Azərbaycanın tranzit potensialı gücləndirilir

 

Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə ətraflı danışıldı

 

Beynəlxalq təcrübə göstərir ki, iqtisadiyyatı yalnız neft sektoruna əsaslanan ölkə daim böhranla qarşılaşmaq təhlükəsində qalır. Ona görə də Azərbaycan rəhbərliyi ilk gündən neftdən gələn gəlirləri  qeyri- neft sektorunun inkişafına yönəltməklə iqtisadiyyatda inkişafın çoxşaxəliliyinə üstünlük verir. Başqa sözlə desək, Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası ölkəmizin geosiyasi maraqlarına cavab verməklə yanaşı, qeyri-neft sektorunun hərtərəfli inkişafına, enerji, nəqliyyat və ərzaq təhlükəsizliyinin  yaradılmasına və möhkəmləndirilməsinə xidmət edir.

Məlumdur ki, müasir tələblərə cavab verə biləcək nəqliyyat infrastrukturu olmayan hər hansı bir ölkənin iqtisadi inkişafından danışmaq mümkün deyil. Ona görə də xüsusən son illər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu mühüm sahəyə xüsusi diqqət göstərilir. İqtisadiyyatın bütün sahələri ilə yanaşı, nəqliyyat sektorunun inkişafına da böyük investisiyalar qoyulur, mühüm layihələr reallaşdırılır. Dövlət başçısı bu barədə danışarkən demişdir: "Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Biz indi öz nəqliyyat infrastrukturumuzu  möhkəmləndiririk. Müxtəlif şəhərlərdə  yeni hava limanları  tikilir, magistral yollar  salınır. Bizim dəniz nəqliyyatına, dəmir yoluna böyük unvestisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə böyük rol oynayacaqdır. Regionda digər mühüm işlər də məhz bununla bağlıdır. Bu  işlər bundan sonra daha da sürətlə gedəcək, ölkə iqtisadiyyatına yeni investisiyalar qoyulacaq və Azərbaycan tranzit ölkə kimi imkanlarını daha da genişləndirəcəkdir".

Hazırda  dövlət başçısının şəxsi  nəzarəti ilə icra olunan layihələr davamlı şəkildə həyata keçirilir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələri uğurla həyata keçirilir. Odur ki, ən yaxın zamanda  Azərbaycanın nəinki regionda, hətta bütün dünyada mühüm nəqliyyat dəhlizi kimi mövqe qazanacağı heç kimdə şübhə doğurmur. Lakin müasir qloballaşma ideyası daim irəli getməyi, elmi və texnoloji tərəqqiyə nail olmaqla dayanıqlı, sabit inkişafı tələb edir. Ölkəmiz də məhz bu yoldadır.

Azərbaycan inkişaf etdikcə, ölkəmizin beynəlxalq əlaqələri genişləndikcə nəqliyyat infrastrukturumuz da müasirləşir.  Bu məqsədlə ölkədə genişmiqyaslı işlər görülür, beynəlxalq tələblərə cavab verən nəqliyyat sistemi formalaşdırılır. O cümlədən həm  regionlarda, həm də paytaxtda  nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və ölkənin tranzit potensialının gücləndirilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Təkcə son illər Bakıda istifadəyə verilən çoxsaylı yol ötürücülərini, körpüləri, tunel, yeraltı və yerüstü piyada keçidlərini yada salmaq kifayətdir ki, bu sahədə görülən işlərin miqyası aydın olsun. Bütün bunlar həm də "Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı"nın uğurlu icrasıdır. Onu da qeyd edək ki, bu proqramın icrası çərçivəsində görülən işlər yüksək keyfiyyəti və vaxtında istismara verilməsi ilə yadda qalır. Təsadüfi deyil ki, ölkə başçısı istismara verilən bu cür obyektlərin həm təməlqoyma, həm də açılış mərasimlərində şəxsən iştirak edir, tövsiyə və tapşırıqlarını verir.

Bu gün Azərbaycanda nəqliyyatın təkmilləşdirilməsi istiqamətində görülən ən böyük işlərdən biri   Bakı Dəniz Ticarət Limanının tikilib istifadəyə verilməsidir. Bildiyimiz  kimi, keçən əsrin 30-cu illərində tikilən liman  günün tələblərinə  cavab vermirdi. Bu isə o demək idi ki, dinamik və sürətlə  inkişaf edən ölkəmizdə yeni və çoxfunksiyalı limanın  tikintisinə ehtiyac yaranmışdı. Bununla bağlı ölkə başçısı 2007-ci ildə müvafiq  sərəncam imzaladı və həmin sərəncama əsasən limanın  baş planı və layihəsi hazırlandı. 2010-cu il noyabrın 3-də Prezident yeni limanın təməlini qoydu.  Bununla da layihənin birinci mərhələsi çərçivəsində bərə terminalı, quru yük terminalı, konteyner sahəsi, avtomobil və dəmir yolları, eləcə də digər infrastruktur obyektlərin  tikintisinə  başlanıldı. Cari il sentyabr ayının 22-də isə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət  Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı oldu və açılışda Prezident şəxsən iştirak etdi. Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində Prezident İlham Əliyev bu fakt barədə bildirmişdir: "Keçən ay Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin birinci hissəsi - Bərə terminalı istifadəyə verilmişdir. Əminəm ki, ticarət limanı yaxın iki il ərzində tam şəkildə istifadəyə veriləcək. Beləliklə, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı yaradılacaq. Onun illik yükdaşıma imkanı 25 milyon ton yük və bir milyon konteynerdir. Bu, Xəzərdə ən böyük liman olacaqdır və Xəzərdə yük daşımalarının həcminin artırılması gözlənilir".

Hazırda Azərbaycanın təşəbbüsü ilə regionda daha bir mühüm layihə reallaşdırılır. Söhbət istifadəyə verilməsinə çox vaxt qalmayan Bakı-Tbilisi-Qars dəmir yolundan gedir. XXI əsrin böyük infrastruktur layihələrindən olan və təkcə üç ölkəni deyil, həmçinin onlarla dövlətlər arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının reallaşması istiqamətində işlər bu gün sürətlə  davam edir və ilin sonunadək dəmir yolunda ilk qatarların xəttə buraxılması  gözlənilir. 2015-ci ildən  isə dəmir yolunun tam istismara verilməsi nəzərdə tutulur. Bu yol istifadəyə veriləndən sonra ən azı əlavə 10 milyon ton yük bizim ərazimizdən keçəcək. Sonrakı illərdə isə bu yolla 20 milyon ton  yük daşınacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə belə demişdir: "Biz böyük infrastruktur layihələri icra edirik. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla  davam edir. Bu layihə qitələri birləşdirən layihə olacaqdır. Avropanı Asiya ilə birləşdirən layihə olacaqdır".

Respublikamızda avtomobil yollarının tikintisi də uğurla aparılır. Bakı- Gürcüstan sərhədi avtomobil yolu istifadəyə verilib, Bakı-Rusiya sərhəd  avtomobil yolunun böyük hissəsi tikilib, Bakı-İran sərhəd  avtomobil yolunun tikintisi davam edir. Bunlardan əlavə, Azərbaycanda  son illər 7 aeroport tikilmişdir ki, onlardan da  5-i beynəlxalq hava limanıdır. Bir sözlə, Azərbaycan bütün nəqliyyat növləri üzrə regionda lider mövqedədir.

Sosial-iqtisadi sahədə qazandığımız uğurlar ölkəmizin idman sahəsində də inkişafına böyük təkan vermişdir. Dövlətimizin idmana və idmançılara göstərdiyi diqqət və qayğının sayəsində böyük idmançı ordusu və mütəxəssis qrupu yetişdirilmiş, güclü maddi-texniki baza yaradılmış, 50-yə yaxın olimpiya idman  kompleksi və digər idman qurğuları tikilmişdir. Bunların sırasında Gimnastika kompleksini, Su idmanı sarayını, Stend atıcılığı üzrə idman kompleksini, eləcə də tikilməkdə olan  Olimpiya Stadionunu və digərlərini göstərmək olar.

Ötən hər gün bizi 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına yaxınlaşdırır və xalqımız bu möhtəşəm tədbiri səbirsizliklə gözləyir. Mötəbər beynəlxalq idman tədbirinə hazırlıq işləri yüksək keyfiyyət və sürətlə gedir. Bu isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, "Bakı 2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın işgüzarlığı sayəsində mümkün olur. Mehriban xanım bu  nüfuzlu tədbirə hazırlıqla əlaqədar tez-tez tikilən idman obyektlərində, o cümlədən Bakı Olimpiya Stadionunda olur və işlərin gedişi ilə maraqlanır. Onu da qeyd edək ki, Mehriban xanım Əliyevanın bütün sahələrdə, o cümlədən olimpiya sahəsində apardığı uğurlu işlər beynəlxalq arenada yüksək dəyərləndirilir. Təsadüfü deyildir ki, bu il iyunun 16-da Afinada Azərbaycanın  birinci xanımı  Beynəlxalq Olimpiya Akademiyasının "Olimpiya mükəmməlliyi" mükafatına  layiq görülmüşdür.

Ümumiyyətlə, Azərbaycanda müntəzəm olaraq müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatları keçirilir. Keçiriləcək Avropa Oyunları isə beynəlxalq idman hərəkatında yeni dövrün başlanğıcı, Azərbaycan isə bu dövrün ilk səhifəsini yazan ölkədir.

Biz ölkəmizin idman sahəsində qazandığı uğurları, xüsusən Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən işləri təsadüfən vurğulamadıq. Məsələ ondadır ki, bu hazırlıq işlərində Azərbaycanın, o cümlədən Bakının yol-nəqliyyat kompleksi işçilərinin də üzərinə mühüm vəzifələr düşür. Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərinə gedən yolların vaxtında təmiri və yenidən qurulması bu gün yol-nəqliyyat sahəsində çalışanların bir nömrəli vəzifəsidir və artıq indidən demək olar ki, onlar bu işin öhdəsindən tələb edilən səviyyədə gələcəklər. Çünki onlar yaxşı başa düşürlər ki, hər hansı beynəlxalq tədbirdə iştirak etmək üçün ölkəmizə gələn qonaqlarda Azərbaycan haqqında ilk  təəssürat məhz yollardan başlayır. Həmin tədbirlərin sayı isə az deyil. Prezident İlham Əliyev Nazirlər Kabinetinin qeyd edilən iclasında bu barədə belə demişdir: "Baxın, Bakıda nə qədər böyük, mötəbər idman yarışları, forumlar, Humanitar Forum, Sivilizasiyalararası Dialoq Forumu keçirilir. İndi Ümumdünya Gənclər Forumu keçiriləcəkdir. Davos Dünya İqtisadi Forumu Bakıda keçirilmişdir, yenə də keçiriləcəkdir. Yəni, Bakıda iqtisadi, humanitar, idman, siyasi forumlar keçirilir. Bu, təsadüfi deyil. Bu, ölkəmizin inamlı inkişafının təzahürüdür. 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi böyük uğurla keçirilmişdir. İndiyə qədər xatırlayırlar ki, Bakıda bəlkə də ən gözəl yarışma keçirilmişdir. Gələn il birinci Avropa Oyunları, 2016-cı ildə Dünya Şahmat Olimpiadası Bakıda keçiriləcək. 2016-cı ildə "Formula 1" yarışı keçiriləcəkdir. Bu da dünya miqyasında, hətta futbol üzrə dünya çempionatından daha böyük maraq doğuran bir yarışdır. Bu da Bakıda keçiriləcək. 2017-ci ildə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. 2020-ci ildə futbol üzrə Avropa çempionatı keçiriləcəkdir - həm qrup, həm də dörddəbir final yarışları. Cəmi dörd şəhərdə dörddəbir final yarışı keçiriləcək - Bakı, Roma, Münhen, Sankt-Peterburq. Budur, Bakının səviyyəsi və budur bizim gördüyümüz işlərin nəticəsi".

 

Məhərrəm MƏMMƏDOV,

iqtisadçı-ekspert

Azərbaycan.-2014.- 14 oktyabr.- S.5.