Azərbaycan və
Tacikistan prezidentləri
mətbuata birgə bəyanatlarla
çıxış ediblər
Azərbaycan Prezidenti İlham
Əliyev Tacikistana rəsmi səfəri
Azərbaycan Prezidenti İlham
Əliyevin
bəyanatı
- Sağ olun, hörmətli Emoməli Şərifoviç!
İlk növbədə, məni qardaş Tacikistana rəsmi səfərə dəvət etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Tacikistan torpağına ayaq basdığımız ilk andan mənə və nümayəndə heyətimin üzvlərinə göstərilən qonaqpərvərliyə görə də təşəkkür edirəm.
Bu, mənim Tacikistana
ikinci rəsmi səfərimdir. Emoməli Şərifoviç də Azərbaycanda iki dəfə rəsmi səfərdə
olub. Bu fakt
özlüyündə bizim
münasibətlərimizin yüksək
səviyyəsinə dəlalət
edir. Çünki bizim aramızda
çox fəal siyasi dialoq var. Biz müxtəlif beynəlxalq
tədbirlər - sammitlər,
konfranslar çərçivəsində
də müntəzəm
görüşürük, regional təhlükəsizlik, dünya
siyasəti və ikitərəfli münasibətlərimizlə
bağlı aktual məsələlərə dair
müntəzəm fikir
mübadiləsi aparmaq
imkanımız var.
Emoməli Şərifoviçin artıq
qeyd etdiyi kimi, bizim gündəliyimiz
çox genişdir. Bu gün biz qarşılıqlı
fəaliyyətimizin mühüm
məsələlərini müzakirə
etdik. Siyasi münasibətlərimizin çox fəal olması bütün başqa sahələrdə
də əlaqələrin
fəal inkişafını
nəzərdə tutur.
Biz bir sıra
beynəlxalq təşkilatlarda
birgə iştirak edir və bir-birimizi
dəstəkləyirik. Fürsətdən istifadə edib,
Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına
üzv seçilərkən
ölkəmizin namizədliyini
dəstəklədiyinə görə Tacikistan Prezidentinə bir daha şəxsən təşəkkürümü bildirmək istərdim.
Bu dəstək çox
vacib idi və biz iki il ərzində
bu yüksək beynəlxalq orqanda həm özümüzü,
həm də bütün dostlarımızı,
tərəfdaşlarımızı təmsil etdik.
Bu gün imzalanan
siyasi Bəyannamə bizim gələcək münasibətlərimizin bütün
spektrini müəyyənləşdirir. Çox böyük
əhəmiyyət kəsb
edən bu siyasi sənəddə bizim prioritetlər, birgə gələcəyimiz
barədə təsəvvürlərimiz
əks olunub. Mən həm də Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
tənzimlənməsi məsələsində
prinsipial mövqeyinə
görə Tacikistana təşəkkürümü bildirmək istərdim.
Bizim indicə imzaladığımız
Bəyannamədə qeyd
edildiyi kimi, bu münaqişə Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
və BMT Təhlükəsizlik
Şurasının qətnamələri
icra edilməklə tənzimlənməlidir. Bu
qətnamələrin qəbul
edildiyi vaxtdan 20 ildən çox keçir, lakin təəssüf ki, onlar yerinə yetirilmir. Qətnamələrdə aydın deyilib
ki, erməni işğalçı qüvvələri
Azərbaycan ərazisindən
çıxarılmalıdır. Münaqişənin beynəlxalq hüquq
normalarına, BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə
müvafiq surətdə,
Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
tənzimlənməsi bizim
regionda sülhün təmin edilməsi üçün yeganə
mümkün yoldur.
Bu gün biz iqtisadi
sahədə qarşılıqlı
fəaliyyətlə bağlı
məsələləri müzakirə
etdik. Əlbəttə,
əmtəə dövriyyəsinin
həcmi bizi qane edə bilməz,
lakin Birgə Hökumətlərarası İqtisadi
Komissiyanın dünən
keçirilmiş iclası
və onun nəticələri barədə
bizə məruzə edilənlər nikbin olmağa əsas verir ki, biz əmtəə
dövriyyəsini qısa
müddətdə artıra
biləcəyik. Bu istiqamətdə konkret addımlar atılır.
Nəqliyyat sahəsində,
xüsusən Azərbaycanın
və regionun investisiya və nəqliyyat infrastrukturu nəzərə alınmaqla,
gözəl imkanlar
var. İlk növbədə,
Azərbaycanda, Xəzər
regionunda ən iri liman olacaq
Yeni Beynəlxalq Dəniz Limanının açılması, habelə
gələn il başa çatdırmağı
planlaşdırdığımız Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yeni imkanlar yaradır. Bu, Asiyadan Avropaya
və əks istiqamətdə malların
tranziti üçün
ən qısa, ən səmərəli və ucuz yoldur.
Bu gün biz əməkdaşlığımızın
humanitar aspektləri barədə çox danışdıq. Burada yaxşı təcrübə
var. Biz həm tarix, həm də mədəniyyət baxımından
bir-birimizə yaxın
xalqlarıq, eyni sivilizasiyanın nümayəndələriyik.
Əlbəttə, bunlar bizi yaxınlaşdırır. Buna görə biz gələcəkdə də
mədəni proqramlarla
bağlı müxtəlif
tədbirlər keçirəcəyik.
Tacikistanda Azərbaycan
Mədəniyyəti Günləri,
Azərbaycanda Tacikistan
Mədəniyyəti Günləri
böyük uğurla
keçdi və xalqlarımız bizim bir-birimizə nə qədər yaxın olduğumuzu bir daha gördülər.
Bu gün biz regional təhlükəsizlik, terrorizmlə mübarizə məsələlərini də müzakirə etdik. Bizdən o qədər də uzaq olmayan regionda vəziyyət, əlbəttə, bizi narahat edir. Regionda təhlükəsizliyi təmin etmək üçün biz mütərəqqi qüvvələrin səylərini birləşdirməliyik. Tacikistanda və Azərbaycanda çox müsbət inkişaf dinamikası var, sabitlik təmin olunub, iqtisadi, sosial məsələlər həll edilir. Buna görə bizim ölkələrdə təhlükəsizliyə daxili təhdidlər yoxdur. Bizi narahat edən bütün amillər sərhədlərimizdən kənardadır. Buna görə, sərhədlərimizin möhkəmləndirilməsi, habelə regional təhlükəsizliyə töhfəmiz fəal müzakirə etdiyimiz məsələlərdir.
Onu da bildirmək istərdim ki, Emoməli Şərifoviçin rəhbərliyi ilə Tacikistanda həyata keçirilən dəyişiklikləri Azərbaycanda böyük maraqla izləyirlər. Siz davamlı iqtisadi artımı, bir sıra sosial məsələlərin həllini təmin edirsiniz. Tacikistan regionda, dünyada böyük nüfuz sahibidir. Siz öz regionunuzda qarşılıqlı iqtisadi fəaliyyət, regional təhlükəsizlik baxımından çox mühüm rol oynayırsınız və əlbəttə, Düşənbədəki dəyişiklikləri buraya gələn adi insanlar da görürlər. Mən burada bir neçə il əvvəl olmuşdum, indi görürəm ki, böyük dəyişikliklər baş verib, yeni gözəl binalar tikilib, ictimai yerlər abadlaşdırılıb, parklar salınıb. Bütün bunlar insanlar, onların rahatlığı, firavanlığı üçün edilir. Müstəqilliyin ilk illərində həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibələrinin getdiyi dövrdə, habelə müstəqillik əldə edilənə qədər, bizim hələ müstəqil dövlətlər olmadığımız vaxtda çox çətinliklərlə üzləşən xalqlarımız yaxşı yaşamağa layiqdirlər. Mənim fikrimcə, həm Tacikistan xalqı, həm də Azərbaycan xalqı müstəqilliyin üstünlüklərini görür. Axı, biz yalnız müstəqillik dövründə bu cür böyük uğurlara nail ola bilmişik. Biz sizin dostlarınız, qardaşlarınız kimi uğurlarınıza sevinirik. Əminik ki, Tacikistanın dinamik inkişafı davam edəcək və bu, sizin xalqın, bütün regionun xeyrinə olacaq.
Emoməli Şərifoviç, qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm. Fürsətdən istifadə edib, Sizin üçün münasib olan istənilən vaxtda Sizi Azərbaycana dəvət etmək istəyirəm. Sağ olun.
AzerTAc
Azərbaycan.-2014.- 17 oktyabr.- S.2.