Azərbaycanda Rusiya kapitallı 570 şirkət fəaliyyət göstərir

 

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Təkcə ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10 faizdən çox artaraq 2,6 milyard dollar təşkil edib, qeyri-neft ixracının 32 faizi bu ölkənin payına düşüb. Bununla belə, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensial imkanlar mövcuddur və Azərbaycan Rusiya ilə əlaqələrin genişlənməsində maraqlıdır.

Oktyabrın 16-da Azərbaycan və Rusiya Federasiyasının (RF) Sankt-Peterburq şəhəri sahibkarlarının iştirakı ilə keçirilən Azərbaycan-Rusiya biznes forumunda mövcud potensialdan daha səmərəli istifadə yolları ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc xəbər verir ki, hər iki tərəfdən sənaye, tikinti, enerji, təhsil və digər sahələrdə fəaliyyət göstərən 100-dək şirkətdən nümayəndələrin qatıldığı biznes forumda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Azərbaycan - Rusiya əlaqələrinin inkişafında RF-nin subyektləri ilə əməkdaşlığın önəmini vurğuladı. Bildirdi ki, ənənəvi hal almış regionlararası forumlar ikitərəfli əməkdaşlığa öz töhfəsini verməkdədir. İndiyədək Azərbaycan və Rusiya arasında iqtisadi sahədə 45-dən çox, ümumilikdə isə müxtəlif sahələrdə 170-dan çox sənəd imzalanıb. Hazırda Azərbaycanda Rusiya kapitallı 570 şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla işləyirlər. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi son 10 ildə təqribən 1 milyard ABŞ dolları təşkil edib.

Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri qubernatorunun müavini Vladimir Lavlensev Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını diqqətə çatdırdı. Son 20 ildə Azərbaycanın qazandığı uğurlar ölkəsində maraqla izləndiyini vurğulayan qonaq qeyd etdi ki, işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlər iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verir. Rusiyanın federal subyektləri ilə Azərbaycan arasında əlaqələrin inkişafı da bu baxımdan xüsusi önəmə malikdir.

RF-nin Azərbaycandakı səfiri Vladimir Daroxin də hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin əməkdaşlığın inkişafında əhəmiyyətini diqqətə çatdıraraq azərbaycanlı sahibkarları Rusiyanın federal subyektləri ilə əlaqələri daha da genişləndirməyə dəvət etdi.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov ölkəmizin biznesinvestisiya imkanlarına, Sankt-Peterburqun Sənaye Siyasəti və İnnovasiya üzrə Komitəsinin sədr müavini Denis Mironov Sankt-Peterburqun iqtisadiyyatına və investisiya potensialına dair təqdimatlarla çıxış etdilər.

Azərbaycan-Rusiya biznes forumu adamları arasında yeni əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə başa çatdı.

 

Azərbaycan. - 2014.- 17 oktyabr.- S.7.