Məhkəmə orqanlarının müstəqilliyini təmin edən lider

 

Cənab İlham Əliyevin ücüncü müddətdə prezidentlik

 fəaliyyətinə başlamasının bir ili tamam olur

 

Seçkilər hər bir xalqın tarixində mühüm rol oynayan, onun gələcək inkişaf yolunu müəyyən edən əsas siyasi proses kimi xarakterizə olunur. Bu prosesin məntiqi yekunu olaraq da hər bir xalq öz taleyini müəyyən müddətdə inandığı, etibar etdiyi siyasi qüvvəyə bağlayır.

Fəaliyyətində ictimai rəyə əsaslanan, hər bir fərdin maraq və mənafeyini özündə ehtiva edən siyasət hər zaman ictimai etimad qazanır, dəstəklənir. Son 10 ildə Azərbaycanda çevik və işlək mexanizmlər üzərində gerçəkləşdirilən, praktik fəaliyyətə söykənən siyasətin 2013-cü ilin 9 oktyabr seçkilərində ümumxalq dəstəyi ilə müşayiət olunması da məhz bu reallıqla şərtlənmişdir.

Cənab İlham Əliyevin ötənilki prezident seçkilərində qazandığı parlaq qələbənin bir mühüm səbəbi də var: dövlət başçısı son 10 ildə insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirmişdir. Milli maraqlara əsaslanan daxilixarici siyasət nəticəsində dinamik inkişaf edən Azərbaycan beynəlxalq arenada nüfuzunu daha da gücləndirmiş, qlobal tədbirlərin, idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Şübhə yoxdur ki, gələn il "Avro - 2015" ilk Avropa Oyunları da respublikamızda yüksək səviyyədə keçiriləcək, ölkəmiz daha bir nüfuzlu idman tədbirinə layiqincə ev sahibliyi edəcəkdir. 

2013-cü il oktyabrın 19-da xalqa və dövlətə sədaqət andı içən Prezident İlham Əliyev dərin məzmunlu nitqində milli maraqlara əsaslanan bu siyasətin qarşıdakı illərdə də davam etdiriləcəyini vurğulamışdır: "Son on ilin təcrübəsi onu göstərir ki, "xalq", "millət" anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq".

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi son 10 ildə həm də insan hüquq və azadlıqlarının təminatına, habelə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsinə, ictimai həyatın bütün sahələrində şəffaflıq və hesabatlılığın təmin edilməsinə, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə xidmət edən kompleks tədbirlər həyata keçirmişdir. 2003-cü ildən Prezident İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində gerçəkləşdirilən genişmiqyaslı islahatlar da ardıcıl və davamlı səciyyə daşıyır. Ölkə rəhbəri ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv şəraitdə həyata keçirilməsi, bu prosesdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması, habelə korrupsiyaya qarşı mübarizə baxımından hakim korpusunun sağlamlaşdırılması tədbirlərini xüsusi diqqət mərkəzində saxlamışdır.

Son illər Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad, obyektiv və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə layiqli insanların seçilməsinə xidmət etmişdir. Hakimliyə namizədlərin seçilməsi kimi mühüm vəzifəni yerinə yetirən Hakimlərin Seçki Komitəsinin məqsədyönlü fəaliyyətinin nəticəsi kimi 2007-2013-cü illərdə 307 nəfər hakimliyə namizəd şəffaf və mütərəqqi üsulla seçilərək, hakim vəzıfələrinə təyin olunmuşlar. Seçim prosedurları zamanı hakim vəzifəsini tutacaq şəxslərin qanunları mükəmməl bilməsi, geniş dünyagörüşünə, yüksək insani keyfiyyətlərə malik olmasına, cəmiyyətdə müsbət reputasiya ilə tanınmasına xüsusi diqqət yetirilmişdir.

Xatırlatmaq lazımdır ki, Azərbaycan Avropa Şurasına üzv qəbul edilərkən üzərinə götürdüyü öhdəliklər sırasında hakimlərin müstəqilliyinin artırılması məqsədilə onların təyinat müddəti və seçim proseduru məsələlərinin nəzərdən keçirilməsi məsələsi də var idi. Əvvəllər hakimlər birinci instansiya məhkəmələrinə 5 il, yuxarı instansiya məhkəmələrinə isə 10 il müddətinə təyin edilirdilər. Aparılan mütərəqqi məhkəmə islahatları nəticəsində son illər hakimlərin son yaş həddinədək (65 yaş) təyinatı müəyyən olunmuş, habelə seçim prosedurları təkmilləşdirilmişdir. Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) ekspertləri respublikamıza çoxsaylı səfərlər edərək hakimlərin seçilməsi prosedurlarını yaxından izləmiş, Azərbaycanın bu sahədəki uğurlarını digər ölkələrə örnək kimi göstərmişlər.

Son illər həyata keçirilən islahatların digər bir mühüm istiqamətini də regionlarda yaşayan əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması olmuşdur. Bu məqsədlə Lənkəranda, Gəncədə və Şəkidə ağır cinayətlər məhkəmələri, habelə yerli iqtisad məhkəmələrinin əsasında inzibati-iqtisadi məhkəmələr yaradılmışdır. 2011-ci il yanvarın 1-dən iqtisadi xarakterli işlərə ümumi yurisdiksiyalı məhkəmələrdə deyil, inzibati-iqtisadi məhkəmələrdə baxılır. Bu isə iqtisadi xarakterli mübahisələrin ixtisaslaşmış birinci məhkəmə instansiyasında tam, ədalətli, obyektiv araşdırılmasına, qanunamüvafiq şəkildə baxılmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

Məhkəmələr üçün yeni inzibati binaların inşası, mövcud binaların əsaslı təmir olunması, onların maddi-texniki bazasının gücləndirilməsi, hakimlərə müasir informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə imkanlarının yaradılması ümumən, ölkədə ədalət mühakiməsinin səmərəliliyinin daha da yüksəldilməsinə, korrupsiyaya qarşı mübarizəyə xidmət etmişdir. Bakıda və regionlarda inşa olunan yeni məhkəmə binalarının bir üstün cəhəti də ondan ibarətdir ki, onlar inzibatiictimai zonalara bölünürlər və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçısı və vəkillər ictimai zonadan istifadə edirlər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər. Hakimlərlə vətəndaşların birbaşa ünsiyyətinin məhdudlaşdırılması şəffaflığın təminatı və korrupsiyaya qarşı mübarizə baxımından mühüm addımlardan biri kimi dəyərləndirilməlidir.

Yeni məhkəmə binalarında müasir İKT tətbiq edilməklə, bütün məhkəmələr arasında, o cümlədən Məhkəmə-Hüquq Şurası ilə elektron sənəd dövriyyəsi və sənədlərin avtomatlaşdırılmış idarəetmə sistemi üçün zəruri infrastruktur quraşdırılmışdır. Şəffaflığın təmini üçün məhkəmə qərarlarının dərci nəzərdə tutulmuş, Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, mütərəqqi qaydası qəbul olunmuşdur.

"Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi" çərçivəsində, həmçinin Məhkəmə-Hüquq Şurası, Hakimlərin Seçki Komitəsi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, habelə Ədliyyə Nazirliyinin qeydiyyat qurumları ən müasir İKT-lərlə təchiz olunmuş, "Qeyri-kommersiya hüquqi şəxslər" üçün avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi, Bakıda və bölgələrdə hüquqi məsləhət mərkəzləri yaradılmışdır. Ölkə Prezidenti möhtərəm İlham Əliyevin bir sıra məhkəmə binalarının açılışında şəxsən iştirak etməsi məhkəmə hakimiyyətinin müasirləşdirilməsinə verilən önəmin əyani təzahürü olmuşdur.

Korrupsiyanın qarşısının alınmasında mühüm amil olan hakimlərin maddi təminatının yaxşılaşdırılması da Azərbaycan dövləti tərəfindən diqqətdən kənarda qalmamış, 2000-ci illə müqayisədə hakimlərin əməkhaqqı 30 dəfə artırılmışdır.

Ölkə rəhbərinin 2014-cü il 13 fevral tarixli "Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında" sərəncamı isə bu sahədə ötən illərdən başlanmış işlərin keyfiyyətcə yeni mərhələdə daha da genişlənməsinə, məhkəmələrdə İKT-nin ən son nailiyyətlərinin tətbiqinə imkan verən əlahiddə əhəmiyyətli sənəddir. Bunda məqsəd ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmini, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsidir. Bu yenilik vətəndaşların məhkəmələrlə münasibətlərinin daha çevik formada qurulmasına, süründürməçilik hallarının aradan qaldırılmasına, işlərə baxılmasında operativliyin təminatına imkan yaradır, şəffaflığı maksimum dərəcədə təmin edir.

Öz növbəsində Ali Məhkəmə də qanunvericilik təşəbbüsündən istifadə edərək hakimlərinin müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edən tədbirlər həyata keçirir. Ali Məhkəmənin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 93-4-cü (Hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydası) maddəsinə edilmiş əlavəyə görə, hakim vəzifəsindən öz arzusu ilə azad olunan şəxs bu qanunun 93-3-cü maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş prosedurlardan kənar, Məhkəmə-Hüquq Şurasında müsahibədən keçməklə, qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hakim təyin edilə bilər. Qanunun 100-cü (Hakimlərin müstəqilliyi) maddəsinə edilmiş əlavəyə görə, hakimin fəaliyyətinə kənar müdaxilə olduqda, o bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidir.

Mühüm əlavələrdən biriqanunun 106-cı (Hakimlərin maddi təminatı)  maddəsinə edilmişdir. Həmin əlavəyə əsasən, hakimin fəaliyyəti dövründə onun əməkhaqqının məbləği aşağı salına bilməz. Bu müddəa hakimlərin müstəqilliyinin daha da möhkəmləndirilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləyir, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, insan hüquq və azadlıqlarının təmini, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Ulu öndərin siyasi kursunu bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyev bəyan edib ki, hər hansı ölkənin sabit və davamlı inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır. Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində də ən qabaqcıl dövlətlərdən birinə çevriləcəkdir.

 

Hikmət MİRZƏYEV,

Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının sədri

Azərbaycan.-2014.- 19 oktyabr.- S.9.