Gəncədə 2
nömrəli körpələr evi-uşaq
bağçasının açılışı olub
Azərbaycan Prezidenti İlham
Əliyevin Naftalan şəhərinə,
Goranboy rayonuna və Gəncə
şəhərinə səfəri
Oktyabrın
18-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva Heydər
Əliyev Fondunun təşəbbüsü ilə Gəncə
şəhərində inşa olunan 2 nömrəli körpələr
evi-uşaq bağçasının
açılışında iştirak ediblər.
Ölkəmizdə
məktəbəqədər tərbiyə müəssisələrinin
yenidən qurulması və yenilərinin tikilməsi ilə
bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini
verir. Bu prosesdə Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondu da mühüm rol oynayır. Fondun təhsillə
bağlı layihələrində məktəbəqədər
müəssisələrin yenidən qurulmasına, yenilərinin
tikilməsinə, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə
nail olunmasına geniş yer ayrılıb. Son illərdə
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə paytaxtın bir çox uşaq bağçalarında əsaslı
təmir və yenidənqurma işləri aparılıb, yeni
uşaq bağçalarının tikilməsi ilə
bağlı regionlarda da xeyli iş görülüb. Bununla da
məktəbəqədər təhsilin inkişafına nail
olmaq istiqamətində bir sıra uğurlar əldə edilib.
Bu layihələrdən əsas məqsəd son illərədək
bir çox problemləri mövcud olan məktəbəqədər
təhsildəki bütün
çatışmazlıqların aradan qaldırılması
idi. Birinci xanım Mehriban Əliyevanın diqqət və
qayğısı sayəsində artıq bu məqsədə
nail olunub. Eyni zamanda, Heydər Əliyev Fondu bu sahədə hələ
də mövcud olan problemlərin aradan qaldırılması
üçün yeni bir layihəyə start verib. “Məktəbəqədər
təhsil müəssisələrinin inkişafı”
proqramı ictimaiyyətə təqdim edilib.
Prezident
İlham Əliyev 2 nömrəli körpələr
evi-uşaq bağçası binasının rəmzi
açılışını bildirən lenti kəsdi.
Dövlətimizin
başçısı və xanımı körpələr
evi-uşaq bağçası ilə yaxından tanış
oldular. Məlumat verildi ki, ikimərtəbəli binada
uşaqların təlim-tərbiyəsi və gələcəyin
sağlam vətəndaşı kimi yetişmələri
üçün hər cür şərait yaradılıb.
Burada müasir təlim-tərbiyə qaydalarına riayət
olunmaqla 7 qrup yaradılıb və uşaqların istirahəti
üçün geniş imkanlar var. Bu qruplarda təlim-tərbiyə
işləri Azərbaycan və rus dillərində
aparılır. Uşaqların intellektual, fiziki və əqli
inkişafı, onların istedad və qabiliyyətlərinin
üzə çıxarılması,
sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin
qurulması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə
müasir sinif otaqları yaradılıb. Uşaqların
qidalanmasına xüsusi diqqət yetirilir. Bağçanın
ərazisi abadlaşdırılıb, yaşıllıq
zolaqları salınıb. Burada da uşaqların mənalı
istirahəti üçün hər cür şərait
vardır.
AzərTAc
Azərbaycan.-2014.- 19 oktyabr.- S.7.