Ölkəmizin elektrik enerjisi sistemi uğurlu inkişaf yolundadır

 

20 oktyabr energetiklərin peşə bayramıdır

 

Elektrik enerjisi sahəsi Azərbaycanın sosial problemlərinin

 həll olunmasında  xüsusi rol oynayır.

 

Heydər ƏLİYEV

 

Azərbaycan elektrik enerjisi sisteminin çoxsaylı kollektivi on ildir ki, 20 oktyabr gününü öz peşə bayramları günü kimi qeyd edirlər. Prezident İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli sərəncamı ilə təsis olunmuş bu əlamətdar bayramı energetiklər böyük ruh yüksəkliyi ilə qarşılayırlar.

Məqsədyönlü enerji siyasəti hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirmiş, bu sahədə misilsiz quruculuq işləri görmüşdür. Azərbaycanda müstəqil elektrik enerji sisteminin formalaşması, dövlətimizin enerji təhlükəsizliyinin təmin olunması ulu öndərin şərəfli adı ilə bağlıdır.

Sovetlər dönəmində enerji resurslarının həcminə görə zəngin olan Azərbaycan xalqının yalnız cüzi tələbatı ödənmişdir. Lakin 1969-cu ildə Azərbaycana rəhbər seçilən ümummilli lider Heydər Əliyev mövcud generasiya güclərinin və şəbəkə təsərrüfatının sürətli inkişaf mərhələsinə qədəm qoyan ölkə iqtisadiyyatının tələblərinə cavab vermədiyini müəyyənləşdirmiş və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirmişdir.

 

İmkanlar səfərbər edildi

 

Elektrik enerjisinə artan tələbatın təmin edilməsi üçün enerjisistemin bütün imkanları səfərbər edildi.

1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində  "Araz"  Azərbaycan - İran birgə hidroloji silsiləsinə daxil olan hər biri 22 MVt gücündə iki elektrik stansiyasının inşasına başlandı. 

1976-1977-ci illərdə 50 MVt gücündə Tərtər SES istifadəyə verildi. Həmin stansiya indi təcavüzkar  Ermənistanın  işğalı  altında olan ərazidədir.  

Ötən əsrin 70-ci illərinin sonlarında respublikanın  elektrik stansiyaları 15,4 mlrd. kVt-saat elektrik enerjisi istehsal edirdi. Bununla belə, sürətli inkişafda olan iqtisadiyyatın durmadan artan tələbatı Azərbaycanı qonşu respublikalardan 3-3,5 mlrd. kVt-saat elektrik enerjisi idxal etmək məcburiyyətində qoyurdu. Bu çatışmazlığı aradan qaldırmaq üçün tez bir zamanda Şəmkir SES-in və Azərbaycan DRES-in (indiki Azərbaycan İES) inşasına başlamaq üçün ulu öndər o zamanlar SSRİ Nazirlər Sovetinin rəhbərliyi ilə danışıqlar apararaq bu stansiyaların tikintisinə razılıq almağa nail olmuşdur.

Azərbaycan DRES-in tikintisinə 1974-cü ildə başlanıldı. 300 MVt gücündə ilk enerji bloku 1981-ci, yenə həmin gücdə sonuncu, yəni 8-ci enerji bloku 1990-cı ildə istismara verildi. Stansiyanın birinci enerji bloku iştismara buraxılarkən ulu öndərin Mingəçevir şəhərinə gəlişi, stansiyanın vəziyyəti ilə tanış olaraq energetiklərə və inşaatçılara dəyərli tövsiyələrini verməsi əlamətdar hadisəyə çevrildi.

Şəmkir SES silsiləsinin 380 MVt gücündə ilk hidroloji qurğusu isə 1981-82-ci illərdə istismara verildi.

Ümummilli liderin xalqımıza bəxş etdiyi töhfələr sırasında xüsusi yeri olan Azərbaycan İES bu gün də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malikdir.

Beləliklə, 1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edən respublika idisə, 1982-ci ildə artıq elektrik enerjisi ixracatçısına çevrilmişdi.

Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistematik inkişaf etdirilmiş və respublikamızın dayanıqlı enerji sistemi yaradılmışdır. 1968-71-ci illərdə 330 kV-lik Şirvan İES-Ağdam-Gəncə-Ağstafa və Şirvan İES-Yaşma-Dərbənd yüksək gərginlikli xətləri, həmçinin 330 kV-lik "Yaşma", "Gəncə" və "Ağstafa" qovşaq yarımstansiyaları inşa edilib istismara verildi. 60-cı illərdə 220 kV-lik iki Şirvan-Xırdalan xətti çəkildi. Bu xətlərin istismara verilməsi enerjinin qıt olduğu Abşeron yarımadasına Şirvan İES-dən elektrik enerjisi ötürülməsini təmin etdi.

Azərbaycan İES-in inşası respublikanın enerji şəbəkəsinin inkişafında yeni mərhələnin başlanğıcı oldu. 500 kV-lik 1-ci Abşeron EVX, 2-ci Abşeron EVX,  Muxranis-Veli EVX, 330 kV-lik 4-cü və 5-ci Mingəçevir EVX-lər çəkildi. Ötən əsrin 80-ci illərində, həmçinin 500 kV-lik "Abşeron", 330 kV-lik "İmişli", 220 kV-lik "Hövsan", "Nizami", "Müşfiq", "Səngəçal", "Masallı", "Ağsu", "Babək" qovşaq yarımstansiyaları istismara verildi, 330 kV-lik 3-cü Əli Bayramlı EVX-lər istismara verilmişdir.

 Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində respublika ərazisinin 20 faizinin işğal altına düşməsi Azərbaycanın enerji sisteminə dağıdıcı təsir göstərmişdir. Yuxarıda qeyd edildiyi kimi, 50 MVt gücündə Tərtər SES, müxtəlif gücə malik yarımstansiyalar, ümumi uzunluğu 5000 km-dən artıq olan EVX  işğal altında qalmışdır.

 

Energetikanın problemləri ön plana çəkildi

 

1991-1992-ci illərdə yaranmış çətin şəraitə baxmayaraq, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə blokadada olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təchiz etmək məqsədi ilə Türkiyədən 154 kV-lik və İrandan Naxçıvana   132 kV-lik yüksək gərginlikli elektrik verilişi xətləri çəkilmişdir. Bundan əlavə, 64 MVt gücündə qaz-turbin tipli elektrik stansiyası istifadəyə verilmişdir.

Respublika Prezidentinin xarici ölkələrə səfərləri zamanı apardığı bütün danışıqlarda energetika problemləri, o cümlədən  elektrik enerjisi sisteminin inkişaf etdirilməsi ön plana çəkilmişdir. Məhz dövlət başçısının qayğısı ilə "Yenikənd" SES-in tikintisinin başa çatdırılması ilə yanaşı, "Mingəçevir" SES-in, "Şimal" İES-in və "1 saylı "Bakı İEM"-in yenidən qurulması, enerji ötürücü avadanlıq və yüksək gərginlikli elektrik verilişi xətlərinin bərpası üçün xarici investisiyalar cəlb edildi.

Ulu öndərin şah əsəri olan "Əsrin müqaviləsi", Xəzərin zəngin neft və qaz ehtiyatlarından istifadə edilməsi üzrə digər müqavilələrdə nəzərdə tutulan tədbirlərin icrası, həmçinin əsas istehsal obyektlərinin Abşeron yarımadasında yerləşməsi burada yeni generasiya güclərinin işə salınması zərurətini yaratdı.

Bu məqsədlə də Almaniyanın "Bayerişe Landesbank Girosentrale" bankının krediti hesabına Bakı İEM-də hər birinin gücü 53,5 MVt olan iki qaz-turbin qurğusu və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının krediti hesabına isə "Şimal" ES-də 400 MVt-lik buxar qaz qurğusu istismara verilmişdi.

Ümumiyyətlə, ulu öndərin bilavasitə rəhbərliyi ilə 30 il ərzində ölkəmizin energetika sistemində 3500 meqavata yaxın generasiya gücləri, 70 min kilometrə yaxın elektrik ötürücü xətləri istifadəyə verilmiş və beləliklə də, enerjisistemin real imkanları iki dəfədən çox artırılmışdır.

 

Elektrik enerjisi sistemində mühüm islahatlar başlandı

 

Bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş ulu öndərin siyasəti bu gün də yaşayır və uğurla davam etdirilir. Möhtərəm Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi ölkəmizdə sosial-iqtisadi inkişafı daha da sürətləndirmək strategiyası ulu öndərin yaratdığı möhkəm bünövrə üzərində Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlmişdir. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik energetikası üzrə mükəmməl proqramların işlənib hazırlanması və uğurla icra edilməsi nəticəsində ölkəmiz öz iqtisadi inkişaf sürətinə görə dünya lideri mövqeyinə yüksəlmişdir.

Dövlət başçısı Azərbaycanın elektrik enerjisi sistemində mühüm islahatlar və genişmiqyaslı quruculuq işləri həyata keçirir. Milli enerjisistemin yeni inkişaf mərhələsi kimi dəyərləndirilən bu dövr 2004-2008-ci və 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafına, 2005-2015-ci illərdə yanacaq-enerji kompleksinin inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, respublikamızda elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində dövlət başçısının göstəriş və tapşırıqlarının uğurla yerinə yetirilməsi ilə əlamətdardır. Bütün bunların nəticəsində  11 il ərzində Azərbaycanın müxtəlif regionlarında ümumi gücü 2000 MVt-dən artıq olan çoxlu sayda yeni elektrik stansiyası istismara verilmiş, 10 min kilometrdən artıq elektrik verilişi xətləri, 1500-dən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur.

Belə ki, 2003-2014-cü illərdə enerji sistemində hər birinin gücü    87 MVt olan Astara, Şəki, Xaçmaz, Naxçıvan, hər birinin gücü 105 MVt olan Bakı, Şahdağ, gücü 300 MVt olan Səngəcal,   525 MVt gücündə Sumqayıt,  780 MVt gücündə "Cənub" elektrik stansiyaları, 5 MVt gücündə Vayxır, 22 MVt gücündə Biləv,  hər birinin gücü 25 MVt olan  Füzuli və Taxtakörpü, 20,5 MVt gücündə Arpaçay-1  və digər su elektrik stansiyaları istismara verilmişdir. Eyni zamanda, gücü 64 MVt olan Naxçıvan qaz-turbin elektrik stansiyasında yenidənqurma işləri görülmüş, stansiya modernləşdirilmiş və dizel yanacağından qaz yanacağına keçirilərək istismara verilmişdir. Bütün bunlardan əlavə, Azərbaycan İES-in enerji bloklarının yenidənqurulması işləri həyata keçirilərək stansiyanın imkan gücü artırılmışdır.

Hazırda dövlət başçısı Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasını qarşıya əsas məqsədlərdən biri kimi qoymuşdur. Bu istiqamətdə həyata keçirilən siyasətin strateji məqsədlərindən biri də dünya təsərrüfat sisteminə ölkəmizin maraqlarının gözlənməsi şərti ilə inteqrasiyasının təmin olunmasıdır. Hazırda elektrik enerjisi sistemində də bu məqsədlə müvafiq işlər davam etdirilir.

Bu gün alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi məsələsi bütün dünyanın diqqət mərkəzindədir. Bu məsələ qlobal ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin qorunması baxımından xüsusilə aktualdır.

Məlum olduğu kimi, artıq möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə  təməli qoyulmuş 3,3 MVt gücündə Göyçay-1, 1,6 MVt gücündə  İsmayıllı-1 və 1 MVt gücündə Qusar-1 kiçik su elektrik stansiyaları istismara verilmişdir. "Balakən-1" kiçik su elektrik stansiyasında tamamlanma işləri aparılır və stansiyanın  cari  ilin  sonunda  istifadəyə verilməsi  gözlənilir.

Ümumiyyətlə, kiçik su elektrik stansiyalarının tikintisi üzrə işlər müəyyən edilmiş qrafikə uyğun davam etdirilir. Onların mərhələli şəkildə istismara verilməsi nəzərdə tutulur.

 

Enerji təhlükəsizliyi təmin edildi

 

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz elektrik enerjisi idxalından azad olmuş, ölkə enerjisisteminin təhlükəsizliyi təmin edilmişdir. Eyni zamanda, mövcud stansiyalar modernləşdirilmiş, dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqlarla təchiz edilmişdir. Nəticədə  stansiyaların  faydalı iş əmsalı artmış, 1 kVt-saat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın miqdarı əhəmiyyətli dərəcədə azalmışdır.

Bunlarla yanaşı, "Şimal" elektrik stansiyasında gücü 409 MVt olan II enerji blokunun, Lerik və Yardımlı rayonlarının daha dayanıqlı enerji təchizatı layihəsi üzrə gücü 16,5 MVt olan elektrik stansiyasının tikintisi, Mingəçevir və Varvara su elektrik stansiyalarının yenidənqurulması və digər layihələr üzrə işlərin də başa çatdırılması gözlənilir. Bununla da 2014-2015-ci illərdə nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi nəticəsində enerji sistemində əlavə 600 meqavata yaxın güc əldə ediləcəkdir.

Bu gün ölkə elektrik enerjisi sistemində generasiya gücləri ilə bağlı problem yoxdur. Lakin enerjisistemin dayanıqlılığını və təhlükəsizliyini xarakterizə edən amillərdən biri olan enerjiötürülmə sistemdə  müəyyən çətinliklər vardır. Hazırda dövlət başçısının tapşırığına əsasən enerjinin ötürülməsi sistemində və paylayıcı şəbəkələrdə yeniləşmə proseslərinin aparılması istiqamətində məqsədyönlü işlər aparılır. Məlum olduğu kimi, cari ilin ötən dövrü ərzində gücü 360 MVA olan 220 kV-luq Ağdaş YS istifadəyə verilmişdir. 220 kV-luq "Şimal ES-Hövsan YS" HX-nin tikintisi, gücü 360 MVA 220 kV-luq "Zabrat" YS-nın inşası, 220 kV-luq ikidövrəli  "Şimal ES-Zabrat YS-Sumqayıt ES" HX-nin tikintisi layihəsi üzrə işlər tam başa çatdırılmışdır və bir hissəsi şəbəkəyə qoşulmuşdur. Gücü 409 MVt olan "Şimal-2" elektrik stansiyası istismara veriləndən sonra YS və EVX-lar tam şəkildə şəbəkəyə qoşulacaqdır. Gücü 750 MVA 220 kV-luq "Böyük Şor" YS-nın tikintisi və digər bir neçə layihə üzrə işlər başa çatdırılmışdır.

Eyni zamanda, uzunluğu 165 km-dən artıq olan 330 kilovoltluq Goranboy-İmişli xəttinin tikintisi başa çatdırılmışdır. 110 kV-lik "Şamaxı" YS-nın genişləndirilməsi və yeni ikidövrəli 35 kV-lik "Şamaxı YS-Pirqulu YS" hava xəttinin tikintisi və digər layihələr üzrə isə işlər davam etdirilir.

2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı ümumi uzunluğu 80 km-dək olan 110 kV-luq HX-nin yenidənqurulması üzrə işlər müəyyən edilmiş qrafik üzrə davam etdirilir.

Yaxın illər ərzində elektrik enerjisinin ötürülməsi sistemində planlaşdırılmış layihələrin həyata keçirilməsi nəticəsində yeni transformatorların ümumi gücü  3000 meqavoltamper,  110-500 kV-lik yeni xətlərin ümumi uzunluğu təqribən 1 500 km artacaqdır.

Ölkə energetikləri həmişə olduğu kimi, bundan sonra da dövlətimizin elektrik enerjisi təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılması naminə ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalacaq, qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsində daha fəal iştirak edəcəklər.

 

Etibar PİRVERDİYEV,

"Azərenerji" ASC-nin prezidenti

Azərbaycan.-2014.- 19 oktyabr.- S.10.