Ədəbiyyat
kimi media da ölkələr və xalqlar
arasında körpü rolunu
oynayır
Azərbaycan ilə Misir arasında əlaqələr qədim tarixə malikdir. Bu əlaqələrin inkişafına və zənginləşdirilməsinə hər iki xalqın siyasətçiləri, elm və mədəniyyət xadimləri özünəməxsus töhfələr veriblər.
Bu fikirlər Misirin Eyn Şəms Universitetinin ədəbiyyatşünaslıq fakültəsinin ərəb dili kafedrasının müdiri professor Tariq Şələbi və həmin fakültənin professoru İslam əş-Şərqavi ilə oktyabrın 17-də AzərTAc-da keçirilən görüşdə səslənib.
Agentliyin fəaliyyəti ilə tanışlıq məqsədi daşıyan görüşdə Baş direktor Aslan Aslanov AzərTAc-ın keçdiyi inkişaf yolu, son illərdə əldə etdiyi uğurlar, dövlət siyasətinin informasiya təminatında rolu və beynəlxalq əlaqələri haqqında qonaqlara ətraflı məlumat verdi.
Xalqlarımız arasında əlaqələrin qurulması və inkişaf etməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük xidmətlərini xatırladan Aslan Aslanov Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti nəticəsində əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndiyini qeyd etdi.
Ədəbiyyat ölkələr və xalqlar arasında əlaqələrin və dostluq tellərinin möhkəmləndirilməsində özünəməxsus rol oynayır. Gərək bir-birimizi yaxından tanıyaq, ədəbi irsə dərindən bələd olaq. Bu baxımdan Azərbaycanda ərəb ədəbiyyatının tədqiqi, ərəb şair və yazıçılarının yaradıcılığının araşdırılması sahəsində güclü bir məktəb formalaşdığını bildirən baş direktor, görkəmli şərqşünas alim professor Aida İmanquliyevanın əvəzedilməz xidmətlərini yada saldı. Qeyd etdi ki, Aida xanım ərəb ədəbiyyatına, xüsusilə mühacirətdə yaşamış ədiblərin yaradıcılığına yeni baxışla yanaşırdı. Onun tətbiq etdiyi metodlar nəinki Azərbaycan, həmçinin keçmiş Sovet İttifaqının görkəmli şərqşünasları tərəfindən yüksək qiymətləndirilir və universitetlərdə tədris edilirdi.
Ədəbiyyat kimi, medianın da üzərinə mədəniyyətlər arasında dialoqu inkişaf etdirmək və dərinləşdirmək missiyası düşür. Ədəbi əsərlər insanın hiss dünyasına, daxili aləminə sirayət edərək onun davranışlarını, düşüncələrini formalaşdırır. Media isə öz növbəsində bu düşüncələri yenidən cəmiyyətə çatdırır və beləliklə, xalqlar arasında körpü rolunu oynayır. Bu barədə fikirlərini bölüşən Aslan Aslanov diqqəti ədəbiyyat və medianın oxşar missiyalarına yönəltdi.
Baş direktorun fikirlərinə şərik çıxan professor Tariq Şələbi ölkəmizə üçüncü dəfə səfər etdiyini, Azərbaycanda böyük tərəqqinin şahidi olduğunu dedi. Misir və Azərbaycan xalqları arasında bir çox oxşar cəhətlərin və müştərək bağların olduğunu vurğulayan alim ölkəmizlə, Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Misir ictimaiyyətinə, ümumilikdə 400 milyondan artıq əhalinin məskunlaşdığı ərəb dünyasına çatdırılmasında AzərTAc-ın fəaliyyətini təqdir etdi. Məlumat verdi ki, təmsil etdiyi universitetdə yüzə yaxın misirli tələbə Azərbaycan dili və ədəbiyyatı fənnini öyrənir.
Bakıya budəfəki səfərinin görkəmli şərqşünas alim professor Aida İmanquliyevanın 75 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirakı ilə bağlı olduğunu qeyd edən professor T.Şələbi alimin əsərlərini ərəb mentalitetinin, dünyagörüşünün tədqiqatçıları üçün mühüm mənbə kimi dəyərləndirdi.
Misirli alim AzərTAc-ın materiallarını müntəzəm izlədiyini, Azərbaycanla bağlı əsas məlumatları onun saytından aldığını söylədi. Vaxtilə dərs dediyi tələbələrindən birinin hazırda AzərTAc-da çalışdığından duyduğu sevinc hissini dilə gətirən Tariq Şələbi agentliyin ərəb dili bölməsinin əməkdaşları üçün Eyn Şəms Universitetində kurslar təşkil etmək təklifini irəli sürdü.
Görüşdə Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami də iştirak edirdi.
Görüşdən sonra qonaqlar AzərTAc-ın
əməkdaşlarına media dili mövzusunda treninq keçdilər.
Azərbaycan.
- 2014.- 18 oktyabr.- S.6.