Dövlət İdarəçilik Akademiyasında keçirilən elmi-praktik konfrans Müstəqillik Gününə həsr olunub

 

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 18 oktyabr - Müstəqillik Gününə həsr olunan elmi-praktik konfrans keçirilib.

Akademiyadan AzərTAc-a verilən məlumata görə, dövlət himninin səslənməsindən sonra konfransda çıxış edən rektor, akademik Urxan Ələkbərov Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ildönümünün hər bir azərbaycanlının böyük fəxrlə qeyd etdiyi tarixi hadisə olduğunu deyib. Rektor bu bayramın Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində də qeyd edildiyini söyləyib. Bildirilib ki, Azərbaycan xalqının ikinci dəfə müstəqilliyini elan etməsi bir əsrdə xalqımızın siyasi tarixində yaşadığı ikinci ən parlaq qələbə idi. Müstəqilliyimizin ilk illərində xalqımız dünyaya bəxş etdiyi dahi insan, böyük vətənpərvər şəxsiyyət Heydər Əliyev kimi görkəmli bir siyasətçinin siyasi hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və buna nail oldu. “Müstəqilliyimiz dönməzdir, əbədidir” deyən ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində böyük uğurlar əldə edilib. Rektor Prezident İlham Əliyevin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı imzaladığı sənədi müstəqillik tarixində əlamətdar hadisə kimi dəyərləndirib.

Konfransda Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının professoru Musa Quliyev, “Politologiyasiyasi idarəetmə kafedrası”nın dosenti Sevil Məmmədova, “Dövlət idarəçiliyinin hüquqi təminatı” kafedrasının professoru Bəhram Zahidov məruzə ilə çıxış edərək, dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrdən, müstəqil Azərbaycanın davamlı inkişafının təmin edilməsində həyata keçirilən uğurlu strategiyanın elmi əsaslarından danışıblar.

 

Azərbaycan. - 2014.- 18 oktyabr.- S. 6.