Azərbaycan və
Tacikistan prezidentləri
mətbuata birgə bəyanatlarla
çıxış ediblər
Azərbaycan Prezidenti İlham
Əliyev Tacikistana rəsmi səfəri
Oktyabrın
16-da sənədlərin imzalanması mərasimi başa
çatdıqdan sonra Tacikistan Prezidenti Emoməli Rəhmon və
Azərbaycan Prezidenti İlham Əliyev mətbuata birgə bəyanatlarla
çıxış ediblər.
Tacikistan Prezidenti Emoməli Rəhmonun
bəyanatı
-
Hörmətli kütləvi informasiya vasitələrinin
nümayəndələri.
Bu
gün biz Azərbaycan Respublikasının Prezidenti, hörmətli
İlham Heydər oğlu Əliyevin ölkəmizə rəsmi
səfəri çərçivəsində onunla məzmunlu
və konstruktiv görüş keçirdik. Biz
görüşdə ikitərəfli, regional və beynəlxalq
xarakterli bir çox məsələləri müzakirə
etdik. Mən qarşılıqlı əlaqələrimizin
indiki vəziyyətindən məmnun olduğumuzu bildirdim. Qeyd
edildi ki, Tacikistan Azərbaycan Respublikası ilə əməkdaşlıq
məsələlərinə böyük diqqət yetirir. Biz
ölkələrimiz arasında ikitərəfli münasibətlərin
müxtəlif aspektlərinə toxunduq,
qarşılıqlı faydalı əməkdaşlığı
tənzimləyə və inkişaf etdirə biləcəyimiz
prioritet sahələri qeyd etdik. Biz bu kontekstdə Tacikistanda
hidroenergetika və neft-qaz sahəsinə aid qurğular tikilməsində,
mineral ehtiyatların mənimsənilməsində Azərbaycanın
işgüzar dairələrinin investisiya fəaliyyətinin
gücləndiriləcəyinə və iki dövlətin bank
sistemləri arasında əməkdaşlığa ümid
etdiyimizi bildiririk.
Vurğulandı
ki, ölkələrimiz arasında qarşılıqlı
ticarətin inkişafına əngəl törədən
amillərdən biri nəqliyyat-kommunikasiya imkanlarının məhdud
olmasıdır. Ölkələrimizin coğrafi mövqeləri
nəzərə alınmaqla təbii ki, bu cür ticarət zəruri
infrastruktur yaradılmasını tələb edir. Bu
baxımdan biz Hökumətlərarası Komissiyanın daimi
Katibliyi Bakıda yerləşən TRASEKA layihəsi çərçivəsində
Böyük İpək Yolunun bərpa olunmasında
maraqlıyıq. Biz həm də Tacikistan ilə Azərbaycan
arasında birbaşa aviareys açılmasında
maraqlıyıq.
İkitərəfli
mədəni və humanitar əlaqələrimizi yüksək
qiymətləndirərək bu sahələrdə
qarşılıqlı fəaliyyəti genişləndirmək
barədə razılığa gəldik.
Əcdadlarımızın böyük mədəni irsini daha
geniş təbliğ etməyə yönəlmiş yeni təkliflər
səsləndi. Məsələn, mən gələn il hər
iki ölkədə Azərbaycan xalqının böyük
oğlu Nizami Gəncəvinin əsərlərinə həsr
edilmiş bir sıra tədbirlərin keçirilməsini təklif
etdim. Biz, həmçinin regional və beynəlxalq xarakterli məsələləri,
o cümlədən Əfqanıstanda vəziyyəti
müzakirə etdik.
Dağlıq
Qarabağ münaqişəsi bizim müzakirələrin
gedişində mühüm mövzulardan biri oldu. Mən bu
problemlə əlaqədar bizim nöqteyi-nəzərimizi ifadə
edərək bildirdim ki, Tacikistan müharibənin bütün
dəhşətlərini görmüş bir ölkə kimi,
münaqişənin dinc yolla, BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələri əsasında
həll edilməsindən ibarət prinsipial mövqeyin tərəfdarıdır.
Eyni zamanda, biz çoxtərəfli formatda gələcək əməkdaşlıq
məsələlərinə də diqqət yetirdik. Qeyd etdik
ki, beynəlxalq və regional xarakterli bir çox məsələlər
üzrə ölkələrimizin mövqeləri
üst-üstə düşür və ya yaxındır.
Tacikistanın və Azərbaycanın həmin məsələlərə
konseptual yanaşmaları BMT, ATƏT, MDB, İƏT və EKO
çərçivəsində Tacikistan–Azərbaycan
münasibətlərinin dinamik və ardıcıl
inkişafına şərait yaradır.
Görüşün
yekunları ilə əlaqədar bəyan etmək istəyirəm
ki, biz Tacikistan Respublikası ilə Azərbaycan Respublikası
arasında münasibətlərin gələcəyinə
nikbinliklə baxırıq, bu münasibətlərin daha da
genişlənməsi və dərinləşməsi
üçün əlimizdən gələni etmək əzmindəyik.
İndi isə mən böyük məmnuniyyətlə əziz
qonağımız – Azərbaycan Respublikasının Prezidenti
İlham Heydər oğlu Əliyevdən öz fikirlərini
söyləməsini xahiş etmək istəyirəm. Buyurun.
Azərbaycan.-2014.- 17 oktyabr.- S.2.