Multikulturalizmin Azərbaycan
modeli –
vahid dəyərlər kompleksinin yeni mərhələsi
Artıq neçə ildir ki, bütün dünyanın tanınmış siyasi, ictimai və elm xadimlərinin diqqətinin məhz Bakıya yönəldiyinin şahidi oluruq. Bu, xüsusilə 2011-ci ildən etibarən Azərbaycanın paytaxtının müasir dünyanın ən əsas müzakirə arenalarından birinə çevrildiyi, beynəlxalq humanitar forumlara ev sahibliyi etməklə "Bakı prosesi"ni müasir siyasi, humanitar, təhsil və mədəni çağırışlarının müzakirə edildiyi platformaya çevirməsi fonunda baş verir.
2014-cü ilin oktyabr ayının 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində söylədiyi nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğulamışdır: "Dünyada gedən proseslər, bəzi hallarda narahatedici məqamlar tələb edir ki, humanitar sahəyə daha da böyük diqqət göstərilsin. Əminəm ki, forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi humanitar əməkdaşlığın dərinləşməsinə xidmət edəcəkdir". Buradan belə bir qənaətə gəlinir ki, Cənubi Qafqaz regionunun aparıcı ölkəsi olmaqla yanaşı, Azərbaycan daha geniş regional və beynəlxalq müstəvidə humanitar problemlərin müzakirəsinə və həllinə öz töhfələrini verməkdə qərarlıdır. Bu, eyni zamanda Azərbaycanın bu sahədə liderliyi artıq öz üzərinə götürdüyündən və özünün yaratdığı nümunə əsasında çoxmədəniyyətli, tolerant və inkişaf edən cəmiyyətlərin birgə yaşaması işində uzunmüddətli məqsədlərə malik olduğundan xəbər verir.
Müasir siyasi və humanitar elm mənsubları, aparıcı media nümayəndələri, dövlət və ictimai xadimləri arasında "Bakı prosesi" kimi tanınan bu beynəlxalq diskurs platforması humanitar problemlərin davamlı və planlaşdırılmış formatda müzakirəsini aktuallaşdırmışdır. Bununla da 2008-ci ilin dekabrında Avropa və qonşu regionların mədəniyyət nazirlərinin Bakıda keçirilmiş konfransında cənab İlham Əliyevin irəli sürdüyü "Bakı prosesi" təşəbbüsü bir beynəlxalq platforma olaraq dünyanın ən aparıcı elm və ictimai xadimlərinə multikulturalizm fenomeninin əsaslarını, o cümlədən daha optimal inklüziv siyasətin özündə nəyi ehtimal etdiyini müzakirəyə çıxartmaq imkanları yaratmaqla mülahizələri əsaslandırmaq üçün açıq diskurs şəraiti yaradır.
Azərbaycan Prezidenti İlham Əliyevin mütəmadi olaraq qeyd etdiyi "Multikulturalizmin alternativi yoxdur" fikri bir dövlətin multikulturalizm ideyalarına sadiqliyinin bariz nümunəsi kimi təqdim edilməklə yanaşı, özündə çoxmədəniyyətliyin, dini tolerantlığın, demokratik institutların, həmçinin elm, təhsil və səhiyyənin daha da inkişaf etdirilməsini, iqtisadi səmərəliliyin artırılmasını ehtiva edir. Başqa sözlə, Azərbaycanın multikulturalizm modeli müasir cəmiyyətlərin inkişafının fövqündə duran dəyərlərini vahid bir kompleks halına gətirir.
İlkin anlamında çoxmədəniyyətlik kimi təqdim edilən multikulturalizm ideyası məzmun baxımından özünün ilkin interpretasiyasından kənara çıxmış və daha geniş məna kəsb etməyə başlamışdır. Özünün daha geniş izahında multikulturalizm bir siyasi-humanitar fenomen kimi xüsusi önəm daşımağa başlamışdır. Başqa sözlə, multikulturalizm verilmiş siyasi coğrafiyada bir çox etnik qrupların birgə yaşaması və onların irsinin qorunması ilə yekunlaşmır. Burada bir sıra digər mühüm faktorlar öz vacibliyini təmin edir.
İlk olaraq multikulturalizm bir həyat tərzi olmaqla, cəmiyyətdaxili və cəmiyyətdənkənar münasibətləri tənzimləyir, daha dəqiq deyilərsə, dar formatda qəbul edildiyi halda mədəniyyətlərin və xalqların daha geniş çərçivədə təqdim edildiyi təqdirdə dövlətlərin və regionların inkişaf konturlarını müəyyən edən münasibətlər sistemini formalaşdırır. Bu münasibətlər sistemi ortaq dəyərlərə əsaslandığı səbəbindən ümumi qəbul edilmiş maraqların təmininə xidmət göstərməklə yanaşı, daha uzunmüddətli perspektivlərə malikdir.
Qeyd edilən vahid dəyərlər kontekstində multikulturalizm bir çox mədəniyyətlərin və dini qrupların vahid coğrafi sərhədlər çərçivəsində birgə yaşaya bilməsi, başqa sözlə, çoxmədəniyyətliyin təmin edilməsi və demokratiyanın bərqərar olması deməkdir. Burada verilmiş siyasi coğrafiya daxilində yaşayan bütün etnik qrupların hər birinin siyasi, dini, linqvistik və digər maraqları nəzərə alınmaqla ümumi bir toplum formalaşır. İstənilən assimilyativ maraqların kənarda qaldığı bu cəmiyyətlərdə inklüziv yanaşma əsas götürülür və cəmiyyət daxilində vahid dəyərlər sistemi formalaşır. Bu zaman istənilən etnik qrupun öz identikliyini qoruması ilə yanaşı, verilmiş siyasi coğrafiya daxilində bu identikliyi inkişaf etdirmək imkanları yaranır. Nəticə etibarilə daha geniş milli özünüdərk prosesi öz əsaslarını götürmüş olur. Milli-mədəni identikliyin formalaşması və onun milli çərçivələrdən kənara çıxmaqla vahid dəyərlər sistemi daxilində ümumi coğrafi identikliyi formalaşdırmasını labüd edir. Özünün çoxmədəniyyətliyi və müxtəlif konfessiyaların cəmləşməsi ilə fərqlənən Azərbaycanda müxtəlif etnik qrupların öz milli identikliyini inkişaf etdirməsi üçün geniş şərait yaradılmış, müvafiq strukturlar və qanunvericilik öz təşəkkülünü tapmışdır. Təsadüfi deyildir ki, ölkə ərazisində yaşayan bütün etnik qrupların maraqları təmin edilir və onların mədəniyyətlərinin inkişafı məqsədilə davamlı siyasət aparılır. Son zamanlar ən yüksək səviyyədə çoxmədəniyyətlik və tolerantlıq məsələlərinə cavabdeh dövlət müşaviri institutunun və Multikulturalizm Mərkəzinin yaradılması ölkədə müxtəlif mədəniyyətlərin inkişafı istiqamətində atılmış növbəti addımlardandır.
Çoxmədəniyyətli məkanda cəmiyyətin bütün tərkib hissələrinin maraqlarının təmin edilməsi əsas meyar olduğu üçün 9 milyondan artıq əhalisinin böyük əksəriyyəti islam dininə mənsub olan Azərbaycan Respublikasında digər inanc və konfessiyaların inkişafı təmin edilməklə ölkədə 21 qeyri-müsəlman icması rəsmi şəkildə qeydə alınmış, pravoslav və katoliklərin 12 kilsəsi, yəhudilərin biri Avropanın ən böyük sinaqoqlarından olmaqla, 6 sinaqoqu fəaliyyət göstərir. Təəssüf ki, bunlarla yanaşı, işğal altında olan Dağlıq Qarabağda məscidlər dağıdılmış, ümumilikdə mədəniyyət abidələri yer üzündən silinmişdir. Müxtəlif mədəniyyətlərin nümayəndələri ölkənin siyasi həyatında fəal iştirak etməklə hökumətdə və parlamentdə öz yerlərini təmin etmişlər. Beləliklə, demokratik quruculuq sahəsində ölkənin bütün mədəniyyətlərinin inklüziv iştirakı təmin edilmişdir.
Demokratiyanın əsasında inklüziv siyasət digər demokratik dəyərlərlə yanaşı, milli-mədəni identikliyin qorunması, sosial ədalət prinsiplərinə əməl olunması və iqtisadi effektivliyi özündə ehtiva edir. Başqa sözlə, verilmiş coğrafiya daxilində yaşayan bütün mədəniyyətlərin qorunması və onların identikliyinin təməlinin bərpa edilməsi və inkişafı siyasi hakimiyyətin fundamental yanaşmasına çevrilir, sosial siyasətin həyata keçirilməsi zamanı isə müxtəlif etnik və dini qrupların linqvistik və dini identikliyinin təmin edilməsi ilə yanaşı, onların daha geniş formatda ümumi siyasi, humanitar və iqtisadi həyata cəlb edilməsinə diqqət göstərilir.
Multikulturalizm inkişaf etmiş cəmiyyət, inkişaf etmiş cəmiyyət isə güclü fərdlər və nəticə etibarilə güclü vətəndaş deməkdir. Multikulturalizmin cəmiyyət daxilində yaratdığı münasibətlər sisteminin əsas qayəsini bütün münasibətlərin mərkəzində yerləşən insan faktoru təşkil edir. Müxtəlif dillərdə danışan və müxtəlif dini inanclara sahib olan mədəniyyətlərin demokratik şəraitdə bir arada yaşaya bilməsi üçün isə insan kapitalının formalaşmasına diqqət yetirilməsi vacibdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası insan kapitalının inkişafı sahəsində ölkədə əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsini prioritet məsələ kimi qarşıya qoymuşdur. IV Humanitar Forumun açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son 10 il ərzində 3 minə yaxın yeni məktəb binasının tikildiyini, təhsilin keyfiyyətinin artırılması məqsədi ilə islahatların aparıldığını vurğulamış, səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırmışdır. Beləliklə, təhsilin, elmin və səhiyyə xidmətinin inkişaf etdiyi, vətəndaş hüquq və vəzifələrin təmin edildiyi şəraitdə güclü vətəndaşa malik olmaq "qara qızılın insan kapitalına" çevrilməsinin əsasını təşkil edir. Bunun nəticəsidir ki, son illər ərzində Azərbaycan davamlı şəkildə Birləşmiş Millətlər Təşkilatı ilə yanaşı, bir sıra digər beynəlxalq maliyyə və iqtisadi təşkilatların indekslərində yüksəlməkdə davam edir, insan kapitalı indeksinə görə Müstəqil Dövlətlər Birliyində ən yüksək pillələrdən birində durur. 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnsan İnkişafı İndeksi üzrə yüksək insan inkişafı ölkələri sırasına daxil olmuş Azərbaycan Respublikasında əhalinin sosial-iqtisadi şəraitinin təkmilləşdirilməsi ilə yanaşı, müxtəlif mədəni irslərə malik olan vətəndaşların mədəniyyətinin və dilinin qorunması və inkişaf etdirilməsi vacib məsələlərdəndir.
Multikulturalizm çiçəklənən region, sülh və əməkdaşlığın təməli və qarantıdır. Cünki çoxmədəniyyətliyin təmin edilməsi xalqların öz milli dəyərlərini qoruması ilə yanaşı, həm də bərabər yaşamağı və digərlərinin milli dəyərlərinə hörmətlə yanaşmasını özündə təlqin edir. Multikulturalizm sülh və əməkdaşlıq deməkdir. Multikulturalizm ideyalarının öz yerini tutduğu regionlarda potensial münaqişə ehtimalları azalır və regional əməkdaşlığın inkişafına zəmin yaranır. Multikulturalizmin inkar edildiyi halda isə əksinə, yeni münaqişə ocaqlarının yaranması və köhnələrin eskalasiyasının şahidi oluruq. Cənubi Qafqaz regionunda da multikulturalizmin vacib prinsipi olan sülh və birgə yaşaya bilmək prinsipinin Ermənistan tərəfindən pozulması ilə regiondaxili sülhün və əməkdaşlığın əsasları zəiflədilmişdir. Bu isə, öz növbəsində, regional əməkdaşlığın və ümumi dəyərləri özündə cəmləşdirən daha geniş strukturlara inteqrasiya olmaq işində problemlər yaradır. Başqa sözlə, multikulturalizmin təmin edilməsi gələcək inkişafın və sülhün fövqündə durmaqla birbaşa olaraq bəşəriyyətin gələcək mənafeyinə xidmət edir.
2011-ci ilin aprel ayının 7-də Ümumdünya Mədəniyyətlərarası Dilaoq Forumunda cənab İlham Əliyev "Azərbaycanda milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu, bizim güc mənbəyimizdir" demişdir. Bu bir daha Azərbaycanda multikulturalizm siyasətinin tolerantlığın, bununla da sülhün, əmin-amanlığın və regional əməkdaşlığın təmin edilməsi baxımından yüksək dəyərləndirlidiyinin sübutudur. Beləliklə, Azərbaycan Prezidentinin təklif etdiyi "Multikulturalizmə alternativ yoxdur" ideyası çoxmədəniyyətliyin təmin edilməsi ilə yanaşı, dini fərqliliyin inkişaf etdirilməsini, demokratiyanın təmərküzləşməsini və vahid dəyərlər ətrafında regional inteqrasiyanın bərqərar olmasını özündə ehtiva edən kompleks dəyərlər sistemidir.
Anar NAĞIYEV,
Azərbaycan Dillər
Universitetinin Regionşünaslıq
və beynəlxalq münasibətlər
fakültəsinin dekanı
Azərbaycan.-2014.- 15 oktyabr.- S.5.