Rusiya Dövlət
Dumasında azərbaycanlı tarixçilərin
iştirakı ilə müzakirələr aparılıb
Rusiya Federasiyası (RF) Dövlət
Dumasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix
İnstitutu əməkdaşlarının iştirakı ilə
Azərbaycan-Rusiya münasibətlərinin tarixi və iki
ölkə arasında əlaqələrin perspektivləri
müzakirə olunub.
Tarix İnstitutundan AzərTAc-a bildiriblər ki, müstəqillik dövründə bu elm müəssisəsində aparılan tədqiqatlar, Azərbaycan-Rusiya münasibətlərinin tarixi ilə bağlı geniş və hərtərəfli araşdırmalar Rusiya elmi ictimaiyyətində və ictimai-siyasi dairələrində geniş rəy doğurub. Rusiyada yaşayan azərbaycanlıların “Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti Şurası”nın sədri, Dövlət Dumasında hüquq məsələləri üzrə məsləhətçi Ağadadaş Kərimovun Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində birgə “dəyirmi masa” keçirilməsi qərara alınıb.
İnstitutun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, Qafqaz tarixi şöbəsinin müdiri İradə Bağırova, Azərbaycanın yeni tarix şöbəsinin müdiri Hacı Həsənov və tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev tədbirdə iştirak etmək üçün Moskvaya ezam olunublar.
RF Dövlət Dumasında keçirilən “dəyirmi masa”da Azərbaycan-Rusiya münasibətləri tarixinə dair, Azərbaycan ərazisinə digər xalqların köçürülmə tarixi, Azərbaycan Sovet Sosialist Respublikasının qurulması tarixi, 1920-ci ilədək Rusiya imperiyası tərkibinə daxil edilən Azərbaycan əraziləri, keçmiş sovet məkanında Azərbaycan-Rusiya münasibətlərində ictimai, siyasi, iqtisadi, mədəni və geosiyasi əlaqələrin davam etdirilməsi perspektivləri və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə RF Dövlət Dumasının maliyyə məsələləri üzrə komitəsi sədrinin müavini D.Savelyev AMEA Tarix İnstitutunun nümayəndə heyətini, Azərbaycan diasporunun nümayəndələrini və qonaqları salamlayıb.
Daha sonra “Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti Şurası”nın sədri A.Kərimov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb.
“Dəyirmi masa”da C.Bəhramov Azərbaycan-Rusiya münasibətləri tarixindən, İ.Bağırova Azərbaycan ərazisinin Rusiya tərəfindən işğalı və onun nəticələri, Hacı Həsənov XIX-XX əsrin əvvəllərində Rusiya imperiyasının Azərbaycanda həyata keçirdiyi köçürmə siyasəti, İlqar Niftəliyev isə Azərbaycanda Sovet hakimiyyətinin qurulması və xalqımıza qarşı törədilən soyqırımı cinayətləri, repressiyalar, deportasiya və etnik təmizləmə məsələləri barədə məruzə ediblər.
Rusiya Xalqlar Dostluğu Universitetinin əməkdaşı Leyla Basakovanın “Slavyan və türk dialektlərinin və yazılarının tarixi kökləri haqqında” mövzusunda məruzəsi dinlənilib.
Müzakirələrdə Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun əməkdaşı V.Nayedin-Rayevski, Moskvadakı general Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni komponentli orta məktəbin direktoru E.İsmayılova və RF Federal Miqrasiya Xidmətinin sədr müavini Y.Serov və başqaları çıxış edərək Azərbaycan-Rusiya münasibətlərinin tarixi əhəmiyyətindən danışıblar.
Sonda AMEA Tarix İnstitutu elmi şurasının qərarı ilə 12 dildə nəşr olunmuş və Beynəlxalq kitab müsabiqəsində qalib gəlmiş “Qarabağ: real tarix, faktlar və sənədlər” (müəlliflər Y.Mahmudov, K.Şükürov) kitabının rus dilində nüsxələri D.Savelyevə və “Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti Şurası”nın sədri A.Kərimova təqdim edilib.
Tədbirin əhəmiyyəti
nəzərə alınaraq, bu cür görüşlərin üç
aydan bir həm Moskvada, həm də Bakıda keçirilməsi
məqsədəuyğun hesab edilib.
Azərbaycan.
- 2014.- 18 oktyabr.- S.6.