“Goranboy”
paylayıcı elektrik məntəqəsi
istifadəyə verilib
Azərbaycan Prezidenti İlham
Əliyevin Naftalan şəhərinə,
Goranboy rayonuna və Gəncə
şəhərinə səfəri
Oktyabrın
18-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev “Goranboy” paylayıcı elektrik məntəqəsinin
açılışında iştirak edib.
Dövlətimizin
başçısının enerji müstəqilliyimizin daha
da möhkəmləndirilməsi, ölkə əhalisinin və
iqtisadiyyatının elektrik enerjisinə olan tələbatının
tam ödənilməsi, respublikada elektrik enerjisinin ixrac
potensialının yaradılması sahəsində energetiklər
qarşısında qoyduğu vəzifələrin icrası
uğurla davam etdirilir. Əvvəllər ölkədə
mövcud olan enerji problemləri dövlətimizin
başçısının sərəncam və
tapşırıqlarına əsasən, müvafiq dövlət
proqramları çərçivəsində bölgələrdə
yeni elektrik stansiyalarının və yarımstansiyaların
inşası nəticəsində tamamilə aradan
qaldırılır. Bu da yeni generasiya güclərinin əldə
olunmasına yol açır. Regionlarda bir-birinin ardınca
istifadəyə verilən yarımstansiyalar və
paylayıcı qurğular əhalinin elektrik enerjisi ilə
davamlı təminatında həlledici rol oynayır. Bu mənada
330 kilovoltluq yeni “Goranboy” paylayıcı elektrik məntəqəsi
bölgə üçün mühüm əhəmiyyət
kəsb edəcək.
Azərbaycan
Prezidenti paylayıcı məntəqəni işə
saldı.
“Azərenerji”
ASC-nin sədri Etibar Pirverdiyev dövlətimizin
başçısına məlumat verdi ki, bu layihə üzrə
“Goranboy” paylayıcı elektrik məntəqəsi ilə 330
kilovoltluq “İmişli” yarımstansiyası arasında çəkilmiş
330 kilovoltluq hava xəttinin ümumi uzunluğu 165 kilometrdən
çoxdur. Layihə çərçivəsində 330
kilovoltluq “Goranboy” paylayıcı elektrik məntəqəsi
tikilərək şəbəkəyə qoşulub və o,
respublikada bu gərginlikdə ilk paylayıcı məntəqədir.
“Goranboy” paylayıcı elektrik məntəqəsi ilə
“İmişli” yarımstansiyası arasında hava xəttinin
çəkilişi ilə yanaşı, 330 kilovoltluq 6-cı
“Mingəçevir” və 5-ci “Mingəçevir” hava xətləri
giriş-çıxışla paylayıcı məntəqəyə
birləşdirilib. Burada müasir elektrik avadanlıqları
quraşdırılıb.
Qeyd
edək ki, bu infrastruktur layihəsi dövlətimizin
başçısının müvafiq Sərəncamı ilə
təsdiq olunmuş Azərbaycanda yanacaq-enerji kompleksinin
inkişafı üzrə 2005-2015-ci illəri əhatə edən
Dövlət Proqramı çərçivəsində həyata
keçirilib. Görülən işlərin əhəmiyyətindən
danışarkən vurğulamalıyıq ki, bu infrastruktur
layihəsinin həyata keçirilməsi “Azərbaycan”
İstilik Elektrik Stansiyası, “Goranboy” paylayıcı elektrik
məntəqəsi, “İmişli” yarımstansiyası,
“Şirvan” Elektrik Stansiyası, “Abşeron”
yarımstansiyası arasında enerji sistemində ikinci 330
kilovoltluq enerji dövrəsinin yaradılmasına və
qonşu İran İslam Respublikası ilə enerji mübadiləsinin
həcminin artırılmasına imkan verəcək.
Müvafiq sxem dəyişikliyi etmək və avtotransformator
quraşdırmaqla, paylayıcı məntəqəni
yarımstansiyaya çevirmək mümkündür. Gələcəkdə
belə sxem dəyişikliyinin aparılması,
işğaldan azad olunacaq ərazilərin elektrik enerjisi ilə
təchizatının bu paylayıcı məntəqənin
yarımstansiyasından həyata keçirilməsi nəzərdə
tutulub. “Goranboy” paylayıcı elektrik məntəqəsinin ərazisi
15 hektardır. Burada 18 nəfər daimi işlə təmin
olunacaq. Paylayıcı məntəqənin ərazisində
abadlıq işləri də aparılıb, geniş
yaşıllıq salınıb.
AzərTAc
Azərbaycan.-2014.- 19 oktyabr.- S.3.