Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib

 

Qarşıdan gələn bələdiyyə seçkilərində aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçki sahəsində bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə dairə seçki komissiyalarının sədrləri üçün oktyabrın 17-də Mərkəzi Seçki Komissiyasının inzibati binasında müşavirə keçirilib.

AzərTAc xəbər verir ki, müşavirə Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən təşkil edilib.

Müşavirəni açıq elan edən MSK sədri Məzahir Pənahov azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərin demokratik dünyanın tələblərindən biri olmaqla bərabər, həm də demokratik dəyərlərin inkişafının əsas göstəricilərindən olduğunu bildirdi. O qeyd etdi ki, Azərbaycan Respublikasında azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ilə bağlı bir ənənə formalaşıb. Aparılan uğurlu siyasət nəticəsində bərqərar olmuş ictimai-siyasi sabitlik seçkilərin yüksək səviyyədə və demokratik şəkildə keçirilməsinə hərtərəfli imkan yaradır. Ölkəmizdə seçki praktikası təkmilləşdirilib, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradılıb. MSK sədri azad və ədalətli seçkilərin keçirilməsi üçün məhz dövlətimizin başçısının ciddi mövqeyinin, konkret siyasi iradəsinin, eləcə də diqqət və qayğısının olduğunu vurğuladı. MSK da daxil olmaqla, 125 dairə seçki komissiyasının 100-dən çoxu üçün yeni inzibati binaların tikildiyini, digərlərində isə zəruri yenidənqurma işləri aparılaraq şəraitinin yaxşılaşdırıldığını, maddi-texniki bazalarının möhkəmləndirildiyini qeyd edən M.Pənahov, seçki komissiyaları üçün yaradılan bu şəraitin dünyada nümunə olduğunu bildirdibuna görə ölkə rəhbərliyinə Mərkəzi Seçki Komissiyası adından minnətdarlığını ifadə etdi.

MSK sədri ilin sonunda təşkil olunacaq bələdiyyə seçkiləri ilə bağlı görülmüş işlər və növbəti mərhələdə həyata keçiriləcək layihələr barədə müşavirə iştirakçılarını məlumatlandırdı, tövsiyələrini verdi.

Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin müdir müavini Hüseyn Mövsümov Azərbaycanda 1607 bələdiyyəyə keçiriləcək seçkilərin yüksək səviyyədə təşkil olunması üçün lazımi şərait yaradıldığını bildirdi. H.Mövsümov qeyd etdi ki, seçkilərin keçirilməsi ilə bağlı bütün maddi-texniki problemlər aradan qaldırılıb. Dairə seçki komissiyalarının müasir tələblərə cavab verən şəraitlə təmin olunması seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinə imkan verir. Eyni zamanda, ölkəmizin seçki qanunvericiliyi də dünyanın ən qabaqcıl ölkələrinin müvafiq sənədlərindən geri qalmır. Bununla belə görülən işlərlə kifayətlənilməməli, aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlığının artırılmasına, onların maarifləndirilməsinə daha çox diqqət yetirilməlidir.

“Bələdiyyə seçkiləri elə təşkil olunmalıdır ki, beynəlxalq təşkilatlar onu Azərbaycanın demokratiya istiqamətində növbəti qələbəsi kimi qəbul etsinlər”, - deyən Milli Məclisin Regional Məsələlər üzrə Komitəsinin sədri Arif Rəhimzadə, ölkəmizdə müsbət seçki təcrübəsinin formalaşdığını vurğuladı. O bildirdi ki, yeni qanun layihəsində bələdiyyələrin hər il seçicilər qarşısında hesabat verməsi nəzərdə tutulur. Əgər onların fəaliyyəti seçiciləri tərəfindən bəyənilməsə, həmin bələdiyyələr vaxtından əvvəl buraxıla bilər.

Daha sonra Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov, daxili işlər nazirinin müavini Oruc Zalov, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev, Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov və Ədliyyə Nazirliyinin bələdiyyələrlə mərkəzinin rəis müavini Fazil Məmmədov bələdiyyə seçkiləri ilə bağlı müxtəlif mövzularda təqdimatlarla çıxış etdilər.

Maarifləndirmə tədbiri növbəti gün dairə seçki komissiyaları sədrlərinin Bakı şəhərində yerləşən seçki dairələrində təcrübə mübadiləsi ilə davam etdiriləcək.

Layihənin ikinci mərhələsində oktyabrın 22-dən 24-dək dairə seçki komissiyalarının digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi nəzərdə tutulur.

 

Azərbaycan. - 2014.- 18 oktyabr.-  S.5.