Humanitar forum elmi
innovasiyalara yeni təkan verir
Son illər
formalaşmış uğurlu ənənənin davamı kimi
bir neçə gün əvvəl
respublikamızda keçirilmiş IV Bakı Beynəlxalq
Humanitar Forumu Azərbaycanda qlobal müzakirələr
üçün intellektual platformanın
formalaşdığını təsdiqləməklə
yanaşı, kifayət qədər səmərəli müzakirələr
və mühüm bəyanatların qəbulu ilə yadda
qalmış, humanitar-elmi planda əməkdaşlığın
yeni konturlarını müəyyənləşdirmişdir.
Humanitar əməkdaşlıq məsələlərinin
müzakirə edildiyi nüfuzlu bir məkan olan Bakı Beynəlxalq
Humanitar Forumunda dünyanın müxtəlif ölkələrindən
- tanınmış ictimai-siyasi xadimlər, sabiq dövlət
başçıları, Nobel mükafatı laureatları da
daxil olmaqla - çoxsaylı nümayəndələr
iştirak etmişlər. "Rəqəmsal dövrdə
medianın transformasiyası: inkişafın yeni meyilləri",
"Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən
humanist təcrübəyə doğru", "İnnovativ
inkişafda fənlərarası inteqrasiyanın rolu",
"Davamlı inkişaf və ekoloji sivilizasiya",
"Qloballaşmanın çağırışları: ənənə
və transformasiya arasında", "Molekulyar biologiya və
biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə,
perspektivlər", "Texnologiyaların konvergensiyası və
gələcəyin konturları: XXI əsrin əsas
çağırışları", "Humanizm postmodern
dövrün başlıca dəyəri kimi"
mövzularında keçirilmiş "dəyirmi
masa"larda səmərəli və maraqlı diskussiyalar
aparılmışdır.
Son illərdə respublikamızın xarici siyasəti fəallığın,
intensivliyin və səmrəliliyin yüksəlməsi ilə
səciyyəvidir və bunun nəticəsi kimi Bakıda
keçirilən mühüm beynəlxalq tədbirlərin
sayı da artır. IV Bakı Beynəlxalq Humanitar Forumu da
bunun bariz təcəssümü kimi tarixiləşmişdir.
Forumun ənənəvi olaraq Bakıda
keçirilməsi, ilk növbədə, respublikamızın
sivilizasiyalararsı dialoq prosesində fəal mövqe
tutduğunu, zəngin Şərq və Qərb mədəniyyətləri
arasında körpü rolunu oynadığını, multikulturalizm
məkanına çevrildiyini göstərir.
Bakıda keçirilən beynəlxalq humanitar forumlar istər
formasına, istərsə də müzakirə olunan məsələlərin
əhəmiyyətinə görə fərqlənir. Bu forumlarda, əsasən
multikulturalizmin nailiyyətləri və problemləri, dünyanı
dəyişdirən müasir texnologiyalar, elmlərin
konvergensiyası, biotexnologiyalar və etikanın problemləri,
inkişafın iqtisadi modellərinin humanitar aspektləri,
sosial jurnalistika və yüksək texnologiyalar, postmodernist mədəniyyətdə
ənənəvi dəyərlər sistemi kimi aktual
mövzular müzakirə olunur.
Forumda bəşəriyyətdə
maraq doğuran qlobal məsələlərə dair geniş
spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr
aparmaq məqsədi ilə hər il tanınmış
dövlət xadimlərinin, elmin müxtəlif sahələri
üzrə Nobel mükafatı sahiblərinin, nüfuzlu beynəlxalq təşkilatların
rəhbərlərinin, o cümlədən dünyanın
siyasi, elmi və mədəni elitasının görkəmli
nümayəndələrinin iştirakı müzakirələrin
sanbalını və dəyərini,
aktuallığını artırır. Onu da xatırlatmaq
yerinə düşər ki, 2010-cu ilin yanvarında Azərbaycan
Prezidenti İlham Əliyev və Rusiyanın sabiq prezidenti Dmitri
Medvedyev belə bir möhtəşəm tədbirin
keçirilməsi təşəbbüsü ilə
çıxış etmişlər. Bu təşəbbüs
əsasında 2011-ci il oktyabrın 10-11-də
keçirilən Birinci Bakı Beynəlxalq Humanitar Forumu da
mühüm nəticələrlə yadda qalmış,
respublikamızın sivilizasiyalararası dialoq məkanına
çevrildiyini nümayiş etdirmişdir.
Forumların keçirilməsində əsas məqsədlərdən
biri də insan fəaliyyətinin bütün sahələrində
çalışan elm xadimlərini bir araya gətirərək
bəşəriyyəti narahat edən aktual məsələlərin
həlli yollarını tapmaqdır. Forumun qloballaşma
dövründə humanitar problemlərə aid olan və bəşəriyyətin
ürək ağrısını özündə əks
etdirən mövqeləri isə Bakı Bəyannaməsində
işıqlandırılır. "Dəyirmi masa"lar vasitəsilə dialoqun qurulması - ideyalar,
nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat
və müzakirələr üçün platform
formalaşdırılması deməyə əsas verir ki,
Bakı şəhəri həm də intellektual müzakirələr
məkanına çevrilir. Bakıda
keçirilən humanitar forumlarla hər ilin yanvar ayında
İçveçrənin Davos şəhərində təşkil
olunan ənənəvi illik iqtisadi forumlar arasında analogiya
aparanlar, bu mənada haqlı görünürlər. Sadəcə olaraq, Davosda iqtisadi, Bakıda humanitar
yönümlü müzakirələr, konfranslar, debatlar təşkil
edilir.
Sonuncu forumun gedişatı bir daha təsdiqləmişdir
ki, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar
arasında zəngin əməkdaşlıq ənənələri
olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi
üçün ideal məkandır. Forum
iştirakçılarının qənaəti bundan ibarət
olmuşdur ki, qloballaşan müasir dünyada dəyər
sistemləri yenilənir, sosial və mədəni proseslər
sürətlənir, həyatın bütün sahələrində
fundamental dəyişikliklər yaradan siyasi və mənəvi
irəliləyişlər baş verir, əvvəlki tarixi
dövrlərdə cəmiyyətin şüurunda
formalaşmış stereotiplər və sosial təsəvvürlər
dəyişir. Bu şəraitdə elmin və
təhsilin inkişafı, yeni texnologiyaların yaranması,
informasiya cəmiyyətinin təşəkkülü vaxtilə
sırf nəzəri təsir bağışlayan bir sıra
problemləri aktuallaşdırır. Eyni
zamanda, texnoloji inkişafın mədəni və tarixi
ölçüləri yoxdur və o, cəmiyyət
qarşısında yeni çağırışlar müəyyən
edir. Müasir dünyada bu
çağırışlara cavab vermək, dəyişikliklərə
uyğunlaşmaq üçün xalqların bir-biri ilə
daha yaxın və mehriban münasibətlər yaratması
vacibdir.
IV Bakı Beynəlxalq Humanitar Forumu əsasən
müasir biliklərin, humanitar elmin və bütövlükdə
müasir elmin insan həyatı ilə sıx bağlı
olmasına istiqamətlənmişdir. Ümumilikdə,
forumun Azərbaycan paytaxtında keçirilməsi əlamətdar
hadisə olmaqla yanaşı, dövlətimizin beynəlxalq
nüfuzunu daha da artırmışdır. Möhtəşəm
tədbirdə geniş məzmunlu nitq söyləyən
dövlət başçısı İlham Əliyev
demişdir: "Forumun keçirilməsi çox əlamətdar
hadisədir. Artıq bu, gözəl ənənəyə
çevrilib. Forum dördüncü dəfədir
ki, keçirilir. Bu, əslində, onu
göstərir ki, belə müzakirələrə
böyük ehtiyac var. Dünyada gedən proseslər, bəzi
hallarda narahatedici məqamlar tələb edir ki, humanitar sahəyə
daha da böyük diqqət göstərilsin. Əminəm ki, forum çərçivəsində
aparılacaq diskussiyalar, fikir mübadiləsi humanitar əməkdaşlığın
dərinləşməsinə xidmət edəcəkdir.
Biz Azərbaycanda bu sahəyə çox
böyük diqqət göstəririk. Təsadüfi
deyil ki, bu forum da məhz Azərbaycanda keçirilir. Deyə bilərəm ki, hazırda dünyada humanitar
məsələlərin müzakirəsi, təhlilin
aparılması üçün bu forumun müstəsna rolu
vardır. Əlbəttə, buna görədir
ki, foruma maraq durmadan artır. Bu, artıq
beynəlxalq aləmdə önəmli bir formata
çevrilibdir".
Forumda iştirak edən dünyanın nüfuzlu
ictimai-siyasi xadimləri bu tədbirin əhəmiyyəti ilə
yanaşı, ölkəmizin dinamik inkişaf tempi,
xalqımızın tolerantlıq mədəniyyəti barədə
xoş fikir və rəylər bildirmişlər. Məsələn, Rusiya
Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri
Valentina Matviyenko demişdir ki, Rusiya və Azərbaycan
prezidentlərinin təşəbbüsü və himayəsi
ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun
nüfuzu ilbəil artır: "Onu qeyri-rəsmi şəkildə
intellektual Davos adlandırırlar. Mənim fikrimcə,
xüsusən indiki beynəlxalq şəraitdə, humanitar
forumun əhəmiyyəti iri və mühüm beynəlxalq
iqtisadi forumların əhəmiyyətindən heç də az deyil. Bu, qanunauyğun nəticədir
və forumun, həqiqətən, humanist, birləşdirici
xarakterini və onun iştirakçılarının elm, təhsil,
mədəniyyət və incəsənət sahələrində
sıx qarşılıqlı əlaqələri dərinləşdirməyə
yekdilliklə cəhd göstərməsini əks etdirir.
Qeyd etmək lazımdır ki, hələ antik
dövrdə yaranmış humanizm bizim dövrdə də
baza dəyəri olaraq qalır. Bu, insan ləyaqətini
təsdiqləmək, mənəvi dəyərləri həm
gündəlik həyatda, həm də siyasətdə təsbit
etmək istəyidir".
BMT-nin
İnkişaf Proqramının rəhbəri xanım Helen
Klark isə çıxışında son illər Azərbaycanın
elmi innovasiyalar sahəsində qazandığı
uğurları yüksək dəyərləndirmiş, habelə
"ASAN xidmət"i yeni və unikal model kimi səciyyələndirmişdir: "Ötən il Bakı Humanitar
Forumunun plenar sessiyasında Türkiyənin sabiq Prezidenti cənab
Süleyman Dəmirəl Azərbaycanın "qara
qızıl"ının insan kapitalına çevrilməsi
təşəbbüsünün digər ölkələrdə
tətbiqi üçün yaxşı model olduğunu
vurğulamışdı. BMT-nin İnkişaf
Proqramı bu fikirlə razıdır və Azərbaycanın
öz yenilikləri ilə bölüşmək
üçün bir çox digər imkanlarının
olduğunun şahididir. Məsələn,
BMT-nin İnkişaf Proqramı dövlət xidmətlərinə
çıxış üçün vahid pəncərə
olan "Asan xidmət" mərkəzlərinin yaradılmasını
alqışlayır. Yarandığı
gündən etibarən "Asan xidmət" mərkəzləri
tərəfindən göstərilən xidmətlər nəticəsində
doğum şəhadətnamələri, icazə və ictimai
xidmətlər üzrə digər sənədləri əldə
etmək istəyən insanlar üçün gözləmə
vaxtı və xərclər əhəmiyyətli dərəcədə
azalıb. Bunun nəticəsində ictimai
xidmətlərin səmərəliliyi artır və korrupsiya
üçün imkanlar daralır. Bu
yanaşma Azərbaycanda böyük müvəffəqiyyət
qazanmışdır və ictimai xidmətləri müasirləşdirməyə
çalışan digər ölkələrdə də maraq
doğuracaq. BMT-nin İnkişaf
Proqramı "Asan xidmət"in uzunmüddətli
strategiyasının formalaşdırılmasında bu təsisatla
əməkdaşlıq edib".
Ümumilikdə, forumun "dəyirmi masa"larında
müzakirə olunan mövzular da aktuallığı və səmərəliliyi
ilə xüsusi diqqət çəkmişdir. "Rəqəmsal
dövrdə medianın transformasiyası: inkişafın yeni
meyilləri" mövzusunda "dəyirmi masa"nın
gündəliyindəki "Mədəniyyətlərarası
və sivilizasiyalararası dialoqun həyata keçirilməsi
şəraitində XXI əsr jurnalistikasının problemləri",
"Sosial media bumu: informasiya cəmiyyətlərində
jurnalistikanın inkişafının yeni modeli",
"Qloballaşma şəraitində müasir elmin humanitar
problemlərinin işıqlandırılmasında medianın
yeri və rolu" mövzularının hər biri ayrıca
paneldə müzakirə olunmuşdur. Birinci paneldə
müxtəlif KİV platformalarında dialoqun aktual aspektləri,
ikincidə müasir jurnalistikada "sosial media"
adlandırılan yeni hadisənin genezisi və onun ənənəvi
informasiya sənayesinin obyektiv transformasiya prosesinə təsiri,
informasiya cəmiyyətinin bir sıra aktual problemləri,
üçüncüdə isə müasir şəraitdə
sosial məsuliyyət prinsipini reallaşdıran KİV-lərin
yeni dünyada rolu ilə bağlı məsələlər ətrafında
müzakirələr aparılmışdır.
Tədbirdə vurğulanmışdır ki, ənənəvi,
klassik media yeniliyə qarşı çıxmamalı, əksinə,
onunla ayaqlaşmağa çalışmalıdır. Burada
medianın transformasiyası şəraitində
inkişafın yeni meyillərinin, müasir jurnalistikanın
dövrümüz üçün xarakterik olan spesifik problemləri
müzakirə edilmiş, eyni zamanda, medianın
inkişafının müasir trendləri müəyyənləşdirilmişdir.
"Dəyirmi masa"da informasiya təhlükəsizliyinin
təminatı zəruriliyi də vurğulanmış, Azərbaycanın
bu istiqamətdə gördüyü işlərdən
söz açılmışdır.
Forum
çərçivəsində təşkil olunmuş
"Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri:
nəzəriyyədən təcrübəyə"
mövzusunda "dəyirmi masa" da maraqlı müzakirələrdə
yaddaqalan olmuşdur. Altı Nobel mükafatı
laureatçısının iştirak etdiyi tədbirdə
üç panel üzrə molekulyar biologiyanın nailiyyətləri
və perspektivləri ilə bağlı məruzələr
dinlənilmiş, müzakirələr aparılmışdır.
"Müasir mərhələdə molekulyar
biologiyanın nəzəri və tətbiqi aspektləri"
mövzusunda paneldə biotexnologiyanın yaranma tarixindən,
müxtəlif ölkələrdə bu sahədə
aparılmış tədqiqatlardan söz
açılmışdır. Molekulyar
biologiyanın yüksək elm sahəsinə çevrildiyi
diqqətə çatdırılmış,
biotexnologiyaların artıq həyatın bütün sahələrinə
nüfuz etdiyi bildirilmişdir.
Ümumilikdə,
IV Bakı Beynəlxalq Humanitar Forumu qloballaşan dünyada
qarşılıqlı anlaşmanı və digər xalqlara,
dinlərə hörmətlə yanaşmanı əks etdirən
multikulturalizmin, mədəni dialoqun, tolerantlığın
sülh və sabitlik, iqtisadi tərəqqi baxımından nə
qədər vacib və əhəmiyyətli olduğunu
göstərmişdir. Eyni zamanda, beynəlxalq tədbir
bəşəriyyətin üzləşdiyi qlobal
çağırışlara cavab tapılması, mövqelərin
yaxınlaşdırılması, mədəni dəyərlərin
bölüşdürülməsi, elmi müzakirələrin
aparılması baxımından da əhəmiyyətli
olmuşdur. Ümumilikdə, forum sülh
naminə çalışan insanlara dünyada təhlükəsizliyin
təmin olunması və xalqlar arasında dialoqun
inkişafı üçün zəmin yaradır.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2014.- 14 oktyabr.- S.6.