Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir

 

XX əsrin sonlarına doğru dünyada cərəyan edən qlobal siyasi proseslərin məntiqi yekunu kimi sovet imperiyasının süqutu bütövlükdə postsovet ölkələrində insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində ciddi dönüş yaratmaqla bərabər, Azərbaycanın öz müstəqilliyini elan etməsinə, habelə beynəlxalq birliyin bərabərhüquqlu subyekti kimi dünya dövlətləri sırasına qoşulmasına imkan verdi.

1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Konstitusiya Aktı respublikamızı rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil respublika elan etmişdir. Həmin aktda eyni zamanda Azərbaycan xalqının idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını tariximilli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun sürmək hüququ təsbit olunmuşdur.

"Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqiunitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdı. Konstitusiya Aktında hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri də rəsmən elan edilmişdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın öz müstəqilliyini elan etməsinə baxmayaraq, respublikanın müstəqilliyi deklorativ xarakter daşıyırdı. Dövlətçiliyin iqtisadi, siyasi, hüquqiideoloji əsaslarını sarsıdan bir çox sosial-mənəvi problemlər də məhz müstəqilliyin bu səciyyəvi cəhəti üzündən meydana çıxmışdı. De-yure müstəqilliyini bəyan etmiş Azərbaycanın de-fakto müstəqil dövlət kimi yaşamasında və müstəqil siyasət yeritməsində ciddi problemlər mövcud idi.

1991-1993-cü illərdə hakimiyyətdə olmuş naşı iqtidarın "bədnam fəaliyyəti" üzündən respublikamızın xarici siyasəti irreal və məqsədi bəlli olmayan "prinsiplər" üzərində qurulmuş, xalqın milli maraq və mənafeləri nəinki regional, hətta beynəlxalq təhdid altına düşmüşdü. Hüquq-mühafizə orqanlarının öz üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətin yaranmasına səbəb olmuşdu. Respublikada qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, dövlət idarəçiliyinin iflic vəziyyətə düşməsi, ayrı-ayrı siyasətçilərin "könüllü döyüşçü" adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Bir tərəfdən ayrı-ayrı məmurların özbaşınalıqları və dövlətin o zamankı rəhbərinə tabe olmamaları nəticəsində hakimiyyət böhranının dərinləşməsi, digər tərəfdən isə ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərlə baş qaldırması ölkədə gərgin vəziyyət yaratmışdı.

Belə bir böhranlı və ağır vəziyyətdə xalqın çıxış yolunu yenə də müdrik rəhbərin - ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi bu obyektiv reallıqlarla şərtlənirdi. Xalq başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qiyamı yatırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə, alternativsiz lider məhz Heydər Əliyevdir! Həmin dövrdə xalqın ulu öndərə olan böyük sevgi və inamını dolayısı ilə etiraf etmək məcburiyyətində qalan AXC-Müsavat cütlüyünün Heydər Əliyevi acizanə şəkildə Bakıya dəvət etməsi də məhz bu reallıqla şərtlənirdi.

Ümummilli liderin 1993-cü il iyunun 9-da xalqın təkidli istəyinə səs verərək  Bakıya qayıtması isə onun nə qədər qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqlədi. Ulu öndər Heydər Əliyev Azərbaycan ərazilərini hakimiyyətin yurisdiksiyasına qaytardı və bu ərazilərdə qondarma "dövlət"lər və "nüfuz dairə"ləri yaratmış qüvvələri tam zərərsizləşdirdi. Bununla da Azərbaycan xalqı vətəndaş müharibəsindən, dövlətimiz isə siyasi xəritədən silinmək təhlükəsindən xilas oldu. Ulu öndər ilk gündən milli qanunvericiliyin yeni dövrün tələblərinə uyğunlaşdırılması, cəmiyyət həyatı üçün faydalı olan bir sıra yeni qanunların qəbulu prosesini də diqqət mərkəzində saxlamışdır. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Azərbaycan Respublikası Ali Sovetinə rəhbərlik etdiyi dövr Azərbaycan parlamentarizmi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişləndiyi, hərbi əməliyyatların şiddətləndiyi bir zamanda Heydər Əliyev parlamentdə ilk növbədə müdafiə sisteminin hüquqi bazasının təkmilləşdirilməsini, nizami ordu quruculuğuna xidmət edən qanunların hazırlanmasını və qəbulunu vacib saymışdır. Cəmi 4 ay müddətində 120-dək qanun və qərarın qəbulu ulu öndərin parlamentin spikeri kimi səmərəli fəaliyyətini bir daha təsdiqləyir. 1993-cü il oktyabrın 10-da xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər Heydər Əliyev qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə bu istiqamətdə əlavə tədbirlərin həyata keçirilməsini də təmin etmişdir.

Azərbaycanda demokratikləşmənin və modernləşmənin ilkin mərhələsi üçün xarakterik xüsusiyyətlərdən biridünya təsərrüfat sisteminə və ümumilikdə Avratlantik məkana sürətli inteqrasiyanın təmin edilməsi olmuşdur. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiyainformasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan vermişdir. Avropa Şurası, ATƏT, Avropa Birliyi kimi mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq təkcə siyasi-hüquqi deyil, ictimai həyatın digər sahələrində də kardinal dəyişikliklərə yol açmış, respublikamıza xarici sərmayə qoyuluşlarının həcmi artmış, iqtisadi modernləşmə və siyasi liberallaşma üçün əlverişli zəmin formalaşdırmışdır. Azərbaycan qısa müddətdə inanılmaz inkişaf yolu keçərək bir sıra Qərb dövlətlərinin onilliklər ərzində əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində böyük uğurlar əldə etmişdir. Demokratiyanın davamlı milli inkişaf baxımından qaçılmazlığı və müstəsna əhəmiyyət daşıması fikri ictimaiyyət tərəfindən də birmənalı qəbul olunmuşdur.

Bu gün əminliklə demək olar ki, müstəqil Azərbaycanın hazırkı böyük və həlledici uğurları bünövrəsini 1993-cü ilin 15 iyun tarixindən götürür. Müstəqil Azərbaycan Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni-yeni uğurlara doğru inamla irəliləyir. Heydər Əliyev siyasi kursunun laiyqli davamçısı Prezident İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır.

Prezident İlham Əliyev son 11 il ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur. Azərbaycan Prezidentinin fəaliyyətinin təhlili göstərir ki, ötən illərdə konturları hələ böyük strateq Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir.

Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün ilk növbədə insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidenti yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsünonu hiss eləsin..." - deyən cənab İlham Əliyev ulu öndərin dövlətçilik irsinə sədaqətini bir daha nümayiş etdirir. Dövlət başçısı irəli sürdüyü bu prinsipləri gerçəkliyə çevirmək üçün ardıcıl, məqsədyönlü və uğurlu fəaliyyət göstərmiş, bütün məsələlərdə məhz xalqın mənafeyini əsas götürmüşdür.

 

E.HACALIYEV

 

Azərbaycan. - 2014.- 18 oktyabr.-  S.5.