Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər
Konqresinin 27-ci plenar
sessiyası keçirilib
Oktyabrın 14-16-da Strasburqda Avropa
Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin
növbəti - 27-ci plenar sessiyası keçirilib.
Avropa Şurasına üzv dövlətlərin 300-dən çox təmsilçisinin iştirakı ilə keçirilən sessiyada qurumun Nazirlər Komitəsində sədrlik edən Azərbaycanın hökuməti adından respublikamızın ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə iştirak edib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Fikrət Məmmədov əvvəlcə ölkəmizin sədrliyi çərçivəsində Avropa üçün aktual olan məsələlər və problemlər barədə danışıb. Çıxışda sədrlik dövründə dövlətimizin prioritetlərindən olan gəncliyin inkişafı, mədəniyyətlərarası dialoqun təşviqi, korrupsiya ilə mübarizəyə dair və s. tədbirlər diqqətə çatdırılıb.
Həmçinin ölkəmizdə yerli özünüidarəetmə orqanlarının inkişafına, bu sahədə Konqres tərəfindən verilən tövsiyələrin icrasına toxunan nazir ulu öndər Heydər Əliyev tərəfindən yerli demokratiyanın təşviqi, bələdiyyə institutunun formalaşdırılması istiqamətində mühüm addımların atıldığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə yerli özünüidarəetmə sahəsində aparılan qanunvericilik və institusional islahatlar nəticəsində bələdiyyələrin fəaliyyətinin təkmilləşdiyini bildirib, bu işlərdə Konqresin dəstəyini qeyd edib.
Eyni zamanda, Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı illər üzrə yeni qəbul edilmiş birgə Fəaliyyət Planının əhəmiyyəti, Plana uyğun olaraq, yerli özünüidarəetmənin inkişafı ilə bağlı tədbirlərin implementasiyasına başlanıldığı vurğulanıb.
Çıxış zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin zəbt olunması nəticəsində hazırda işğal altında olan ərazilərimizdə yerli özünüidarəetmənin təşkilinin mümkünsüzlüyü, Azərbaycanın qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq vətəndaşının özünüidarəetmə hüququndan məhrum olması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Keçirilən müzakirələrdə Azərbaycanın ədliyyə naziri tədbir iştirakçılarının Avropa Şurasının fəaliyyəti, ölkəmizin bu qurumun Nazirlər Komitəsində sədrliyi, habelə bələdiyyələrin işinin səmərəli təşkili ilə bağlı görülən işlər barədə suallarını ətraflı cavablandırıb.
Növbəti gün Konqresin iclasında Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanda separatçılığa qarşı tədbirlər müzakirə edilib.
Mövzu üzrə çıxış etmək üçün Azərbaycanın ədliyyə naziri dəvət olunub.
F.Məmmədov çıxışında belə bir mövzunun gündəmə gətirilməsinin əhəmiyyəti qeyd edib, separatizmin dünyada xaosa, sabitliyin pozulmasına gətirib çıxarmasını, ölkəmizin 20 ildən artıqdır ki, erməni separatizminin qurbanı olduğunu vurğulayıb. BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan azad olunması ilə bağlı 4 qətnaməsinin hələ də Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırıb, beynəlxalq hüququn prinsiplərinin pozulmasına görə Ermənistana qarşı sanksiyaların qəbul edilməsinə çağırıb.
İclasın sonunda məsələ ilə bağlı Bəyannamə qəbul olunub. Sənəddə ölkəmizin təklifləri əsasında Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanda mövcud olan münaqişələrin həll edilməsində ərazi bütövlüyü, suverenlik və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinin mütləq olduğu vurğulanıb.
Plenar sessiyada, həmçinin Konqresə yeni prezidentin seçkisi keçirilib, qurumun vitse-prezidenti, Fransanın senatoru Jan-Klod Frekon qurumun yeni prezidenti seçilib.
Tədbir zamanı Azərbaycan, o cümlədən “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” ilə bağlı fotosərgi təşkil olunub. Sərgidə nümayiş olunan ekspozisiyalar maraqla qarşılanıb.
Konqres çərçivəsində ədliyyə naziri Fikrət Məmmədovun Avropa Şurasının baş katibi Torbörn Yaqland ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında səmərəli əməkdaşlıq, ölkəmizdə aparılan, məhkəmə-hüquq sisteminin inkişafına yönələn islahatlar, o cümlədən elektron məhkəmənin yaradılması, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası, Məhkəmənin presedent hüququnun öyrənilməsi, habelə qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və maraq doğuran digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Tədbirlərdə ədliyyə
nazirinin müavini
Vilayət Zahirov və ölkəmizin Avropa Şurası yanında daimi
nümayəndəsi Emin Eyyubov
iştirak ediblər.
Azərbaycan.
- 2014.- 17 oktyabr.- S. 7.