Goranboy şəhərinin
su təchizatının yenidən qurulması və
kanalizasiya sisteminin
yaradılması layihəsinin icrası başa çatıb
Azərbaycan Prezidenti İlham
Əliyevin Naftalan şəhərinə,
Goranboy rayonuna və Gəncə
şəhərinə səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva oktyabrın 18-də Goranboy
şəhərinin su təchizatının yenidən
qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin
icrasının başa çatması ilə əlaqədar təşkil
olunan mərasimdə iştirak ediblər.
Davamlı iqtisadi inkişaf mərhələsində olan Goranboyda reallaşdırılan sosial layihələr əhalinin rahatlığına, onların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Bu sırada rayonda icrası başa çatdırılan Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsi xüsusi yer tutur. 2011-ci ildə tikintisinə başlanan hidrokompleksin sifarişçisi Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdir.
Layihəyə əsasən, Goranboy şəhəri və rayonun 18 yaşayış məntəqəsinin, Naftalan şəhəri və kurort şəbəkəsi də daxil olmaqla Qaşaltı və Qasımbəyli kəndlərinin içməli su tələbatını ödəmək üçün saniyədə 114 litr içməli su veriləcək. Nəticədə Goranboy rayonunun və Naftalan şəhərinin 47430 nəfər sakini fasiləsiz içməli su ilə təmin ediləcək. Potensial layihə gücü saniyədə 200 litr su ötürə bilən bu qurğu 2031-ci ilədək Goranboyun əhalisinin 75 faizini, Naftalan əhalisinin isə 100 faizini təmin etməyə hesablanıb. Laboratoriya analizləri suyun keyfiyyətinin yüksək olduğunu təsdiqləyib.
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktoru Əli Məmmədov bildirdi ki, “Azəraqrartikinti” ASC tərəfindən icra olunan layihə çərçivəsində birinci mərhələdə Ballıqaya su mənbəyinin və əsas nəqledici magistral içməli su xəttinin tikintisi başa çatdırılıb. Bu mərhələdə baş suqəbuledici-ötürücü qurğular kompleksi inşa olunub, uzunluğu 36 kilometrdən çox olan magistral su xətti çəkilib. Bundan əlavə, infiltrasiya-drenaj qurğuları sahəsi yaradılıb, perforasiya olunmuş 13 suyığıcı boru quraşdırılıb. Magistral su xətti boyunca təzyiqazaldan 11 hovuz tikilib. İkinci mərhələdə şəhərin su anbarları sahəsi yaradılıb və hər birinin həcmi 1000 kubmetr olan 3 anbar tikilib, inzibati binalar və istehsalat bazası yaradılıb. Bu mərhələdə müxtəlif təyinatlı su və kanalizasiya xətlərinin çəkilməsinə xüsusi diqqət yetirilib, bütün abonentlər su sayğacları ilə təmin olunub. Üçüncü mərhələdə isə məhsuldarlığı gündə 5 min kubmetr olan çirkab və sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması həyata keçirilib. Qurğuların mükəmməl istismarını təmin etmək üçün avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılıb.
Dövlətimizin başçısı Goranboy şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.
Sonra Prezident İlham Əliyev Goranboy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- İlk növbədə, sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, gözəl, tarixi bir gündür. Azərbaycanda Müstəqillik Günü iki dəfə qeyd olunur. Biri Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 May Respublika Günüdür. İkincisi də 18 oktyabr – müstəqilliyimizin bərpası günüdür. Hər iki tarix bizim üçün çox əzizdir. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti tarixi hadisə idi. Çünki müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaranırdı. Eyni zamanda, müstəqilliyimizin bərpası – Azərbaycan uzun fasilədən sonra yenidən müstəqil ölkə kimi yaşamağa başlamışdır. Bu da çox mühüm tarixi hadisədir. Əminəm, Azərbaycan xalqı müstəqillik dövründə görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Ancaq müstəqillik dövründə Azərbaycan sürətlə inkişaf etməyə başlamışdır. Ancaq taleyimiz öz əlimizdə olan zaman biz böyük nailiyyətlərə çata bilmişik və bu gün burada qeyd etdiyimiz hadisə bunun əyani sübutudur.
Goranboy rayonunda, bizim bütün başqa şəhər və rayonlarımızda içməli su həmişə böyük problem olub. Əsrlər boyu böyük problem olub. Ancaq müstəqillik dövründə biz bu problemi aradan qaldırırıq. İndi Goranboy şəhərinə və bir neçə kəndə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Bu, gözəl tarixi hadisədir. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Su insanın həyatı, sağlamlığı üçün əsas amildir. Təmiz içməli su insanın sağlamlığı üçün həddindən artıq önəmlidir və əminəm ki, bizim bütün vətəndaşlarımız təmiz içməli su ilə təmin olunacaqlar. Hazırda ölkə üzrə bütün şəhərlərdə bu layihələr icra edilir. Artıq bir çox yerlərdə icra edilibdir. Keçən il Naftalanda içməli su layihəsinin açılışını qeyd etmişdik və bu işlər ardıcıllıqla aparılır. Qarşıya vəzifə qoyulubdur ki, növbəti 3-4 il ərzində Azərbaycanda bütün şəhərlərdə içməli su və kanalizasiya layihələri 100 faiz icra edilsin. Beləliklə, biz bu böyük sosial proqramı icra etmiş olacağıq.
Bu, doğrudan da sosial layihədir. Çünki bu layihələrin icrasına dövlət büdcəsindən böyük vəsait ayrılır və bu vəsait sırf sosial xarakter daşıyır. Burada kommersiya tərəfindən söhbət açmaq yersizdir. Çünki su tariflərindən yığılan vəsait heç vaxt buraya qoyulan investisiyaların kompensasiyasını təmin etməyəcək. Ona görə Azərbaycan dövləti öz sosial siyasətinə sadiq olaraq bu layihələri icra edir və bu, doğrudan da böyük tarixi nailiyyətdir. Çünki həm Bakıda, həm bizim bütün şəhər və rayonlarımızda içməli su daim böyük problem idi. Bakıda da bu problem həll olunur. Ancaq deyə bilərəm ki, Goranboy şəhərində bu, indi 100 faiz həll olunur. Bakıda hələ ki, əhalinin 78 faizi 24 saat ərzində içməli su alır. Bu səviyyə əvvəlki illərdə təqribən 40-50 faiz idi. Son illər ərzində Oğuz-Qəbələ-Bakı layihəsinin, digər layihələrin icrası, şəbəkənin yeniləşdirilməsi nəticəsində biz Bakını da içməli su ilə təmin edirik. Ancaq hələ ki, Bakıda görüləsi işlər çoxdur. Goranboyda isə artıq bu işlər başa çatıb.
Bu layihələrlə yanaşı, bütün ölkə üzrə digər sosial infrastruktur layihələri icra edilir. Misal üçün, biz Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışını qeyd etdik. Bu da böyük layihədir, bir neçə kəndi birləşdirir. Minlərlə insan bu yoldan istifadə edəcək. Məcburi köçkünlərin evlərlə təmin olunması sosial layihəsi. Əvvəllər dəfələrlə burada olarkən biz məcburi köçkünlər üçün evlərin açılışını qeyd etmişdik. Digər layihələr də icra edilir, iqtisadiyyat artır. Əlbəttə ki, güclü iqtisadiyyatımız olmasa, sosial layihələri icra etmək də mümkün olmayacaq. Niyyət ola bilər, ancaq imkan olmayacaq. Ona görə iqtisadi müstəqillik bizim üçün böyük imkanlar açır. Biz iqtisadi müstəqilliyimizi düşünülmüş siyasətlə, aparılan islahatlarla, investisiya siyasətimizlə və regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə təmin etmişik. Əminəm ki, növbəti illərdə bütün şəhər və rayonlarımızda işlər daha da sürətlə gedəcək. Çünki artıq çox möhkəm baza var. İnfrastruktur layihələrinin böyük əksəriyyəti icra edilir. Növbəti illərdə biz sənayenin, kənd təsərrüfatının inkişafı ilə daha çox məşğul olacağıq.
Bu il “Sənaye
ili”dir. Əlbəttə,
sənaye potensialımızın
inkişafı işsizliyin
də aşağı
səviyyədə saxlanılmasına
xidmət göstərəcək.
Bu gün Azərbaycanda
işsizlik çox aşağı səviyyədədir,
ancaq ümumiyyətlə
olmamalıdır. Azərbaycanda əhali artır. Belə olan halda iqtisadiyyat da, iş yerlərinin yaradılması da buna uyğun şəkildə artmalıdır.
Çünki biz ölkəmizin dayanıqlı inkişafını
təmin edirik.
Təbii resurslarımız var və biz onlardan da səmərəli şəkildə istifadə
edirik. Keçən ay “Cənub” qaz
dəhlizinin təməli
qoyulmuşdur. Bu da bundan sonra
onilliklər ərzində
bizim üçün
həm maliyyə-gəlir
mənbəyi olacaq, eyni zamanda, bizim
dünya miqyasında mövqelərimizi daha da möhkəmlədəcək.
Kənd təsərrüfatı, regionların
inkişafı, belə
gözəl infrastruktur
layihələrinin icrası
bugünkü Azərbaycanın
reallıqlarıdır. Bunu biz yaratmışıq, Azərbaycan
xalqı öz zəhməti, istedadı hesabına yaradıb, bunu bizim siyasətimiz
mümkün etmişdir.
Çünki bu gün dünya miqyasında iqtisadi inkişaf baxımından Azərbaycan
kimi sürətlə
inkişaf edən ikinci ölkə yoxdur.
Hər tərəf od
tutub yanır. Bizim ətrafımızda münaqişələr,
qanlı toqquşmalar,
müharibələr baş
verir. Azərbaycan sabitlik, əmin-amanlıq
və inkişaf adasıdır. Biz ölkəmizi, vətəndaşlarımızı
bütün bəlalardan,
mümkün olan bütün təhlükələrdən,
risklərdən qoruyuruq
və qoruyacağıq.
Azərbaycan xalqı daha
da yaxşı yaşamalıdır, buna layiqdir. Azərbaycan dövləti bunu
təmin edəcək.
Bax, bugünkü layihə bunu bir daha
göstərir.
Bir daha demək istəyirəm ki, bu layihənin
məhz Müstəqillik
Günündə açılışı
rəmzi xarakter daşıyır. Çünki bir daha qeyd etmək istəyirəm ki, xalqımız üçün
lazım olan bu layihələri məhz müstəqillik dövründə icra edirik. Bu gün
bizim taleyimiz öz əlimizdədir.
Azərbaycan inamla inkişaf
edir. Azərbaycan etibarlı əllərdədir.
Əminəm ki, biz bu gözəl dinamikanı gələcək illərdə
də saxlayacağıq.
Sizi gözəl hadisə münasibətilə bir daha təbrik edirəm.
X X X
Rayon ictimaiyyətinin nümayəndələri
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya ölkəmizin,
o cümlədən Goranboy
rayonunun inkişafına
göstərdikləri diqqət
və qayğıya görə minnətdarlıqlarını
çatdırdılar.
SAKİN:
Möhtərəm cənab
Prezident, Azərbaycan xalqına, o cümlədən
goranboylulara göstərdiyiniz
bu böyük diqqət və qayğı üçün
Sizə təşəkkür
edir, bütün rayon
ictimaiyyəti adından,
ağsaqqallar adından
minnətdarlığımızı bildiririk. Sizə, ailənizə möhkəm
cansağlığı, xoşbəxtlik,
səadət arzulayırıq.
Çətin, şərəfli, məsuliyyətli işinizdə
Sizə uğurlar diləyirik.
Prezident
İlham ƏLİYEV: Sağ
olun.
SAKİN:
Ömrünüz su qədər uzun olsun! Allah Sizi qorusun!
Prezident
İlham ƏLİYEV: Çox
sağ olun.
SAKİN:
Cənab Prezident, Siz şərəfli və müqayisəyəgəlməz,
ölçüyəgəlməz fəaliyyətinizlə xalqın
böyük sevgisini qazanan dövlət başçısısınız. Təşəkkür edirik, minnətdarlığımızı
bildiririk.
Prezident
İlham ƏLİYEV: Çox
sağ olun.
SAKİN:
Möhtərəm cənab
Prezident, hörmətli
Mehriban xanım, rayon ziyalıları adından
sizə təşəkkür
edirik.
X X X
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2014.- 19 oktyabr.- S.4.