Kənd təsərrüfatı naziri Sabirabadda vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, kənd təsərrüfat naziri Heydər Əsədov oktyabrın 17-də Sabirabad şəhərində Saatlı, İmişli, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbula gəlmiş vətəndaşların müraciətlərinin əksəriyyəti Mil-Muğan ərazisində suvarma sistemində yaranmış problemlər, subsidiyaların miqdarı, kənd təsərrüfatı texnikasının güzəştli kreditlər hesabına alınması, toxumçuluğun inkişaf etdirilməsi, heyvanlar arasında yaranmış xəstəliklər və işlə təmin edilmə ilə bağlı olub.

Qəbul zamanı vətəndaşları narahat edən bir çox məsələlər yerindəcə həll olunub, digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınaraq nəzarətə götürülüb.

Qəbul başa çatdıqdan sonra Heydər Əsədov Sabirabadda 1200 şagird yerlik M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəb, Heydər Əliyev Mərkəzi, zona baytarlıq idarəsi ilə tanış olub. Daha sonra nazir Saatlı rayonunda yeni inşa olunan Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasına baxış keçirib.

 

Azərbaycan. - 2014.- 18 oktyabr.- S.6.