Ənənəvi mediadan dünya informasiya
şəbəkəsinə
transformasiya labüddür
İlk sosial şəbəkə olan Classmate-nin internetdə göründüyü vaxtdan heç 20 il keçməyib. Amma dünya artıq sosial media bumu yaşayır. XXI əsrin əvvəlindən başlayaraq bəşəriyyət transformasiya erasına, praktiki olaraq hər bir dövlətdə sosiumun müxtəlif sektorları arasında qarşılıqlı əlaqələrə əsaslanan sosial münasibətlərin inkişafının yeni mərhələsinə qədəm qoyub. Gündəlik həyatımıza daxil olan internet cəmiyyətin hər bir üzvünü həm informasiya istehlakçısına, həm də informasiya daşıyıcısına çevirib.
Yaxşı və pis xəbər
“Yaxşı xəbər: internetdə hər
şey var. Pis xəbər:
internetdə hər şey var”. Bu ifadə
publisist R.Xoçbrayta məxsusdur. O, internetin qiymətini
obrazlı şəkildə belə verib. İnternetdə
hər şeyin olmasının müsbət və mənfi cəhətlərini
kənara qoyub etiraf etməyə məcburuq ki, o, sözün əsl
mənasında, informasiya məkanında inqilab yaradıb.
İstifadəçilərinin sayının az
qala həndəsi silsilə ilə artması sosial şəbəkənin
ictimai xarakter aldığına əyani sübutdur. 2014-cü
ilin əvvəllərinə olan statistikaya görə,
Facebook-un 1,16 milyard, izləyicilərinin sayına görə
ikinci sırada olan Youtube-un 1 milyard istifadəçisi var. Həmkarlarımın
bir çoxunun fikrincə, sosial media çoxlu sayda informasiya
almaq, ən son xəbərlərlə tanış olmaq
üçün mühüm mənbədir. Eyni
zamanda, belə bir fikirlə də razılaşmamaq olmaz ki,
jurnalistika qaydalarından uzaq olan sosial media informasiyaları,
fakt və hadisələri subyektiv, qeyri-dəqiq, şəxsi
münasibətə uyğun çatdırır. Bu media ənənəvi jurnalistikanın dəqiqlik
və obyektivlik kimi tələblərinə cavab vermir. Bundan əlavə, onlayn istifadəçilər
jurnalistlər kimi sosial məsuliyyət
daşımadıqlarından məsələlərə fərqli
yanaşırlar.
Bu və digər çatışmazlıqlara baxmayaraq,
informasiyanın sosial şəbəkələrdə
yayılması qarşısıalınmazdır. Mənbə və
maddi vəsait azlığı ilə üzləşən
jurnalistikadan fərqli olaraq sosial şəbəkələr
informasiya ötürücü maşına çevrilib.
İştirak etdiyim konfrans və
görüşlərdəki müşahidələrimə əsasən
deyə bilərəm ki, əksər peşəkar jurnalistlər
jurnalistikanın inkişafı üçün sosial mediadan
bir vasitə kimi istifadə edilməsinə tərəfdardırlar.
Burada bir məqama da diqqət yetirmək lazımdır. Proses heç də hər
yerdə eyni templə getmir. Müxtəlif
inkişaf mərhələsində olan ölkələrdə
həmin sosial hadisə özünü bir qədər fərqli
şəkildə büruzə verə bilər. Lakin bütövlükdə cəmiyyətin
informasiyanın ənənəvi media strukturları
hüdudlarından kənarda yaradılması və onun
istehlakı prosesinə inteqrasiyası trendi bu və ya digər
dərəcədə oxşardır.
Qarşıdurma əvəzinə
qarşılıqlı fəaliyyət yaxşı deyilmi?
Sosial jurnalistika cəmiyyətə geniş sirayət
etdikcə ənənəvi KİV sektorunda diplomlu jurnalistlər
ilə cəmiyyətin qalan hissəsi, o cümlədən
internet arasında qarşıdurma nə ilə nəticələnəcək,
üstünlük kimin tərəfində olacaq? Bununla
bağlı mübahisələr uzun müddətdir səngimir.
Bəzən fikirlər üst-üstə
düşür, bəzən haçalanır. Tərəflərin bir-birinə rəqib gözü
ilə baxması hallarına da təsadüf olunur. Bu yaxınlarda bu qarşıdurmanı hətta “soyuq
müharibə” adlandıranlar da oldu. Lakin
vəziyyət doğrudanmı müharibə həddindədir,
doğrudanmı qarşıdurma bu dərəcədə
antaqonistdir? Mənim fikrimcə, heç də
belə deyil. Əlbəttə, ola
bilsin ki, qısqanclıq elementləri var, lakin burada
qeyri-sağlam rəqabətdən daha çox,
qarşılıqlı fəaliyyət müşahidə
olunur.
Təbii ki, bu məsələ, ilk növbədə, ənənəvi
media nümayəndələrini narahat edir. Onlar sosial
şəbəkə auditoriyasının genişlənməsini,
sosial media bumunu televiziya verilişlərinə baxış
reytinqləri və çap məhsullarının
satışı üçün təhdid mənbəyi hesab
edirlər. Lakin onlar, eyni zamanda, özlərini,
peşə fəaliyyətlərini aypədlərdən,
smartfonlardan və sosial şəbəkələrdən
ayrı təsəvvür etmirlər.
Heç
də təəccüblü deyil ki, telekanallara, xəbər
agentliklərinə və ya qəzetlərə əsaslanan
media məktəblərində son dövrdə treninqlərin
çoxu məhz sosial şəbəkələrdə iş
mövzusuna həsr edilir. Bu da internetin peşəkar
jurnalistlər üçün əsas kommunikasiya kanalı
olmasına dəlalət edir. Mənim
fikrimcə, söhbət əslində hansısa “soyuq
müharibə”dən yox, texnologiyaların
qarşılıqlı fəaliyyətindən, bir-birinə
nüfuz etməsindən gedir.
“İnformasiya
girdabında” mayak
Bir
müddət əvvəl IV Bakı Beynəlxalq Humanitar Forumu
çərçivəsində AzərTAc-ın bu mövzuda
təşkil etdiyi “dəyirmi masa” ənənəvi media
nümayəndələrinin məsələyə
baxışlarını növbəti dəfə müqayisə
etməyə, gələcək barədə təsəvvürləri
aydınlaşdırmağa imkan yaratdı. Odur
ki, hələlik şəxsi mülahizələrimi
dayandırıb, həmkarlarımın
çıxışlarından bir neçə məqamı
diqqətə çatdırmaq istərdim. Avstriya Xəbər və Mətbuat Agentliyinin (APA)
baş icraçı direktoru Peter Kropşun fikrincə, xəbər
agentlikləri media məkanında və cəmiyyətdə ənənəvi
rolunu qoruyub saxlamaq üçün rəqəmsal zəmanəmizdə
iki mühüm vəzifəni əsas götürməlidirlər.
Birinci vəzifə istehlakçılar
üçün daha etibarlı və faktlara əsaslanan məlumat
və xəbər istehsal etməkdir. Xəbər
agentliklərini “informasiya girdabında” mayaka bənzədən
P.Kropş hesab edir ki, onların ikinci vəzifəsi
informasiyaların strukturlaşdırılması yolu ilə
KİV-lərin və bütün istifadəçilərin “məlumatlı
olmaqdan anlamağa aparan yolunu” hamarlamaqdan ibarətdir.
Vyetnam Xəbər Agentliyinin baş direktoru Nquyen Duc Loi Forumda belə bir fikir irəli sürdü ki, biz sosial mediadan, həmçinin informasiyanı yaymaq vasitəsi kimi istifadə etməliyik. Unutmamalıyıq ki, bir vaxt elektron saytlar meydana çıxanda qəzetlər öz aqibətindən ciddi narahatlıq keçirməyə başlamışdılar. Twitter və Facebook kimi sosial şəbəkələrin yaranması ilə xəbər saytları da hazırda eyni təhlükə qarşısındadır.
Azərbaycanda da oxşar proseslər yaşanmaqdadır. Bakı Slavyan
Universitetinin yeni media və kommunikasiya texnologiyaları
kafedrasının müdiri Aynur Bəşirlini Azərbaycan
mediasında Facebook statusunun xəbərə çevrilməsi
narahat edir. O, Humanitar Forumdakı
çıxışında ənənəvi mediada xəbərlərin
ictimai önəmliliyinin kəskin surətdə
azalmasının səbəblərindən birini jurnalistlərin
sosial medianın təsiri altına düşməsi ilə
izah edərək soruşur: Əgər sosial media ənənəvi
medianı əvəz edə bilirsə, onda jurnalistlərə,
jurnalistika təhsilinə ehtiyac qalırmı?
Mən mütəxəssisin narahatlığını başa düşür və onunla razılaşıram ki, xəbər agentlikləri nəinki sosial şəbəkənin təsiri altına düşməməli, əksinə Avstriyadan olan həmkarımızın dediyi kimi, “informasiya girdabında” mayak olmağa can atmalıdır.
Zamanın xəbər meyarları: sürət və rahatlıq
Əsrimiz sürət əsri olduğundan xəbəri kimin daha tez və izləyici üçün daha rahat şəkildə çatdırması xüsusi önəm kəsb edir. Sosial mediada xəbərin paylanması və oxunması arasındakı zaman fərqi, demək olar ki, yoxdur. Adətən insanlar onlayn qəzetdəki xəbəri oxumaq üçün tez-tez sayta nəzər yetirməli olurlar. Halbuki sosial media “göndər” düyməsini basan kimi mətn, yaxud foto, video halındakı informasiya dərhal istifadəçilərin ekranlarında görünür. Xəbər və mətbuat agentlikləri məhz bu üstünlükdən istifadə edərək informasiyalarını yaymaq üçün özlərinin sosial şəbəkə hesablarını yaradıblar. Sosial media istifadəçiləri həmin xəbəri paylaşmaqla informasiyanın daha geniş kütləyə çatmasına yardımçı olurlar.
Başqa söhbətdir ki, yeni, bəzən qeyri-adi trendlərdən istifadə etməyə heç də hamı, xüsusən yaşlı nəslin nümayəndələri bir o qədər həvəs göstərmirlər. Amma mən fəxrlə deyə bilərəm ki, bizim agentlik müasir dövrün çağırışından geri qalmır, əməkdaşlarımızın demək olar hamısı, yaş kateqoriyasından asılı olmayaraq, gündəlik işlərində sosial texnologiyalardan geniş istifadə edir. Başqa cür ola da bilməz, çünki əsrimiz kağız və qələm əsri yox, yüksək texnologiyalar əsridir.
Bizim jurnalistlər və redaktorlar öz işlərində Facebook, Youtube, Twitter və başqa sosial şəbəkələrdən yararlanmağa can atırlar. Məxsusi olaraq sosial media vasitəsilə yayılmaq üçün materiallar yaradan, kifayət qədər yüksək səviyyədə multimedia reportajı hazırlayıb təqdim etməyi bacaran ştatlı əməkdaşlarımız var.
Razılaşın ki, bu yeni janr - multimedia reportajı jurnalistin hökmən hadisə yerində olmasını tələb etmir. Bu reportaj real vaxt rejimində yaranır. Əgər bizim jurnalist tədbirdə və ya hadisədə iştirak edirsə, öz müşahidələrini izləyiciləri ilə onlayn rejimdə bölüşür, bu halda izləyici şərhləri həmin jurnalistin materialını faktlar və rəylərlə tamamlayır və dolğunlaşdırır. AzərTAc-ın multimedia reportajları hadisə yerindən operativ fotoşəkillər, hadisə şahidlərinin şərhləri, iştirakçıların və vəzifəli şəxslərin sosial şəbəkələrdə yayılan müsahibələri, habelə videomateriallar və ekspert rəyləri ilə zəngindir. Biz reportajı, yaxud xəbəri əvvəlcə agentliyin saytında yerləşdirmək və yalnız bundan sonra sosial şəbəkələrdə yaymaq yolu tutmuşuq. AzərTAc-ın sosial şəbəkələrdə öz səhifəsi var və bu mənada özümüzün özümüzlə rəqabət aparmağımız məntiqə nə dərəcədə uyğundur? Bizim üçün əsas məsələ baş vermiş hadisə barəsində cəmiyyətə maksimum dəqiq və operativ məlumat çatdırmaq, yoxlanılmamış informasiyanın miqdarını sıfıra endirməkdir.
Yeni texnologiyalar və fərdi brendlər
Sosial media və yeni texnologiyalar praktiki olaraq multimedia
materialları istehsalından ayrılmazdır. İnfoqrafika,
video və audiomateriallar, statistik cədvəllər,
coğrafi-iqtisadi xəritələr – bütün bunlar
multimedia reportajının ən mühüm, analitik tərkib
hissələridir. Vaxtilə qəzetçilərin
xoşladıqları belə bir ənənəvi ifadə
vardı: “Qeydlərimə burada nöqtə qoyuram”. Amma multimedia reportajı son nöqtəni
xoşlamır. Əslində bu,
mümkün deyil, qəbulolunmazdır. Çünki
onlayn reportaj materialın sayta yerləşdirilməsi ilə
bitmir, mövzu üzərində işləyən jurnalist
hadisələrin axarını bir müddət izləməkdə
davam edir. İnformasiyanı apdeyt (update)
formatında tamamlamaq, ona əlavələr etmək
imkanına malik olur. Bu, auditoriyanı yenidən
həmin materiallara qayıtmağa, yaddaşını təzələməyə
və hadisələrin təfərrüatları ilə
maraqlanmağa təşviq edir. Bir neçə on il bundan əvvəl biz özümüz
jurnalist fəaliyyətinə başlayanda, internet haqqında hətta
nəzəri anlayışın belə olmadığı, qəzet
çıxandan sonra öz işimizi bitmiş hesab etdiyimiz
vaxtlarda bütün bunlara nail olmaq mümkün idimi?
Sosial şəbəkələr bütün dünyada
müasir jurnalistikaya ciddi təsir göstərir. Özü də
onlar təkcə nyusmeykerlərdən (“xəbər
yaradanlardan”) və hadisə şahidlərindən
alınmış eksklüziv informasiyanın operativ mənbəyi
olaraq qalmır, həm də öz auditoriyasını
formalaşdırma vasitəsi kimi böyük təsir
gücünə malikdir. Məsələnin
digər mühüm aspekti ondan ibarətdir ki, hər bir
agentlik təkcə kollektiv deyil, həm də fərdi
jurnalistlər deməkdir.
Təbii ki, həmin jurnalistlərin və
reportyorların hər biri çalışdığı
agentliyin ümumi konsepsiyasına və işəgötürənin
ümumi siyasətinə riayət etməyə borcludur. Amma eyni
zamanda, onlardan hər birinin öz fərdi üslubu, öz dəst-xətti
var. Çox vaxt hətta materialın sonunda imza olmasa da, onun
müəllifini müəyyən etmək olur. Əksər hallarda əməkdaşlardan
çoxunun fərdi bloqları, öz agentliklərinin
internet-portallarında ayrıca rubrikalar çərçivəsində
məxsusi guşələri olur. Məhz
bu cür müasir jurnalistlər üçün öz sahəsində
sadəcə məlumatlı yox, həm də səriştəli
mütəxəssis kimi fərdi brendinin formalaşması
böyük əhəmiyyət kəsb edir. Buna görə də onlar təkcə xəbər
agentliyinin əməkdaşları kimi deyil, həm də fərdi
onlayn-bloqların müəllifləri kimi auditoriyanı öz
akkauntuna cəlb etmək yollarını öyrənməlidirlər.
Belə üsullar çoxdur. Məsələn, sensasiyaların
“tvitlənməsi”, haş-teqlərdən istifadə, özlərinin
maraqlı hesab etdiyi məlumatı mənbələrinə
istinad etməklə auditoriya ilə “paylaşma” (sharing) və
sair. Ədalət naminə etiraf etməliyəm
ki, iri media strukturlarının əməkdaşlarının
(mən frilanserləri - “azad sənətkarları” nəzərdə
tutmuram) əksəriyyəti onlayn-bloqingi artıq yük hesab
edir və eyni bir işi nəyə görə iki dəfə
etməli olduqlarını anlamırlar. Buna
görə onlar çox vaxt istinadları Facebook-da bölüşmək
və şərh etməklə kifayətlənirlər.
Bu adamlar çox vaxt haqlı olaraq təəccüblənirlər:
fərdi bloqlar yaratmaq nəyə gərəkdir? Axı onlar nyusmeykerlərin tvitlərini kompilyasiya
edib şəbəkələrdə yerləşdirmək yox,
hadisə yerinə getmək, çəkilişlər aparmaq və
həmin nyusmeykerlərlə canlı ünsiyyətdə olmaq
istəyirlər. Lakin internet nəşrlərin
müəllifləri üçün rəqəmsal
jurnalistikanın gələcəyi məhz peşəkar
“layvbloqinq” formatı ilə bağlıdır.
Gələcəyin ən perspektivli jurnalist peşələri
Zəmanəmiz media kimi, jurnalist peşəsinə də fərqli, müasir yanaşma tələb edir. Bu mənada Moskva Dövlət Universitetinin jurnalistika fakültəsindən olan həmkarım Andrey Vırkovskinin fikirləri ilə razılaşmamaq mümkün deyil: “Bloqlar tədricən ənənəvi KİV-lərin informasiya məkanını onların əlindən alır. İri nəşrlər məşhur bloqqerlərin postlarını öz saytlarında yerləşdirməklə oxucuları cəlb edirlər. Gələcəkdə ənənəvi medianın əsas rəqibi mövcud informasiyanın kompilyasiya edilməsinə əsaslanan jurnalistika olacaq. Orijinal mətnlərdən seçilmiş hissələri birləşdirən, müxtəlif mövqeləri üz-üzə qoyan, gözlənilməz diskussiyaları qızışdıran mahir kompilyator daha bir perspektivli peşədir”.
Bununla əlaqədar bir məqamı xatırlatmaq yerinə düşər. Nüfuzlu “Forbs” jurnalı 2009-cu ildə qlobal trendləri təhlil edərək bu qənaətə gəlib ki, qarşıdakı onilliklərdə jurnalist–aqreqator peşəsi ən çox tələbat olan ixtisaslardan birinə çevriləcək.
Qərbdə sosial jurnalistikanın və ya belə demək mümkündürsə, vətəndaş jurnalistikasının inkişaf təcrübəsi göstərir ki, ənənəvi medianın rəqibləri internet auditoriyada tədricən populyarlıq qazanır. Bu auditoriya televiziya, mətbuat və radio auditoriyasından fərqli olaraq ilbəil genişlənir. Buna görə də şübhə yoxdur ki, ənənəvi medianın dünya şəbəkəsinə transformasiyası labüd olduğu kimi, müasir jurnalistlərin offlayn rejimində işlə onlayn bloqları uzlaşdırması da zəruridir.
İnformasiyanı yeni media vasitəsilə istehlak edənlərin sayının televiziya tamaşaçılarını və ya qəzet oxucularını üstələyəcəyi vaxt yaxındırmı? Yaxud nə qədər uzaqdadır? Bu, klassik medianın çevikliyindən, zəmanənin çağırışlarına nə dərəcədə həssas yanaşmasından, yeni texnologiyaları, müasir brendləri mənimsəmək bacarığından və əlbəttə, maddi vəsaitdən çox asılıdır.
Aslan Aslanov
AzərTAc-ın
Baş direktoru
Azərbaycan.-2014.- 15 oktyabr.- S.5.