 nəfəri əlilliyə görə, 640 nəfəri isə ailə başçısını itirdiyinə görə pensiya alanlardır. Aylıq pensiya tələbatı 1881,40 min manat olmaqla rayon üzrə pensiyaçıların orta aylıq pensiya məbləği 151,22 təşkil edir. Pensiyaların ödənişi hər ay vaxtında aparılır.

Bütün bunlar göstərir ki, DSMF Balakən rayon şöbəsi işini günün tələbləri səviyyəsində qurur.

 

Telman NƏZƏRLİ

 

Azərbaycan. - 2014.- 12 oktyabr.- S. 6.