Elmin və mənəviyyatın zirvəsində

 

Tarixin bütün mərhələlərində cəmiyyətlərin mütərəqqi ruhda inkişafı məhz sağlam əqidəli, xalqa, dövlətə sədaqətli xidməti həyat kredosuna çevirərək bu yolda hər cür məhrumiyyətlərə sinə gərən, prinsipial xarakterli şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olub. Belə nəcib insanlar qısa zamanda cəmiyyətin sayılıb-seçilən şəxsiyyətlərinə çevrilib, üzərlərinə düşən sosial məsuliyyəti düzgün dəyərləndiriblər.

Mənəvi meyarların yad təsirlərə məruz qaldığı indiki "sürət əsrində" saf həyat idealı, şəxsiyyətinin bütövlüyü, əqidəsinin dürüstlüyü, mənəviyyatının kamilliyi ilə fərqlənən ləyaqətli insanların cəmiyyətdəki müstəsna yerirolu daha qabarıq görünür. Əslinə qalsa, saxta idealların sürətlə irəliyə "can ataraq", mənəvi aşınmaya yol açdığı çağımızda yaxşı insan, nəcib şəxsiyyət, mənəviyyatlı ziyalı məfhumları xüsusilə aktualdır: xalqımız belə ləyaqətli ziyalıları, elm xadimləri ilə qürur duyur, onları özünün milli sərvəti kimi zamanın amansız təlatümlərindən, sərt fırtınalarından qorumağa çalışır. Qarşıya qoyduqları ülvi məqsədlərlə tamamilə təmənnasız olan belə dəyərli insanlar xalqımızın özünəməxsus keyfiyyətlərini, zəngin mənəvi aləmini parlaq şəxsiyyətlərində, müdrik əməllərində təcəssüm etdirirlər. 

Şərəfli ömür yolu, elmə səmimi bağlılığı, yüksək vətəndaş mövqeyi, aktiv ictimai-siyasi fəaliyyəti ilə cəmiyyətin dərin rəğbətini qazanmış belə dəyərli alimlərdən biriakademik İsa Həbibbəylidir. Xüsusi təqdimata ehtiyacı olmayan bu nəcib insan - ədəbiyyatşünaslıq elminin görkəmli siması bütün mənalı ömrü boyu insanlığın zinəti sayılan safmunis dəyərləri parlaq xarakterində cəmləşdirib. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq, elm kahkəşanında sahib olduğu zirvəyə uzun illərin gərgin zəhməti, yuxusuz gecələri, məqsədə doğru əzmlə irəliləməsi sayəsində yetişən, ömrünün 40 ildən çoxunu peşəkar elmi fəaliyyətə həsr edən İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslıq elmində özünəməxsus irs yaradaraq, milli humanitariyanın sanballı ədəbi incilərlə zənginləşməsinə əvəzsiz töhfələr verib.

Akademik İsa Həbibbəyli bütün ruhu ilə yaradıcı şəxsiyyət olduğu üçün daxildən gələn tükənməz enerji ilə çalışır, qarşıya qoyduğu hədəflərə yetişmək məramıyla hər cür əziyyətə qatlaşır, zəhmətdən usanmır. Yüksək alimlik və tədqiqatçılıq keyfiyyəti həyat amalından, daxili aləmindən qaynaqlanaraq onu ədəbi, həm də əbədi bir məsuliyyətə məhkum edib. İsa müəllim həm də xalqın içindən çıxaraq onun mövcudluğunu, özünəməxsusluğunu şərtləndirən bütün mənəvi-əxlaqi dəyərləri, müsbət keyfiyyətləri qoruyub saxlayan, gələcək nəsillərə çatdırmağa çalışan dəyərli ziyalıdır.

***

Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır. İsa Həbibbəylinin doğulub boya-başa çatdığı və həyat barədə ilkin təsəvvürlərinin formalaşdığı mühitözünün əlahiddəliyi ilə seçilir. Uşaqlıqdan əhatə olunduğu yüksək mənəvi-əxlaqi dəyərlər onun xarakterinə, ruh dünyasına hopub.

Görkəmli alim 1949-cu il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik - Danyeri kəndində ziyalı ailəsində dünyaya göz açıb. Onun nəsil-şəcərəsi hələ qədim zamanlardan etibarən bu kənddə yaşayıb. "Danzik" sözünün etimoloji mənası "Kitabi-Dədə Qorqud" dastanlarındakı "dansux" sözündən olub, "erkən dan çıxan yer" mənasını ifadə edir. Səhərin açılışını simvolizə edən bir adı daşıyan kənddə çoxlu sayda zülmətə işıq saçan nurlu insan, irfan sahibi yetişib.

Atası Əkbər müəllim bu kəndin, ümumilikdə el-obasının nüfuzlu müəllimlərindən, ziyalılarından idi, erkən yaşlarından övladlarında da təhsilə, elmə böyük maraq yaratmışdı. Halal ailədə dünyaya göz açan, yüksək mənəvi dəyərlər ruhunda tərbiyə alan, fitri istedadı, yüksək təhsil almaq məramı ilə məktəb illərindən müəllimlərini heyrətləndirən gənc İsa Həbibbəyli kainatın və mənəvi dünyanın sonu görünməyən suallarına aydınlıq gətirmək, bənzərsiz pedaqoji aləmə daxil olmaq üçün peşə seçimini düzgün müəyyənləşdirdi - müəllim olmaq arzusu ilə 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialına daxil oldu. Tələbəlik dövründə Azərbaycan dili və ədəbiyyatı ixtisasına mükəmməl şəkildə yiyələnən İsa Həbibbəyli ictimai həyatda da fəallığı ilə diqqəti çəkirdi. O, APİ-nin Naxçıvan filialı üzrə Tələbə-Elmi Cəmiyyətinin sədri seçildi və beləliklə də gələcək həyat yolunu düzgün müəyyənləşdirdi. Vaxtilə təhsil aldığı kənd məktəbində müəllimliyi qısa sürdü, o, daha böyük məktəblərə üz tutmaq niyyətində idi. Elə bu məramla da 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasına daxil oldu.

***

Elmdə yüksək pillələri qət etmək, əslində, hər bir tədqiqatçı-alimin arzusudur. Lakin bu nəcib istəyi, niyyəti xalqın, dövlətin mənafeyi naminə yönəldib səmərəli nəticələr əldə etmək xüsusi istedad, qabiliyyət və zəhmətsevərlik tələb edir. Bu mənada, İsa Həbibəylinin elm yollarında əldə etdiyi uğurlar onun böyük istedada və yüksək erudisiyaya malik, əzmkar tədqiqatçı olmasından irəli gəlir. Məhz bu keyfiyyətləri sayəsində 1980-ci ildə "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətləri" mövzusunda dissertasiya işi müdafiə edən İsa müəllim elmdə təsadüfi insan olmadığını bir daha təsdiqlədi. Yüksək elmi siqləti ilə seçilən dissertasiya işində Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Əlibəy Hüseynzadə kimi görkəmli ədəbi simaların şeir yaradıcılığının poetikasından  bəhs edilirdi. Elmi fəaliyyətini davam etdirən görkəmli alim XX əsrin əvvəllərində Azərbaycan ədəbi mühitinə sanballı möhürünü vurmuş görkəmli ədib Cəlil Məmmədquluzadə ilə bağlı araşdırmalara geniş yer verən "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" mövzusunda doktorluq dissertasiyasının üzərində inadcıl elmi axtarışlara başladı və bu işiuğurla yekunlaşdırdı.

Ümumiyyətlə İsa Həbibbəylinin elmi axtarışlarında Azərbaycanın böyük ədibi Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı mühüm yer tutur. Alim kitab və monoqrafiyalarında Cəlil Məmmədquluzadə ədəbi irsinin ictimaiyyətə dolğun, hərtərəfli və elmi səviyyədə çatdırılmasına nail olub. Bütün bu reallıqlar fonunda İsa Həbibbəylini Mirzə Cəlilin "mənəvi övladı" da adlandırmaq olar. Mirzə Cəlil ruhu, nuru, ziyası İsa müəllimin bütün elmipedaqoji fəaliyyəti boyu daim yolunda mayaka çevrildi.  Qiymətli elmi yeniliklərlə, çoxsaylı nadir arxiv sənədləri ilə zəngin olan bu tədqiqatlar əhəmiyyətli elmi qənaətləri ilə də seçilir. Bu sırada "Cəlil Məmmədquluzadə" (1987), "Zamanın dühası" (1993), "Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə" (1994), "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" (1997) və digər sanballı əsərləri qeyd etmək olar. Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddinin) bütün əsərlərinin ilk dəfə "Klassik Azərbaycan ədəbiyyatı" seriyasından dörd sanballı cilddə kütləvi tirajla nəşr edilib oxuculara çatdırılması da İsa Həbibbəylinin müasir ədəbiyyatşünaslıq elminə verdiyi sanballı töfhələrdəndir. İsa Həbibbəyli Azərbaycan Cəlil Məmmədquluzadəşünaslığının yeni dövrünü - yeni  mərhələsini yaratmışdır.

Görkəmli alim hələ 1989-cu ildə Cəlil Məmmədquluzadənin övladlarının taleyini öyrənmək məqsədilə "Odlar yurdu" qəzetində "Ənvəri kim tanıyır?" adlı məqalə dərc etdirərək axtarışlara başladı. Məhz bu axtarışlar nəticəsində görkəmli ədibin nəslinin davamçılarının Fransada, İrandaPolşada yaşadıqları müəyyən olundu. İsa Həbibbəylinin böyük Mirzə Cəlil Məmmədquluzadənin nəvə və nəticələri ilə Tehranda və Parisdə görüşməsi, onlarla əlaqələr yaratması ədəbi-ictimai fikir tariximizin əhəmiyyətli hadisəsidir. 1990-cı ildə isə görkəmli ədibin yeni tapılmış "Ər", "Lənət" və "Oyunbazlar" adlı naməlum pyesləri BDU-nun nəşriyyatında kitab halında nəşr edildi. Azərbaycan ədəbiyyatının görkəmli siması, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar İsa Həbibbəylinin araşdırmalarının yüksək elmi dəyərə malik olduğunu vurğulayır: "Böyük demokrat yazıçının tərcümeyi-halının yenidən öyrənilməsi, ədibin nəsil şəcərəsinin müəyyən edilməsi, nəvə-nəticələrinin aşkara çıxarılması İsa müəllimin adı ilə bağlıdır. O, fədakar mirzəcəlilşünas alim olduğunu sübuta çatdırmışdır".

***

22 yaşından müəllimliyə başlayanakademik zirvəyədək şərəfli yol keçən, qəlbinin odunu və hərarətini, mənalı ömrünün ən qaynar illərini sanballı filoloji tədqiqatların aparılmasına həsr edən İsa müəllim 14-ü əcnəbi dildə olmaqla, 69 kitabın, 300-dən çox elmi məqalənin, 500-dən artıq qəzet yazılarının müəllifidir. Görkəmli alimin əsərlərinin böyük əksəriyyətində ötən əsrin əvvəllərində yaşamış və fəaliyyət göstərmiş ictimai-ədəbi fikrin görkəmli nümayəndələrinin yaradıcılığının tədqiqi mühüm yer tutur. Tanınmış alim çoxsaylı əsərlərində Azərbaycan ədəbiyyatını, folklorunu, incəsənətini filoloji düşüncə sistemini özünəməxsus tədqiqatçılıq əzmi ilə tədqiq etməklə yanaşı, həm də bu sahədə qarşıda duran vəzifələri ətraflı tədqiq edib, maraqlı fikir və mülahizələr irəli sürmüşdür. İsa Həbibbəyli yaradıcılığında azərbaycançılıq ideyasının tərənnümü və araşdırılması, habelə bu ideyanın onun ana axarında yer alan dəyərlərin təbliği də qırmızı xətlə keçir. Ümumilikdə, görkəmli alim azərbaycançılıq ideyasının tərənnümçüsü, onun ədəbi mühitdəki ən alovlu təbliğatçılarından biri kimi də tanınır, qəbul edilir.

Elmi fəaliyyətində diqqəti qabarıq çəkən məqamlardan biribudur ki, İsa Həbibbəyli bəzi alimlər kimi Azərbaycan kitabxanalarında gün keçirməklə dəfələrlə istinad olunmuş mənbələrə üz tutmamış, təsvirçiliyə, şablonçuluğa yol verməmiş, bir çox ölkənin arxivlərində gərgin aparmışdır. Moskva, Sankt-Peterburq, Kiyev, Tbilisi, Odessa, Yasnaya Polyana, Qori, Ankara, Ərzurum, Təbriz və s. şəhərlərin arxivlərində, muzey və kitabxanalarında orijinal məxəzlərlə işləyən İsa müəllim əsl alim üçün zəruri olan bu keyfiyyəti sayəsində bu günyenilikçi, novator tədqiqatçı kimi tanınır.

"Alim üçün əsl fəaliyyət yerlərindən biri də elə arxivlərdir, yeni axtarışlardır, tapdıqlarını elmə gətirməkdir" - deyən görkəmli akademik daim axtarışdadır, istirahət və məzuniyyət günlərini belə, əsasən arxivlərdə keçirirbundan yüksək mənəvi zövq alır. İsa Həbibbəyli arxivlərdə üzə çıxardığı sənədləri, əlyazmalarını, materialları sadəcə təqdim etməklə kifayətlənmir. Əvvəla, o aşkar etdiyi yeni materialları sistemli tədqiqata  cəlb edərək  elmi dövriyyəyə daxil edir, ədəbiyyatşünaslıq elmini zənginləşdirir. İkincisi isə İsa Həbibbəyli aşkar etdiyi arxiv irsini kitab halında, sistemli şəkildə çap edir, ədəbiyyatın açılmamış yeni səhifələrini ictimaiyyətə çatdırır. Cəlil Məmmədquluzadənin 2004-cü ildə çıxan 4 cildliyinə ədibin çoxsaylı məqalələri, publisistikası, şeirləri, məktubları ilk dəfə olaraq daxil edilmişdir. Məhəmməd Tağı Sidqinin  "Əsərləri" (2004), Məhəmmədağa Şahtaxtinski "Seçilmiş əsərləri" (2004) məhz İsa Həbibbəylinin toplama materialları və tərtibi sayəsində çap olunmuşdur. "Mirzə Cəlil və Məmmədquluzadələr. Məktublaşma" kitabı da həmin  qəbildən olan  qiymətli mənbədir.

***

"Kitabi-Dədə Qorqud" dastanları, Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Məhəmməd Tağı Sidqi, Məhəmmədağa Şahtaxtinski, Eynəli bəy Sultanov, Əlibəy Hüseynzadə, Hüseyn Cavid, Abbas Səhhət, Səməd Vurğun, Mir Cəlal, Məmmədhüseyn Şəhriyar, Məmməd Araz, Hüseyn İbrahimov və digər görkəmli yazıçı, şair və ədiblərin ədəbi-bədii görüşləri ilə bağlı sanballı tədqiqatları İsa Həbibbəylinin zaman, məkan və mövzu çevrəsinə sığmadığını göstərir. Məhz buna görə də bu gün nüfuzlu elm xadimləri, ziyalılar akademik İsa Həbibbəylinin özünəməxsus sanballı elmi məktəb yaratdığını birmənalı etiraf edirlər.

Mərhum ədəbiyyatşünas alim Əziz Mirəhmədov da İsa Həbibbəylini böyük perspektivə, yüksək istedada malik alim kimi səciyyələndirirdi: "İsa Həbibbəylinin tədqiqatlarının əsas məziyyəti o vaxta qədərki ədəbiyyatşünaslıqda az öyrənilmiş və demək olar ki, diqqəti cəlb etməmiş elmi-nəzəri məsələlər, hadisələr, şəxsiyyətlər, əsərlər haqqında təhlil və qiymətlərdədir, bunlardan bir çoxunun yeniliyindədir. O, ədəbiyyat nəzəriyyəsi ilə ədəbiyyat tarixçiliyinin imkanlarından birgə, sintez halında istifadə etməyi bacarır".

Ədəbiyyat nəzəriyyəsi istiqamətində apardığı tədqiqatlar, çap etdirdiyi əsərlər İsa Həbibbəylinin  geniş nəzəri təfəkkürə və böyük dünyagörüşə malik olduğunu göstərir. Ədəbi növlərin və janrların  yenidən  təsnifləndirilməsi, ədəbi cərəyanların,  üsulların təyinatına yeni baxışlar İsa Həbibbəylinin  axtarışları sayəsində formalaşmışdır. Ədəbiyyat nəzəriyyəsinin  yenidən inkişaf etdirilməsi üçün həyata keçirdiyi tədbirlər, o cümlədən ölkəmizdə ədəbiyyat nəzəriyyəsi üzrə ilk elm jurnalı olan "Poetika, nöqtə izm" jurnalının nəşrinə nail olması İsa Həbibbəylinin bu  elmi istiqamətdəki fəaliyyətinin  yeni bir mərhələyə daxil olduğunu göstərir.

İsa Həbibbəylinin alim kimi səciyyəvi cəhətlərindən birionun dünya ədəbiyyatının bir sıra görkəmli simalarının yaradıcılığını da yeni rakursdan tədqiq etməsi, onları Azərbaycan ədəbi mühitinə yaxınlaşdırmasıdır. Bununla da o, sanki dünya və Azərbaycan ədəbiyyatı arasında bir körpü rolunu oynayıb, ədəbi xəzinəmizi daha da zənginləşdirib. Akademikin dünya şöhrətli rus yazıçısı Aleksandr Serqeyeviç Puşkinin və məşhur Amerika yazıçısı, Nobel mükafatı laueratı Ernest Heminqueyin, Çingiz Aytmatovun, Mixail Şoloxovun, Nazim Hikmətin ədəbi irsinin öyrənilməsinə həsr olunmuş tədqiqatları dünya ədəbiyyatı tarixinə layiqli töhfə sayıla bilər.

***

Əsl ziyalı və alim üçün ən xarakterik keyfiyyətlərdən biri də təşkilatçılıq qabiliyyətidir. Bu mənada, İsa Həbibbəylinin yüksək elm təşkilatçısı olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. O, yüksək idarəçilik təcrübəsinə, elmi kollektivlə mükəmməl səriştəsinə malik insandır.

1996-2013-cü illərdə rektoru olduğu Naxçıvan Dövlət Universiteti məhz onun rəhbərliyi illərində özünün yüksəliş mərhələsinə qədəm qoymuş, abadlaşmış, respublikamızın digər nüfuzlu ali təhsil ocaqları ilə rəqabətə girmək imkanı qazanmışdır. İsa müəllim vaxtilə tələbəsi, daha sonra sıravi müəllimi olduğu bu elm məbədinə özünün mənəvi övladı kimi qayğı göstərmişdir. Ən müasir tələblərə cavab verən tikinti-quruculuq mərhələsini başa vuran Naxçıvan Dövlət Universiteti məhz dövlətin böyük qayğısı və İsa Həbibbəylinin idarəçilik keyfiyyətləri sayəsində təhsilin, elmin səviyyəsinə görə də son illərdə çox irəli getmiş, bölgə hüdudlarını adlamış, bütövlükdə regionun nüfuzlu ali təhsil ocaqlarından birinə çevrilmişdir.

Alimin yüksək təşkilatçılıq və idarəçilik keyfiyyətləri, təşəbbüskarlığı, novatorluğu ölkə rəhbərliyi səviyyəsində dəyərli qiymətini alır, elm ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. İsa Həbibbəyli 2013-cü ildə AMEA-nın vitse-prezidenti vəzifəsinə seçilmiş, habelə bir vaxtlar aspirantı və elmi işçisi olduğu Nizami adına Ədəbiyyat İnstitutuna direktor vəzifəsinə təyin olunmuşdur. Yenilikçi xarakteri ilə fərqlənən İsa müəllim qısa müddətdə ona göstərilən yüksək etimadı doğrultmuş, həm AMEA-da, həm də Ədəbiyyat İnstitutunda yeni dövrün tələblərindən irəli gələn islahatların təşəbbüskarlarından və fəal icraçılarından birinə çevrilmişdir. Akademiyanın müasirləşdirilməsi, burada elmi-texniki yeniliklərin geniş tətbiqi, bu elm məbədinin strukturunun optimallaşdırılması istiqamətində görülən işlərdə İsa müəllimin də mühüm payı var.

Eləcə də zəngin ənənələri olan Ədəbiyyat İnstitutu İsa müəllimin rəhbərliyi altında ədəbi fikrin əsas istiqamətverici lokomotivinə, elmi ideya bazasına çevrilməkdədir. Burada aparılan struktur islahatları, gənclərin elmə intensiv cəlbi, yeni şöbələrin təşkili istiqamətində atılan addımlar, yeni tədqiqat yönümlərinin müəyyənləşdirilməsi deməyə əsas verir ki, Ədəbiyyat İnstitutu yaxın illərdə bütövlükdə türk dünyasının sosiomədəni inteqrasiya mərkəzinə çevriləcəkdir.

vvv

Bu gün həm publisistik məqalələri, həm də elmi tədqiqatları ilə seçilən, əsərləri oxunan, əldən-ələ keçən alimlərin sayı eləcə də çox deyil. Bu alimlər sırasında da İsa Həbibbəyli imzası xüsusilə fərqlənir. Hələ ötən əsrin 60-cı illərində "Azərbaycan pioneri" qəzetində "Pambıqçı uşaqlar" adlı ilk məqaləsinin dərc olunmağı ilə - 50 ildən çoxdur həm də fəal publisistika ilə məşğuldur.

Onu cəmiyyətə tanıdan və sevdirən əsas keyfiyyətlərindən biri də məhz yüksək təsiri olan sözü, özünəməxsus qələmidir. İsa müəllim yaradıcı insan kimi söz sənətkarlığının incəliklərinə dərindən bələddir; daha dəqiqi, o, sözə nəfəs verərək canlandırmağı bacaran, sözü vaxtında, yerində, düzgün mövqe ilə deyən ziyalıdır. Elmi həqiqətləri inandırıcı, həm də obrazlı şəkildə çatdırmağı bacarır. Sadə və səlist elmi üslubda yazılmış əsərləri və məqalələri oxunaqlılığı, orijinal dəst-xətti, ideya siqləti ilə diqqəti çəkir. Mənəvi dünyasından qaynaqlanan şövq və fəhmlə yazıb-yaradan görkəmli akademikin söz sənətkarlığında vətəndaş mövqeyi, insan amili, xalqın və dövlətin mənafeyi də hər zaman öndə durur.

vvv

Vaxtilə Şeyx Məhəmməd Xiyabani yazırdı ki, "ictimai həyata laqeydlik ölümə bərabərdir". Əsl ziyalı üçün vacib keyfiyyətlərdən birionun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Mənəvi dünyasının, vicdanının səsi İsa Həbibbəylini yalnız özü üçün yaşamağa, əhatə olunduğu dövrün, mühitin nöqsanlarına, qüsurlarına göz yummağa, etinasız yanaşmağa qoymur. O, ətrafda baş verən hadisə və proseslərə münasibətdə biganəlik, laqeydlik nümayiş etdirmir.

Milli Məclisin ən fəal deputatlarından biri kimi dövrünün ictimai-siyasi hadisələrinə laqeyd qalmır, fəaliyyətinin bütün mərhələlərində məhz Azərbaycanın gələcəyini düşünür. Siyasi baxışlarında hər zaman sabitprinsipial olan İsa müəllim ümummilli liderin siyasi kursunu dönmədən müdafiə edir, eyni zamanda ulu öndərin zəngin siyasi irsinin ictimaiyyətə çatdırılması işinə töfhələr verir. Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın inkişaf fenomeninə çevrilən məmləkətimizin siyasi və mədəni intibahı, sosial-iqtisadi yüksəlişi görkəmli alimin publisistik qeydlərində daha aydın nəzərə çarpır. Bu mənada, İsa Həbibbəylini xarakterizə edən cəhətlər təkcə yüksək elmi yaradıcılığı ilə yekunlaşmır, həm də qətiyyətli vətəndaş mövqeyi, ali ziyalı ruhu, prinsipiallığı, idarəçilik qabiliyyəti, zamanın nəbzini tutmaq bacarığı, ideyalılığı onu daha aydın səciyyələndirir.

Xalqına xidməti özünün həyat kredosuna çevirmiş böyük şəxsiyyətlər bunun müqabilində hər zaman təmənnasız olmuş, hansısa məqsəd güdməmişlər. Əsl ziyalı və şəxsiyyət üçün xalqın sevgi və rəğbətindən uca heç bir mükafat ola bilməz. Fəqət, belə nəcib və xeyirxah insanların mənəvi yüksəliş və ucalığa xidmət edən çoxşaxəli məhsuldar fəaliyyətinin obyektiv dəyərləndirilməsi bəzən zəruri sosial tələbat kimi ortaya çıxır. Təsadüfi deyildir ki, İsa Həbibbəyli hələ 1999-cu ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüş, 2007-ci ildə "Şöhrət", 2009-cu ildə isə "Şərəf" ordenləri ilə təltif olunmuşdur.

İsa Həbibbəyli Azərbaycan hüdudlarını çoxdan adlamış alim kimi, xaricdə də layiqli qiymətini alır. O, 2001-ci ildə Nyu York Elmlər Akademiyasının, 2008-ci ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilmişdir.

Bütün bunlar İsa Həbibbəylini çoxcəhətli fəaliyyəti olan şəxsiyyət kimi xarakterizə etməyə əsas verir, yaradıcılıq potensialının təkcə bir sahə üzrə köklənmədiyini, daha geniş spektrləri əhatə etdiyini göstərir. Məhz bu səbəbdən İsa Həbibbəylinin şəxsiyyət obrazı konkret bir sahə üzrə məhdudlaşdırıla bilməz. Onun istər elmi, istərsə ictimai-siyasi fəaliyyəti geridə qoyduğu 65 ilin nə qədər zəngin və mənalı səhifələrdən ibarət olduğunu əyani olaraq göz önündə sərgiləyir.

Mənalı ömrünün müdriklik zirvəsində olan İsa Həbibbəyli bütün varlığı və ruhu ilə yaradıcı insandır. O bu gün də daxildən gələn tükənməz enerji ilə çalışır, qarşıya qoyduğu safali məqsədlərə çatmaq üçün hər cür zəhmətə qatlaşır. Yüksək alimlik və tədqiqatçılıq keyfiyyəti onun fitrətindən, məqsədə doğru inamla irəliləmək, hədəfə yetişmək əzmindən qaynaqlanır. Bütün bu keyfiyyətlər isə görkəmli alimin, layiqli vətəndaşın, nüfuzlu ictimai xadimin - İsa Həbibbəylinin bundan sonra da daha böyük həyat və yaradıcılıq uğurlarına müəlliflik edəcəyinə möhkəm zəmin yaradır.

 

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2014.- 16 oktyabr.- S.6.