Naftalanda “Qarabağ
SPA and Resort” hotel kompleksi açılıb
Azərbaycan Prezidenti İlham
Əliyevin Naftalan şəhərinə,
Goranboy rayonuna və Gəncə
şəhərinə səfəri
Oktyabrın
17-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva Naftalanda
“Qarabağ SPA and Resort” otel kompleksinin
açılışında iştirak ediblər. Avropa ilə Asiya
arasında körpü olan
respublikamızda idman, mədəniyyət,
incəsənət və digər sahələrdə əldə
olunan yüksək nailiyyətlər xarici iş adamları ilə
yanaşı, turistlərin də ölkəmizə
marağını artırıb. Prezident İlham Əliyevin yürütdüyü
uğurlu siyasət nəticəsində
ölkədə turizmin inkişafı
istiqamətində mühüm layihələrin
icrası da buna
möhkəm zəmin yaradır. Son illərdə
Azərbaycana böyük turist
axını müşahidə olunmaqdadır. Məhz bu baxımdan respublikamızda otel
biznesinin daha da inkişafı üçün
kompleks tədbirlər görülür.
Bu otellərdə qonaqlara
yüksək səviyyəli xidmətlər göstərilir. Digər tərəfdən, dünyanın inkişaf etmiş ölkələri
sırasında mövqeyini daha da möhkəmləndirməyi
qarşıya məqsəd qoyan Azərbaycan
artıq ən mötəbər beynəlxalq tədbirlərin
tez-tez keçirildiyi
məkana çevrilib. Bundan bərabər, ölkəmizdə qeyri-neft sektorunun
inkişafı da başlıca prioritetlərdəndir.
Naftalanda inşası yenicə başa çatan “Qarabağ SPA and Resort” otel kompleksi
də bu istiqamətdə həyata
keçirilən əsaslı addımlardan biridir.
Son illərdə
bölgələrdə istifadəyə verilən müasir mehmanxana kompleksləri
arasında özəlliyi ilə seçilən bu müalicə və istirahət məkanında
yaradılan yüksək şərait bir daha təsdiqləyir ki, bu cür komplekslərin
sayının çoxalması Azərbaycanın iqtisadi potensialını nümayiş
etdirməklə yanaşı, həm də ölkəyə gələn
turistlərin sayının artmasına zəmin yaradır. Bu kompleks də təkcə
Naftalanın deyil, bütün
bölgənin əhəmiyyətli turizm obyektidir. Prezident İlham Əliyev otel kompleksinin rəmzi
açılışını bildirən lenti
kəsdi. Məlumat verildi ki,
burada tikinti işlərinə
2012-ci ildən başlanıb. Görülən işlər nəticəsində
orijinal memarlıq üslubunda
gözəl istirahət məkanı yaradılıb. Sahəsi
13 hektardan çox olan kompleksin əhəmiyyətini
artıran mühüm cəhətlərdən
biri onun yerləşdiyi
ərazidə çoxsaylı istirahət məkanlarının
olmasıdır. Burada balacalardan
tutmuş böyüklərə qədər
hamının maraq dairəsi nəzərə
alınıb, onlar üçün
guşələr yaradılıb. Tennis kortu, basketbol
meydançası, qolf sahəsi istirahətə
gələnlərə unudulmaz anlar bağışlayacaq. Helikopter
meydançasının da olduğu
kompleksdə 8 kilometr uzunluğunda
gəzinti yolları, geniş
yaşıllıq zolaqları salınıb. Diqqətə
çatdırıldı ki, otelin beşmərtəbəli binasında
turistlərə ən yüksək səviyyədə xidmət
göstəriləcək. Müxtəlif korpusları
özündə birləşdirən kompleksdə yaradılan
ideal şərait bir daha ölkəmizdə turizm
sektorunun inkişafına dövlət səviyyəsində
göstərilən diqqəti nümayiş
etdirir. SPA terapiya
üsullarına geniş yer
verilən oteldə müxtəlif restoranlar
və kafelər burada istirahətə gələnlərin
istək və arzularının yerinə yetirilməsinə imkan verir. Bildirildi
ki, 264 yerlik oteldə bütün zəruri avadanlıqla təchiz olunmuş 132 otaq var. Digər mühüm cəhət
burada çalışanların böyük əksəriyyətinin yerli işçilər olmasıdır.
Onların ixtisaslarının artırılması ilə
bağlı müvafiq işlər gedir və bu, gələcəkdə
də davam etdiriləcək. Sonra Prezident İlham Əliyev otelin əməkdaşları
ilə görüşdü. Daha sonra xatirə şəkli
çəkdirildi. Dövlətimizin başçısı və
xanımı elektromobillə otelin ərazisini
gəzdilər.
Azərbaycan.-2014.- 19 oktyabr.- S.1-2.