Azərbaycanın
birinci xanımı Mehriban
Əliyeva Avropa Oyunları Əməliyyat
Komitəsinin ofisində yaradılan şəraitlə
tanış olub
Oktyabrın 16-da Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa
Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban
Əliyeva Avropa Oyunları Əməliyyat Komitəsinin ofisində
yaradılan şəraitlə tanış olub.
Mehriban Əliyevaya məlumat verən gənclər və idman naziri Azad Rəhimov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat
Komitəsinin baş icraçı direktoru Saymon Kleq bildirdilər ki, gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə gedir. Belə mötəbər tədbir Avropanın idman hərəkatının tarixində yeni dövrün başlanmasıdır və Azərbaycan bu tarixin ilk səhifələrini yazan ölkədir. Diqqətə çatdırıldı ki, burada işçilərin səmərəli fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb.
Azərbaycanın birinci xanımı texnologiya, media, informatika otaqlarında və digər otaqlarda iş prosesi ilə tanış oldu, yaradılan şəraitlə maraqlandı. Məlumat verildi ki, Əməliyyat Komitəsinə dünyanın 40 ölkəsindən mütəxəssislər cəlb olunub. Ümumilikdə komitədə yerli və xarici mütəxəssislərdən ibarət 1000 nəfərə yaxın işçi çalışır.
Sonra Mehriban Əliyevanın iştirakı ilə birinci Avropa Oyunlarına
hazırlıqla bağlı görüş
keçirildi. Görüşdə Avropa Oyunları ilə əlaqədar bəzi
məsələlər müzakirə olundu.
Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin
sədri Mehriban Əliyeva müvafiq
tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan.
- 2014.- 17 oktyabr.- S.5.