İzzətullah Zərqami: Azərbaycan ilə İran

arasında dərin dini və mədəni əlaqələr var

 

İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami oktyabrın 13-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə ölkələrimiz arasında dərin dini və mədəni əlaqələrin mövcud olduğunu söyləyib. O, ümumiyyətlə Azərbaycan-İran münasibətlərinin inkişaf etdiyini bildirib.

AzərTAc xəbər verir ki, şeyxülislam A.Paşazadə görüşdə Azərbaycan və İran xalqları arasındakı tarixi dostluq, qardaşlıq münasibətlərinin ölkələrimizin siyasi, iqtisadi, dini, mədəni sahələrdə əməkdaşlığının inkişafına töhfə verdiyini deyib. A.Paşazadə dövlətlərimizin başçılarının iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsində rolunu vurğulayıb.

Görüşdən əvvəl İ.Zərqami Təzəpir məscidi ilə də tanış olub. Qonağa Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsinin hazırlanması barədə məlumat verilib.

İ.Zərqami Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası ilə də tanış olub. O, buradakı qədim kitablara baxıb, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

 

Azərbaycan.-2014.- 14 oktyabr.- S.7.