Forumun Azərbaycan dərsləri
IV Bakı Beynəlxalq Humanitar
Forumu
Bu günlərdə Azərbaycan Respublikasının paytaxtında dördüncü dəfə keçirilən ənənəvi Bakı Beynəlxalq Humanitar Forumunun işi müvəffəqiyyətlə başa çatdı. Azərbaycanda tarixən formalaşmış və uğurla inkişaf etdirilən zəngin mədəniyyətlər, sivilizasiyalar və konfessiyalararası işbirliyi ənənələri, davamlı inkişaf proseslərinin planlaşdırılması və idarə edilməsi sahəsində müasir innovasiyalar ölkənin bəşəriyyətin XXI əsrdə üzləşdiyi qlobal humanitar çağırışların müzakirəsi üçün beynəlxalq ictimaiyyət tərəfindən tanınan mərkəzə çevrilməsini şərtləndirib. Forumun işində 500-ə yaxın görkəmli dövlət və ictimai xadim, alim, o cümlədən 14 Nobel mükafatı laureatı, 60-dan çox ölkədən vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələri təmsilçiləri iştirak edib.
Forumun açılışındakı proqram xarakterli çıxışında Prezident İlham Əliyev bir daha vurğulayıb ki, müasir humanitar inkişaf istiqamətləri Azərbaycanın dövlət siyasətinin prioritetləridir. Dövlət başçısı həmçinin qeyd edib ki, ölkədə gerçəkləşdirilən siyasi kurs milli iqtisadiyyatın sürətli inkişafının sosialyönümlü olmasına istiqamətləndirilib. Bu isə öz növbəsində uğurlu humanitar inkişaf üçün önəmli faktordur.
Qeyd edilənlərin məntiqi nəticəsi kimi iqtisadi inkişafın humanitar aspektləri forumda müzakirəyə çıxarılan əsas mövzulardan idi və bu məsələlər əsasən davamlı inkişaf və ekoloji sivilizasiyaya həsr olunmuş "dəyirmi masa"da araşdırılırdı. "Dəyirmi masa"nın həmsədrləri Litva Respublikasının sabiq prezidenti Vitautas Landsbergis, Nobel mükafatı laureatları ABŞ-dan olan professorlar Robert Laflin və Corc Smut, həmçinin bu məqalənin müəllifi idi.
Bəlli olduğu kimi, BMT-nin təşəbbüsü ilə 190-dan artıq ölkə və 23 beynəlxalq qurum tərəfindən qəbul edilmiş Minilliyin İnkişaf Məqsədləri, eyni zamanda 2015-ci ildən sonrakı dövrün gündəliyinə əsasən davamlı inkişaf, onun müxtəlif aspektləri XXI əsrin prioritetləri kimi müəyyənləşdirilib və "gələcəksiz inkişaf", "qeyri-bərabər inkişaf" kimi neqativ tendensiyaların aradan qaldırılmasına yönəldilib. Davamlı inkişaf həmçinin "Azərbaycan 2020: gələcəyə baxış" milli inkişaf konsepsiyasının da prioritetidir. Davamlı inkişaf elə dövlət planlaşdırması və idarəetmə metodlarının tətbiqini nəzərdə tutur ki, onlar indiki nəsillərin rifahını təmin etməklə yanaşı, gələcək nəsillərin inkişaf imkanlarını məhdudlaşdırmır. Bu problemlərə həsr edilmiş "dəyirmi masa" da müxtəlif ölkələrdə davamlı inkişaf və ekoloji sivilizasiya məqsədlərinin gerçəkləşdirilməsi üçün həyata keçirilən siyasi kursların səmərəliliyindən bəhs olunub. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu istiqamətdə Azərbaycanın təcrübəsi olduqca pozitiv və diqqətəlayiqdir. Bu fakt bir çox beynəlxalq qurum və müstəqil ekspertlərin hesabatlarında öz əksini tapıb. Ölkəmizin davamlı inkişaf proseslərinin planlaşdırılması və idarə edilməsi sahəsində uğurları sayəsində bu gün Azərbaycan dünya liderləri - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv dövlətlər, həmçinin "Böyük yeddilik" (G 7) və dünya istehsalının 80 faizini təmin edən "Böyük 20-lik" (G 20) qrupuna aid dövlətlərlə müqayisə olunacaq durumdadır. Bu, eyni zamanda davamlı inkişaf edən cəmiyyətin formalaşdırılmasında dövlət qurumları ilə yanaşı, ictimai təşkilatların fəal iştirakının təzahürüdür. Sözügedən prosesdə Heydər Əliyev Fondu, onun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müstəsna rolu da xüsusi qeyd olunmalıdır. Onun ölkə daxilində və xaricdə təhsil, elm, mədəniyyət sahəsində fəaliyyəti davamlı inkişaf və ekosivil cəmiyyətə keçid astanasında olduqca önəmli faktor kimi dəyərləndirilməlidir.
Bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın ən dinamik inkişaf edən ölkəsidir. Dünya Bankının 2014-cü ilin avqustunda dərc olunmuş bilgilərinə görə Azərbaycan Respublikasının iqtisadiyyatı 2003-2013-cü illərdə 3,5 dəfə artıb. Bu, həm postsovet məkanında, həm də "Böyük yeddilik" (G 7) və "Böyük 20-lik" (G 20) ölkələri arasında qeydə alınan ən yüksək artım göstəricisidir. Göstərilən zaman kəsiyində daha diqqətçəkən artım "20-lik qrupu"na aid dövlətlərdə müşahidə olunub. Həmin qrupa ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Çin, Hindistan, Braziliya, Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı, İndoneziya, Meksika və bir sıra digər ölkələr daxildir. Şəkil 1-də Azərbaycanın iqtisadi artım göstəriciləri məhz bu ölkələrlə müqayisədə təqdim olunub. Dünya Bankının hesabatlarına əsasən tərtib olunmuş qrafikdən də göründüyü kimi, 2003-2013-cü illərdə 3 dəfədən çox iqtisadi artım ancaq Çində və Azərbaycanda müşahidə edilib. Maraqlıdır ki, eyni dövrdə Çində iqtisadi göstəricilər 3,1, Azərbaycanda isə 3,5 dəfə artıb. Qeyd olunan ölkələrin milli iqtisadiyyatlarının miqyası müxtəlif olsa da, bu göstəricilərin adambaşına hesablanması nəticəsində ölkəmizin uğurları daha çox diqqət çəkir. Bu, inkişaf proseslərinin planlaşdırılması və idarə edilməsi sahəsində düzgün milli siyasətin gerçəkləşdirilməsi sayəsində mümkün olub. Davamlı inkişaf və ekoloji sivilizasiya problemlərini müzakirə edən forum iştirakçıları da müzakirələr sonucunda bu həqiqəti təsdiqləyiblər.
Şəkil 1. 2003-2013-cü illərdə adambaşına ÜDM-in artımı: "Böyük 20-lik"(G 20) və Azərbaycan Respublikası.
(Mənbə:
http://dat,a.worldbank.org/indicator/NY.GDP.PCAP.PP.CD, Avqust 2014-cü il)
Artıq qeyd olunduğu kimi, davamlı inkişafın
başlıca xüsusiyyəti indiki nəslin rifahını təmin
edən və gələcək nəsillərin inkişaf
imkanlarını məhdudlaşdırmayan siyasətin
reallaşdırılmasıdır. Bu sahədə
dövlət siyasətinin uğuru beynəlxalq təşkilatlar
tərəfindən müəyyənləşdirilən
xüsusi statistik göstəricilər əsasında qiymətləndirilir.
Davamlı inkişafın başlıca göstəricilərindən
biri ümumdaxili məhsulun (ÜDM) istehsalı
üçün enerji sərfi göstəricisidir. Belə yanaşma həm milli maraqlara cavab verir, həm
də beynəlxalq prioritetlərə uyğundur. Bir tərəfdən resursların, o cümlədən
enerji resurslarının rasional istifadəsi səmərəli
iqtisadiyyatın tələbləri sırasındadır.
Digər tərəfdən belə yanaşma
lokal və qlobal ekologiya sahəsindəki problemlərin
çözülməsinə, eyni zamanda hazırda
bütün bəşəriyyət üçün aktual
problemə çevrilən qlobal iqlim dəyişikliklərinə
təsirlərin azalmasına xidmət edir. Bununla bağlı olaraq davamlı inkişafın
göstərilən indikatorunun monitorinqi beynəlxalq təşkilatlar
tərəfindən xüsusi dəqiqliklə həyata
keçirilir. Bu metodikaya əsasən
enerjidən istifadə səmərəliliyinin qiymətləndirilməsi
zamanı onun köməyi ilə istehsal olunmuş ÜDM-in dəyəri
ABŞ dolları ilə müəyyənləşdirilir.
Müxtəlif ölkələrdə
dolların alıcılıq qabiliyyəti fərqli
olduğundan, bu zaman hər bir ölkə üçün
Dünya Bankı tərəfindən hesablanan
alıcılıq pariteti nəzərə alınmaqla, beynəlxalq
dollardan istifadə olunur. Enerji vahidi kimi
onun bir kiloqram neftdə olan ekvivalenti götürülür.
Enerji mənbələri müxtəlif ola
bilər, lakin onun ekvivalenti kimi bir kiloqram neftdəki həcminin
seçilməsi ölkələr arasında müqayisə
aparmaq zərurətindən irəli gəlir: konkret zaman kəsiyində
neftin qiyməti dünyada bütün ölkələr
üçün eynidir. Aydındır ki, beynəlxalq
qurumlar belə qiymətləndirmələr aparmaq
üçün bütün dünya üzrə bilgilərin
toplanması və təhlilinə xeyli vaxt sərf edirlər.
Bu üzdən də 2014-cü ildə beynəlxalq
təşkilatlar 2011-ci ilə aid bilgiləri yayıblar.
Qeyd etmək lazımdır ki, Azərbaycan
Respublikasında 2003-2011-ci illər arasında bir kiloqram neftdə
olan qədər enerji sərfi hesabına istehsal olunmuş
ÜDM-in dəyəri əhəmiyyətli dərəcədə
artıb. Şəkil 2-də 2014-cü ildə Vaşinqtonda
Beynəlxalq Bankın dərc etdiyi materiallardan
götürülmüş bilgilər əksini tapıb.
Şəkil 2. Azərbaycan Respublikası: bir enerji vahidinin (1 kq neftdə
olan enerjinin ekvivalenti) sərfi nəticəsində istehsal
olunmuş ÜDM (ABŞ dolları alıcılıq pariteti nəzərə
alınmaqla, 2011-ci ilin qiymətləri).
(Mənbə:http://data.worldbank.org/indicator/EG.GDP.PUSE.KO.PP.KD?page=2,
Avgust, 2014)
Şəkildən
də göründüyü kimi, göstərilən zaman
çərçivəsində enerji sərfi səmərəliliyi
ölkədə 2,5 dəfədən
çox artıb. Ehtimal etmək olardı ki, bu
durum ölkə iqtisadiyyatının spesifikliyi ilə
bağlıdır. Belə ki, milli
iqtisadiyyatda neft və qazın istehsal və ixracının
payı yüksəkdir. Ona görə də forumda bu məqalənin
müəllifi tərəfindən dünyanın digər neft
və qaz istehsalçısı və ixracatçısı
olan bir sıra ölkələrdə sözügedən
indikatorları xarakterizə edən müqayisəli bilgilər təqdim
olundu. Bu müqayisənin nəticələri
Şəkil 3-də əksini tapıb.
Şəkil 3. Bir enerji vahidinin (1 kq neftdə olan enerjinin ekvivalenti) sərfi
nəticəsində istehsal olunmuş ÜDM (ABŞ
dolları alıcılıq pariteti nəzərə
alınmaqla, 2011-ci ilin qiymətləri)
(Mənbə:http://data.worldbank.org/indicator/EG.GDP.PUSE.KO.PP.KD?page=2,
Avqust, 2014)
Görünən odur ki, 2003-cü illə müqayisədə
karbohidrat ixrac edən bütün ölkələr ÜDM
istehsalı üçün enerji sərfi səmərəliliyini
artırıblar. Lakin Azərbaycan Respublikasında bu proses daha
böyük effekt verib. Dünya Bankının siyahısında 2003-cü
ildə son yerlərdən birini tutan ölkə hazırda həmin
göstəriciyə görə, Küveyt, BƏƏ,
Venesuela, Qazaxıstan və başqalarını geridə
qoyub. Bu il Azərbaycan davamlı
inkişafın eyni göstəricisinə əsasən ötən
il geridə qaldığı Norveçi də qabaqlayıb.
Bəlli olduğu kimi, Xəzəryanı ölkələrin
də hamısı karbohidrat istehsalçısı və
ixracatçısıdırlar. Hazırda Azərbaycan bu istiqamətdə Xəzəryanı
regionda şəksiz liderə çevrilib. Lakin bu halda müqayisəli təhlilə davamlı
inkişafın digər indikatoru - 1000 ABŞ dolları dəyərində
ÜDM-in istehsalı üçün istifadə olunan enerji sərfi
göstəricisi cəlb edilib. Forum
iştirakçıları bu faktları inkişaf proseslərinin
Azərbaycan iqtidarı tərəfindən səmərəli
idarə edilməsi göstəricisi kimi dəyərləndirdilər
və təcrübənin öyrənilməsi və tətbiqini
tövsiyə etdilər.
Cədvəl.
1000 ABŞ dolları dəyərində ÜDM
(alıcılıq pariteti nəzərə alınmaqla)
istehsalı üçün enerji sərfi: Azərbaycan və
Xəzəryanı ölkələr.
(Mənbə:data.worldbank.org/indicator/EG.USE.COMM.GD.PP.KD,24 August, 2014)
Eyni zamanda, forumda davamlı inkişaf məsələlərinin
müzakirəsi və müxtəlif ölkələrin bu sahədə
nailiyyətlərinin qiymətləndirilməsi zamanı bir
daha vurğulandı ki, Azərbaycan bu göstəricilərə görə "Böyük
yeddilik" (G 7) və "Böyük 20-lik" (G 20)
qrupundan olan lider ölkələr sırasına
qatılıb.
Şəkil 4-də
"Böyük yeddilik" ölkələri və
Azərbaycanda ÜDM istehsalı üçün enerji sərfi
səmərəliliyi göstəriciləri müqayisə
edilib. Şəkildən göründüyü
kimi, ölkəmizdə davamlı inkişafın bu indikatoru həm
göstərilən qrup dövlətlər üçün
orta göstəriciləri, həm də ayrı-ayrı
ölkələrin göstəricilərini üstələyir. Resursların ölkəmizdə belə
effektli idarə edilməsi üsulu, iqtisadiyyatla yanaşı,
ekoloji cəhətdən də önəmlidir və qlobal iqlim dəyişikliklərinin
qarşısının alınmasına yönəlik beynəlxalq
səylərə məsuliyyətli yanaşmadan xəbər
verir.
Azərbaycan Respublikasının indiki və gələcək
nəsillərin maraqları naminə davamlı inkişaf
proseslərinin planlaşdırılması və idarə
edilməsi sahəsindəki uğurları eyni zamanda bu istiqamətlərdə
insan potensialının formalaşdırılmasına yönəlmiş
milli siyasətin nəticəsidir. Bu siyasətin
qabaqlayıcı xarakter daşımasını təsdiqləyən
daha bir fakt. BMT və UNESCO 2005-2014-cü
illəri davamlı inkişaf sahəsində təhsil onilliyi
elan ediblər. Bu barədə sənəd 2005-ci ilin
fevralında Nyu Yorkda BMT-nin baş katibi Kofi Annan və UNESCO-nun
baş direktoru Koişiro Matsuuri tərəfindən
imzalanıb (Mənbə: UNİS/UNF63, February 28, 2005).
Ümummilli lider Heydər Əliyevin təsdiqlədiyi Təhsil
konsepsiyasına uyğun olaraq, Azərbaycanda bu prosesə
göstərilən tarixdən 4 il əvvəl
start verilib. Konsepsiyaya əsasən, Təhsil
Nazirliyinin əmri ilə 2001-ci ildə davamlı insan
inkişafı orta ümumtəhsil məktəblərinin tədris
proqramlarına salınıb. 2003-cü ildə
Azərbaycanda davamlı insan inkişafına dair orta məktəbləri
üçün ilk dərs vəsaiti nəşr edilib.
Bu barədə informasiyanı BMT "innovativ ideya və fəaliyyət"
kimi bütün dünyaya yayıb (Mənbə:
http://hdr.undp.org/nhdr/impact, Desember 19, 2005). Cənab İlham
Əliyevin "qara qızıl"ın "insan
qızılı"na transformasiyası ilə bağlı
konsepsiyası, bu istiqamətdə praktiki fəaliyyəti, o
cümlədən təhsil, sağlamlıq və idman sahəsində
atılan önəmli addımlar sözügedən siyasətin
səmərəliliyinin və uğurla inkişaf etdirilməsinin
real təzahürüdür. Bu prosesdə Heydər
Əliyev Fondu, onun prezidenti Mehriban Əliyevanın xüsusi
rolu danılmazdır. Heydər Əliyev
Fondunun "Yenilənən Azərbaycana yeni məktəb"
Proqramı, digər layihə və proqramlar insan
potensialının formalaşdırılması işinə
ciddi töhfələrdir.
Ekoloji sivilizasiyaya keçidə hazır cəmiyyətin
formalalaşdırılmasında xüsusilə gənclər
və gənclər təşkilatlarının mühüm
rol oynaya biləcəyi barədə fikirlər səsləndirilib. Forumda bu
baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təsisçisi və rəhbəri
olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq
dialoq) kampaniyasının fəaliyyəti müsbət örnək
kimi qəbul edilmişdir.
Şəkil 4. Bir enerji vahidinin (1 kq neftdə olan enerjinin ekvivalenti) sərfi
nəticəsində istehsal olunmuş ÜDM (ABŞ
dolları alıcılıq pariteti nəzərə
alınmaqla): "Böyük yeddilik" (G 7) ölkələri
və Azərbaycan Respublikası.
(Mənbə:http://data.worldbank.org/indicator/EG.GDP.PUSE.KO.PP.KD?page=2),
August, 2014
Forumdakı giriş nitqində Prezident İlham Əliyev ölkədə inkişaf proseslərinin planlaşdırılması zamanı gerçəkləşdirilən siyasətin sosialyönümlü olmasına bir daha diqqət çəkib. Elə davamlı inkişafa həsr olunmuş "dəyirmi masa" da dünyanın müxtəlif ölkələrində humanitar inkişaf sahəsində əldə edilmiş nəticələr müzakirə olunub. Forum iştirakçılarının diqqətinə Azərbaycan Respublikasının sosial inkişafını xarakterizə edən və beynəlxalq qurumların yaydığı bilgilər çatdırılıb. Bu məqsədlə Cini əmsalı kimi indikatorlar, həmçinin əhali gəlirlərinin paylanmasının kvintil təhlili nəticələrindən istifadə olunub. Cini əmsalı əhali arasında gəlirlərin bərabər paylanmasını xarakterizə edir və 0-la (tam bərabərlik) 100 (tam qeyri-bərabərlik) arasında dəyişə bilər. Dünyanın heç bir yerində tam bərabərlik və ya tam qeyri-bərabərlik müşahidə olunmur. Bu da tam ədalətlidir. Çünki tam bərabərlik motivasiya etmir, tam qeyri-bərabərlik isə insan potensialının fərdi inkişafını perspektivsiz edir. Bu baxımdan Cini əmsalının ən aşağı milli göstəricisi 30-a yaxındır ki, bu da sosial siyasətin yüksək səviyyəsindən xəbər verir. Şəkil 5-də bu sosial indikatorun "20-lik qrupu" (G 20) ölkələri və Azərbaycan üçün göstəriciləri tutuşdurulub.
Şəkil 5. Cini əmsalı: "Böyük 20-lik" (G 20) ölkələri və Azərbaycan Respublikası.
(Mənbə:
Human Development Report, UNDP, New York, 2014)
Göründüyü kimi, Azərbaycanın sosial
inkişafın planlaşdırılması və idarə
edilməsi sahəsində uğurları olduqca diqqətçəkəndir
və bir sıra Avropa Birliyi ölkələrinin göstəricilərini
belə kölgədə qoyur. Bu faktlar kvintil təhlil
nəticələri ilə də təsdiqlənir. Sosial
siyasətin kvintil (20 faiz) qrupları üzrə göstəricilər
əsasında qiymətləndirilməsi zamanı ən
çox gəlirləri olan 20 faiz əhalinin orta gəliri ilə ən az gəlirləri
olan 20 faiz əhalinin orta gəlirlərinin nisbəti müəyyənləşdirilir.
Bu rəqəm nə qədər
aşağı olarsa, ölkədə gerçəkləşdirilən
sosial siyasət bir o qədər səmərəli hesab edilir
(Şəkil 6). Göründüyü
kimi, Azərabaycan Respublikasının bu sahədə əldə
etdiyi nailiyyətlər bir sıra inkişaf etmiş ölkələrdən
daha üstündür.
Şəkil 6. Əhalinin gəlirlərinin paylanmasının kvintil təhlili:
"Böyük 20-lik" (G 20) ölkələri və Azərbaycan
Respublikası.
(Mənbə:
Human Development Report, UNDP, New York, 2014)
Forum
iştirakçılarının gəldiyi yekun qənaət
belə oldu ku, ölkə rəhbərliyinin mükəmməl
idarəçiliyi sayəsində Azərbaycanın
qazandığı uğurlar gündən-günə
artır və bu örnək təcrübənin öyrənilməsi
və təbliği bütün dünyada humanitar inkişaf məqsədlərinə
daha tez çatmaq və gözəl gələcək qurmaq
yolunda mühüm addım ola bilər.
Əldə edilmiş nailiyyətlər forumun bəyannaməsində
öz əksini tapmışdır.
Urxan
ƏLƏKBƏROV,
Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik
Akademiyasının rektoru, akademik
Azərbaycan.-2014.- 16 oktyabr.- S.5.