Azərbaycan
və Tacikistan arasında əməkdaşlıq
işgüzar xarakter
alır
Azərbaycan və Tacikistan
arasında Hökumətlərarası Komissiyanın
Düşənbədə keçirilən 3-cü iclası
və biznes forumu iki ölkənin işgüzar xarakter alan əməkdaşlığının
yeni mərhələyə qədəm qoyduğunu göstərdi.
Azərbaycandan Tacikistana bir sıra məhsullar ixrac olunur. Meyvə və
tərəvəz şirələri,
şirniyyat məmulatları
bu gün Tacikistan bazarında əhəmiyyətli yer tutur. Kənd təsərrüfatı üzrə müvafiq institutlar arasında əlaqələr inkişaf
etdirilib. Meliorasiya sahəsində
informasiya və təcrübə mübadiləsi
aparılır, energetika
və nəqliyyat sahələrində əməkdaşlıq
genişləndirilir. İndiyədək iki ölkə arasında iqtisadi sahələr də daxil olmaqla, əməkdaşlığın hüquqi əsaslarını
formalaşdıran 35 sənəd
imzalanıb.
Bu məlumatlar
Azərbaycan Respublikası
və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası
Komissiyanın Düşənbədə
keçirilən 3-cü iclasında
səsləndirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a
verilən məlumata görə, həmsədrlər
Hökumətlərarası Komissiyanın 2-ci iclasından
ötən dövr ərzində görülmüş
işlərdən bəhs
ediblər.
Azərbaycanın iqtisadiyyat
və sənaye naziri, Hökumətlərarası
Komissiyanın həmsədri
Şahin Mustafayev dövlət başçılarının
qarşılıqlı səfərlərinin,
keçirilən görüşlərin
Azərbaycan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsində xüsusi
əhəmiyyətini vurğulayıb,
ölkələrimiz arasında
müxtəlif sahələrdə
əlaqələrin uğurla
inkişaf etdiyini bildirib. Ş.Mustafayev qeyd edib ki, bitki mühafizəsi,
mülki müdafiə,
fövqəladə hallar,
səhiyyə, elm sahəsində
saziş layihələri
üzrə işlər
başa çatdırılıb
və bu sənədlər razılaşdırılıb.
“Azərbaycan Respublikası Hökuməti
və Tacikistan Respublikası Hökuməti
arasında iqtisadi əməkdaşlıq üzrə
Proqramın həyata keçirilməsinə dair
Tədbirlər Planı”nda
nəzərdə tutulan
məsələlər hərtərəfli
müzakirə olunub.
Azərbaycanın etibarlı
tərəfdaş, iri
regional layihələrin təşəbbüskarı,
Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu vurğulayan nazir regional əməkdaşlığa ciddi
təhdid və maneə olan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsində
ölkəmizin ədalətli
mövqeyini də diqqətə çatdırıb.
Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, Hökumətlərarası
Komissiyanın həmsədri
Şərif Rahimzoda ölkələrimiz arasında
əlaqələrin inkişaf
etdiyini, müxtəlif
sahələrdə əməkdaşlığın
genişlənməsində komissiyanın səmərəli
fəaliyyət göstərdiyini
bildirib. Tacikistan və Azərbaycan arasında əməkdaşlığın
inkişafı üçün
böyük potensialın
olduğunu deyən nazir Azərbaycan iş adamlarını Tacikistanda həyata keçirilən layihələrdə
fəal iştiraka dəvət edib.
Komissiyanın iclasında
Azərbaycandan Tacikistana
ixrac olunan məhsulların diversifikasiyasına,
qarşılıqlı investisiya
qoyuluşu üçün
investisiya layihələrinə
dair məlumat mübadiləsinə, birgə
müəssisələrin yaradılması
imkanlarına, hər iki ölkədə iş adamlarının iştirakı ilə birgə sərgi, forum, konfrans və digər tədbirlərin keçirilməsinə dair
müzakirələr aparılıb.
Sonda Azərbaycan Respublikası
ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası
Komissiyasının 3-cü iclasının yekunlarına
dair Protokol imzalanıb. Sənəddə
müqavilə-hüquqi bazanın
genişləndirilməsi, ticarət,
iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat,
bank, kənd təsərrüfatı,
rabitə və yüksək texnologiyalar, energetika və su ehtiyatları, səhiyyə, təhsil və elm, mədəniyyət
və turizm, miqrasiya və məşğulluq, ətraf
mühitin mühafizəsi
sahəsində əlaqələrin
inkişafı nəzərdə
tutulur.
İclas çərçivəsində
həmçinin, “Azərbaycan
Respublikası Hökuməti
və Tacikistan Respublikası Hökuməti
arasında iqtisadi əməkdaşlıq üzrə
Proqramın həyata keçirilməsinə dair
Tədbirlər Planı”
və “Azərbaycan Dəmir Yolları” QSC ilə Tacikistanın müvafiq qurumu arasında əməkdaşlığa
dair Protokol imzalanıb.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən
və iş adamlarından ibarət Azərbaycan nümayəndə
heyəti Düşənbədə
keçirilən İqtisadiyyat
və İnvestisiya Forumunda da iştirak
edib.
Tacikistana investisiya qoyuluşu imkanlarının təqdimatı
məqsədi ilə təşkil olunmuş forumda Tacikistan Respublikasının Prezidenti
Emoməli Rəhmon çıxış edib,
forum çərçivəsində iqtisadiyyatın müxtəlif
sahələrinə investisiya
qoyuluşu imkanlarına
dair plenar iclaslar keçirilib. Forum Azərbaycan sahibkarlarına
Tacikistanın biznes və investisiya mühitinə dair ətraflı məlumat əldə etmək, yeni biznes tərəfdaşları
tapmaq və işgüzar əlaqələri
daha da genişləndirmək
imkanı yaradıb.
Səfər çərçivəsində Tacikistan-Azərbaycan biznes
forumu da keçirilib. Tədbirdə hər iki tərəfdən
rəsmi şəxslərlə
yanaşı, kənd
təsərrüfatı, sənaye,
tikinti, maliyyə,
İKT, energetika, səhiyyə
və digər sahələrdə fəaliyyət
göstərən 100-ə yaxın iş adamı iştirak edib.
Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun rəhbəri Rüfət
Məmmədov Azərbaycan
iqtisadiyyatı, ölkəmizin
biznes və investisiya, eləcə də ixrac imkanları
barədə məlumat
verib, Tacikistanın iş adamlarını Azərbaycan sahibkarları
ilə fəal əməkdaşlığa dəvət
edib.
Tacikistan Respublikasının
iqtisadi inkişaf və ticarət nazirinin müavini Saidrahmon Nazriyev də öz növbəsində ölkəsinin
investisiya imkanlarından
və həyata keçirilən layihələrdən
danışıb, forumun
iqtisadi əməkdaşlığın
inkişafına, eləcə
də iş adamları arasında yeni əlaqələrin qurulmasına töhfə verəcəyinə əminliyini
bildirib.
Biznes forumda Azərbaycan sahibkarları təmsil etdikləri şirkətlər
barədə təqdimatlarla
çıxış edərək,
Tacikistan bazarına məhsul ixracı ilə bağlı maraqlarını diqqətə
çatdırıblar.
Tədbir iş
adamları arasında əməkdaşlıq
imkanlarının müzakirə olunduğu
ikitərəfli görüşlərlə davam
etdirilib.
Azərbaycan.
- 2014.- 17 oktyabr.- S.6.