Dilim-dilim olan dilim
Dilin mənsub olduğu xalqın və ya millətin
varlığını sübut və mühafizə etməsindən,
onu yaşatmasından uzun-uzadı yazmaq fikrimiz yoxdur. Onsuz da bu barədə
çox yazılıb, çox danışılıb. Bu dəfə qısa bəhs etmək istədiyimiz
mövzu bir millət kimi bizi qoruyan dilimizin özünün
necə qorunması haqqındadır.
Birbaşa qənaətimiz belədir - bu gün Azərbaycan
dilinin yaşaması və inkişafı üçün
dövlət tərəfindən bütün tədbirlər
görülür. Götürək dilimizlə bağlı
dövlət başçısı tərəfindən
imzalanmış son sənədi. Prezidentin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq
olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı"nın priambulasında da qeyd olunur
ki, bu gün Azərbaycan dilinin milli dövlətçiliyin
başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı
tətbiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin
yaxşılaşdırılması üçün əlverişli
zəmin yaradılmışdır. Azərbaycanda
dil siyasətinin birmənalı şəkildə
formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi
işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının
ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin
göstəricisi kimi beynəlxalq aləmdə rolu və
nüfuzunun yüksəlməsi xalqımızın
ümummilli lideri Heydər Əliyevin adı ilə
bağlıdır. Adıçəkilən dövlət
proqramında göstərilir ki, 1995-ci ildə ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş Konstitusiyada Azərbaycan dilinin
ölkəmizdə dövlət dili kimi təsbiti, Prezidentin
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" 2001-ci il 18 iyun və "Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi
haqqında" 2001-ci il 9 avqust tarixli fərmanları, eləcə
də "Azərbaycan Respublikasında dövlət dili
haqqında" qanun və dil siyasəti sahəsində
normativ hüquqi aktlar, həmçinin digər tədbirlər
respublikamızda dilçiliyin hüquqi əsaslarını və
icra mexanizmini müəyyənləşdirmişdir. Bununla belə, dövlət proqramında bildirilir ki,
elm və texnikanın inkişaf etdiyi hazırkı
qloballaşma dövrü dilimizin zənginləşməsi və
tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində
aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini
tələb edir. Normativ hüquqi bazanın təkmilləşdirilməsi,
Azərbaycan dilinin tədrisi və tətbiqinin genişləndirilməsi,
onun öyrənilməsi və təbliği sahəsində
İKT-nin tətbiqi, eləcə də dilimizin KİV-də təbliği
ilə bağlı əlaqədar dövlət, elm və
ictimai qurumların qarşısına konkret vəzifələr
qoymuş bu mühüm sənəd 2020-ci ilədək olan
dövr üçün nəzərdə tutulmuşdur.
O zamana isə
az qalmayıb, hələ xeyli var. Bəs, dilimizin müxtəlif
səviyyələrdə işlənməsi və tətbiqinin
bugünkü vəziyyəti necədir, o, dövlətin
sözügedən sahəyə göstərdiyi maddi və mənəvi
dəstəyə adekvatdırmı, bu sahəyə cavabdeh
olan təşkilatlar varlığımızın əsas
atributunun qorunması və inkişafında üzərlərinə
düşən vəzifələrin öhdəsindən gələ
bilirlərmi?
Doğrusu, bu suallara birmənalı müsbət cavab
vermək çətindir. Çətindir ona görə ki, hələ
də bəzi təşkilatlarda işə qəbul zamanı
dövlət dilinin yox, əcnəbi dilləri bilmək tələb
olunur, hələ də övladlarını uşaq
bağçalarının və orta məktəblərin məlum
"sektor"una qoyaraq gələcəklərini
keçmişdə axtaran valideynlərimiz az deyil, hələ
də iri biznes strukturundan tutmuş 5-10 kvadratmetrlik obyektəcən
mənası ilə məzmunu uyğun gəlməyən
xarici adlar verilir, hələ də xüsusən ictimai yerlərdə
ana dilində danışmağı özlərinə
ayıb sayan "vətən daşları"mız var və
s.
Elə çıxmasın ki, biz əcnəbi dillərin
əleyhinəyik. Tamamilə belə deyil! Xüsusən
indiki dövrdə beynəlxalq ünsiyyət vasitəsi hesab
olunan ingilis dilini bilməyin vacibliyini qəbul edirik. Odur ki, ilk növbədə gənclərin bu dili
mükəmməl mənimsəmələrinə cəhd etmələrini
çox yaxşı başa düşürük. Başa düşmədiyimiz ingilis və digər əcnəbi
dillərin öyrənilməsi fonunda ana dilinə ögey
münasibət bəslənilməsidir.
Ancaq
dilimizin bəlası təkcə, bəlkə də əsası
bu deyil! Bu gün işləndiyi və istifadə
olunduğu sahələrdə də dilimizin səviyyəsi həmişə
ürək açmır. Götürək
adətən dilin təbliği və təmizliyi keşiyində
durmalı olan (!) kütləvi informasiya vasitələrini.
Əvvəl yazılı KİV barədə. Ölkəmizdə
bugünkü qəzet və jurnal bolluğunun xeyrindən
çox ziyanı olduğunu sübut etməyə, bizcə,
ehtiyac yoxdur. Ehtiyac olan bu bolluğun ziyanının zərərsizləşdirilməsi,
mümkün deyilsə, onun minimuma endirilməsidir. Çünki təhsilindən, savadından, səviyyəsindən,
istedadından və başlıcası məram və məqsədindən
asılı olmayaraq sözün birbaşa mənasında
yoldan keçən hər kəsin KİV-ə soxulması bu
sahədə elə bir vəziyyət yaradıb ki, onun əziyyətini
heç gələcək jurnalist nəslimiz də çəkib
qurtara bilməyəcək. Sözsüz
ki, bu "basabas"da ən çox ziyan dilimizə dəyib
və dəyməkdə də davam edir. Təkcə
həmin üzdəniraq "qəzet" və
"jurnal"ların adlarına göz yetirmək kifayətdir
ki, onun səhifələrində dilimizin hansı günə
düşdüyü bəlli olsun. Niyə
də olmasın?! Axı ən
yaxşı halda ildə 5-10 dəfə çıxan həmin
kağız parçalarının təsisçiləri və
ya baş redaktorlarının əksəriyyəti bəlkə
də ad-soyadlarını düzgün yaza bilməyənlərdir.
Sadəcə, fürsətdir düşüb əllərinə!
Onları nə Azərbaycanda mətbu sözü və həqiqi
jurnalist peşəsini
hörmətdən saldıqları
maraqlandırır, nə də ana dilini kor günə
qoyduqları! Ümumiyyətlə, həmin "rza"lar ("bəy" titulu onlarlıq deyil) və
onların "qəzet"ləri elə gündədir ki,
haqlarında lap tənqid olsa belə, yazmağa mürəkkəb
də heyifdir!
Təəssüf ki, elektron KİV-də də meydan,
daha doğrusu efir çox vaxt naşıların əlinə
düşür. Belə olmasaydı, telekanallarda
"qaçan sətirlər"dən başlamış
aparıcı və müxbirlərin cümlələrinədək
dilimizin qaydaları bu dərəcədə pozulmazdı.
Radio aparıcılarındansa danışmağa dəyməz!
Eybəcər ləhcə və küçə
jarqonlarının efirə ayaq açması məhz
onların "xidmət"idir!
Xeyr, biz heç də "ütülü" cümlələrin,
yersiz pafosun efirə qaytarılmasının tərəfdarı
deyilik. Qəbul edirik ki, efirdə tamaşaçı və
dinləyici arasındakı ünsiyyət səmimi, sadə
dildə olmalıdır. Amma qəbul
etmirik ki, Azərbaycan dilinin şirinliyi və qaydaları həmin
qondarma səmimiyyət və sadəliyin güdazına getsin.
Sözsüz ki, elektron KİV-dəki belə anormal vəziyyət
teleradio kanallarında ixtisaslı kadrların
qıtlığı ilə bağlıdır. Bu gün heç kimə
sirr deyil ki, bizim televiziya və radiolarda çalışan
yaradıcı işçilərin əksəriyyəti
jurnalistikadan kənar olan şəxslərdir, daha doğrusu,
incəsənət sahəsi üzrə təhsil alıb, amma
yerlərini orada görməyən, yaxud tapmayan uğursuz
kadrlardır! Belələrindən isə hər
hansı mövzuda səviyyəli və savadlı veriliş
gözləmək əbəsdir. Necə
deyərlər, bütün hallarda mal sahibinə oxşayacaq.
Bu cür müəlliflərin verilişlərinə
dəvət etdikləri ekspert və qonaqların dil sarıdan
onların özlərinə oxşadıqları kimi. Bir də görürsən elə adamları efirə
buraxırlar, yaxud elə şəxslərdən müsahibə
alırlar ki, cümlələrinin əvvəli ilə sonu
bir-birinə uyğun gəlmir, demək istədiyini nəinki
tamaşaçı və ya dinləyici, heç özü də
başa düşmür. Obyektivlik xatirinə
deyək ki, bunun bir günahı da özümüzdədir.
Əgər hətta titullu bir alim öz gördüyü
iş barədə əməlli-başlı danışa
bilmirsə, buna lap peşəkar olsa belə, jurnalist neyləsin?!
Halbuki nəinki alim, eləcə də sıravi
vətəndaş ilk növbədə doğma dilində səlis
danışmağı bacarmalıdır. Əgər
bacarmırsa, özünü kim hesab etməsindən
asılı olmayaraq onu efirə buraxmaq olmaz. Bu, ilk növbədə
Azərbaycan dilinə qarşı ən azı hörmətsizlikdir
- milyonların bəzən əlacsızlıqdan da olsa
baxdığı və dinlədiyi efir hörmətsizliyi...
Elə bunun nəticəsi deyilmi bir çox küçə
və prospektlərdəki tanıtma və reklam lövhələrindəki
mətnlərin dilimizin qrammatik qaydaları çərçivəsində
yazılmaması?! Reklam agentlikləri, obyekt sahibləri nə etməlidirlər
ki... Soruşsan
deyəcəklər ki, "qəzet"lərdən belə
oxuyublar, efirdən bu cür görüb-eşidiblər.
Elə bir maraqları da yoxdur ki, mütəxəssisə
müraciət etsinlər, yazdıqları və səsləndirdiklərinin
fərqinə varsınlar. Əslində ya
millət və dil təəssübkeşliyi, ya da cəzalanmaq
qorxusu bunu onlara vadar etməlidir. Hələliksə
bunların heç biri yoxdur və biz bu yoxluğun nəticəsində
hər gün dil sarıdan rastlaşdığımız belə
savadsızlığa dözməyə məcbur oluruq.
Dözməyib
nə edəcəyik ki... Əlimizdən gələn yazmaq,
göstərmək, gileylənməkdir ki, onun da xeyri olmur!
Olsaydı, neçə illərdir bu millət 80-ə "həştad"
yox, "səksən" deməyi öyrənərdi,
dilimizdə özümüzün "qanunsuz" sözü
ola-ola yad "qeyri-qanuni" ifadəsini işlətməzdi,
"gözəl"i yeri gəldi-gəlmədi sağa-sola səpməzdi
(gözəl şeir, gözəl inkişaf, gözəl
oxumaq və s.). Belə misalların
sayını yetərincə uzatmaq da mümkündür.
Amma nə fayda, "dəyirman" onsuz da öz
işini görür.
O işi ki, onu "dəyirman" yox, dilçilər görməlidir. Bəli, dilimizin bugünkü vəziyyətinin məsuliyyəti həm də və daha çox dilçilərin üzərinə düşür. Onlarsa dilimizi zamanla ayaqlaşa bilməsi üçün inkişaf etdirməklə, yad təsirlərdən qoruyaraq təmizləməklə, onun bütün qrammatik qaydalarına əməl olunmasına nəzarəti gücləndirməklə deyil, xidməti otaqlarında oturub ən yaxşı halda elmi işləri ilə məşğuldurlar. Belə olmasaydı biz onların dilimizin işlənməsi zamanı ətrafımızda baş verən eybəcərliklər barədə həyəcan səslərini eşidərdik, kütləvi informasiya vasitələrində müntəzəm çıxışlarını görərdik, diskussiyalarının, müzakirələrinin şahidi olardıq, yeni sözlər, terminlərlə bağlı təkliflərinə rast gələrdik və s. Təəssüf ki, bunların heç biri yoxdur və yoxdursa naşıların "dil meydanı"nda at oynatmalarına təəssüflənməyin də yeri yoxdur.
Deyirlər, uman yerdən küsərlər. Qoy, dilçilərimiz bizdən inciməsinlər. Bu gün Azərbaycanın dövlət dilinin keşiyində ilk növbədə onlar durmalıdırlar və hətta lazımdırsa, başqa ölkələrdə olduğu kimi, hökumətə "Dil polisi" yaratmaq təklifi ilə müraciət etməlidirlər. Axı, dilimizin qayğısına qalmaq üçün heç vaxt indiki kimi fürsət və şərait olmamışdır. Qalır həmin fürsət və şəraitdən istifadə edib dilimizi "dilim- dilim" olmaqdan xilas etmək.
Raqif MƏMMƏDOV,
"Azərbaycan"
P.S. Fikir verdinizsə, biz bu qeydlərimizdə, demək olar, konkret misallar çəkmədik. Çəkmədik ona görə ki, buna ehtiyac duymadıq. Əgər kimin üçün maraqlıdırsa, bizim istənilən yerli teleradio kanallarının birində istənilən verilişi izləsin, istənilən reklam və ya tanıtım lövhəsinə nəzər salsın, cəmiyyətdə "reket" kimi qəbul olunan istənilən qəzeti əlinə götürüb vərəqləsin. O zaman görəcək ki, bizim yazdıqlarımız, necə deyərlər, toya getməlidir.
Elə fotomüxbirimiz A.Məmmədov da bu şəkli çəkmək üçün uzağa getmədi, nəşriyyatın pəncərəsi kifayət etdi ki, mövzuya aid obyekt tapsın.
Azərbaycan.-2014.- 16 oktyabr.- S.7.