Berlində birinci Avropa Oyunlarının təqdimatı olub
Oktyabrın
13-də Almaniyanın paytaxtı Berlin şəhərinin məşhur
mədəniyyət mərkəzlərindən olan Bode muzeyində
Heydər Əliyev Fondunun təşkilatçılığı
və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi
ilə birinci Avropa Oyunlarına həsr olunmuş tədbir
keçirilib.
Tədbirdə
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın sədri olduğu
birinci Avropa Oyunlarının təşkilat komitəsinin fəaliyyətindən
bəhs edilib.
Mərasimdə
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov,
ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov,
Almaniya Bundestaqının Cənubi Qafqaz dostluq qrupunun sədri
Karin Ştrents, Almaniya Olimpiya Komitəsinin prezidenti Alfons
Hörman çıxış ediblər.
Pərviz Şahbazov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Almaniyadakı fəaliyyəti barədə danışıb, Fondun mədəniyyət sahəsində ikitərəfli münasibətlərə verdiyi töhfə haqqında məlumat verib. Səfir, həmçinin ölkələrimiz arasındakı münasibətlərin hazırkı vəziyyəti və inkişafından söhbət açıb.
Çıxış edən Azad Rəhimov Azərbaycanın sürətli inkişafı, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlər, ölkəmizin bir sıra yüksək səviyyəli beynəlxalq yarışlara ev sahibliyi etməsi barədə danışıb.
Nazir tədbir iştirakçılarına Bakda keçiriləcək birinci Avropa Oyunları barədə ətraflı məlumat verib.
Mərasimdə Azərbaycan ilə Almaniya arasındakı tarixi əlaqələr, Heydər Əliyev Fondunun ölkə daxilində və xaricdə mədəni irsin qorunub-saxlanması, mədəniyyət münasibətlərinin təşviq olunması və gənclərin təhsil alması imkanlarının yaxşılaşdırılması istiqamətində gördüyü işlər barədə məlumat verilib. Birinci Avropa Oyunlarına hazırlıq prosesini əks etdirən film nümayiş etdirilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Almaniyanın dövlət katibləri, Bundestaqın deputatları, tanınmış siyasi xadimlər, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun fəalları və Almaniya mətbuatının təmsilçiləri iştirakı ediblər.
Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Berlin
Azərbaycan.-2014.- 15 oktyabr.- S.7.