Uğurlu enerji siyasəti

 

Ölkəmizin ümumi iqtisadisiyasi inkişafı məhz "Əsrin kontraktı"ndan başlamışdır. Yeni neft strategiyamız 20 ildir ki, icra edilir. Ölkəmiz üçün böyük fayda gətiribdir. Bu illər ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir.

 

İlham ƏLİYEV

 

Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin ciddiliklə gündəmə gəldiyi indiki şəraitdə respublikamızın bu sahədə öncül mövqelərə çıxması faktı danılmaz reallıq kimi diqqəti çəkir. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünyaAvropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib.

Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya miqyaslı layihələr olmaqla, Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açıb. Bu layihələr eyni zamanda respublikamızın müstəqilliyini daha da möhkəmləndirir, regionda müstəqil siyasət aparmasını təmin edir. Son 10 ildə uğurla gerçəkləşdirilən yeni neft strategiyası nəticəsində Azərbaycan bölgədə hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış edir. 2006-cı ilədək Rusiyadan qaz idxal edən Azərbaycan son iki ildə məhz "Şahdəniz" yatağından hasil olunan təbii qaz hesabına nəinki öz tələbatını ödəmək, hətta mavi yanacağını Avropa bazarlarına çıxarmaq imkanı qazanmışdır.

1999-cu ildə kəşf olunan "Şahdəniz" yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi və "Cənub" qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük təşəbbüslərdən hesab olunur. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu da, öz növbəsində, ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Türkiyə ilə Transanadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalanmış, TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. "Cənub" qaz dəhlizinin birinci hissəsi 2007-ci ildə istifadəyə verilmişdir. Ondan sonrakı dövr ərzində bu böyük layihə üzərində davamlı işlər həyata keçirilməyə başlanmışdır. İlkin mərhələdə Azərbaycan qazının daşınması "Şahdəniz-2" layihəsinin hasilatı hesabına olacaq. 2018-ci ildə Türkiyəyə 6 milyard, 2019-cu ildə isə Avropaya 10 milyard kubmetr qaz nəql olunacaq. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaq.

Cənubi Qafqaz Qaz Boru Kəməri adlanan ixrac marşrutu "Şahdəniz" qazının Gürcüstan və Türkiyəyə nəqlini həyata keçirərək regionda enerji təhlükəsizliyinin mühüm amilinə çevrilir. İldə 20 milyard kubmetr ötürmə qabiliyyətinə malik kəmərin artıq ötürücülüyünün artırılması istiqamətində işlər gedir. 2013-cü ildə TAP layihəsi - Transadriatik kəmərinin əsas ixrac marşrutu barədə əldə olunan razılıq isə "Cənub" qaz dəhlizinin üçüncü mərhələsi oldu. Uzunluğu 870 kilometr olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra isə Yunanıstan və Albaniya ərazilərindən Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçüngeniş imkanlar açacaq.

Prezident İlham Əliyev Bakıda, Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi"nin 20 illiyinə və "Cənub" qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş mərasimdə bildirib: "2013-cü ildə TAP layihəsi - Transadriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə idi. Eyni zamanda, keçən il artıq qazın satışı ilə bağlı kontraktlar imzalanmışdır. Yəni bu gün bizim önümüzdə bütün üfüqlər açıqdır, yollar aydındır. Sadəcə olaraq, biz birgə səylərlə "Cənub" qaz dəhlizinin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik. Bir sözlə, son illər ərzində Azərbaycan öz enerji siyasətini ardıcıl şəkildə irəliyə aparır. Əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün "Cənub" qaz dəhlizindən söhbət belə gedə bilməzdi. Hazırda layihə tam hazırdır. Bu gün dəhlizin tikintisi başlayır. Əlbəttə, biz gələcəkdə çalışmalıyıq ki, bütün bu işləri tərəfdaş ölkələrlə birgə edək, əlaqələndirmə yüksək səviyyədə olmalıdır. Bu layihə Azərbaycana əlavə dividendlər gətirəcək. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək".

Tərəfdaşlıq münasibətləri digər bazarlara da Azərbaycanın işlənilməkdə olan böyük qaz ehtiyatları ilə asanlıqla əlaqə yaratmaq üçün geniş imkanlar vəd edir. "Mərhələ-2" çərçivəsində işlənilməsi planlaşdırılan "Şahdəniz"in əlavə ehtiyatlarından, bu yaxınlarda Xəzərdə kəşf edilmiş "Abşeron" və "Ümid" yataqlarının, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundakı dərin qaz ehtiyatlarının, olduqca perspektivli "Şəfəq-Asiman", "Babək", "Zəfər-Məşəl" və başqa strukturların potensialından tam istifadə ediləcək.

"Əsrin müqaviləsi"nin imzalanmasının 20-ci ildönümünü yüksək səviyyədə qeyd edən müstəqil respublikamızın son illər əldə etdiyi böyük uğurlar öz əsasını məhz bu müqavilənin gətirdiyi iqtisadi dividendlərdən götürür. Ulu öndər Heydər Əliyevin şah əsəri olan "Əsrin müqaviləsi"nin uğurları bu gün hər bir vətəndaşın həyatında qabarıq hiss edilir, Azərbaycanın yüksəlişinə geniş imkanlar açır. İstehsal etdiyi xam nefti Qərb bazarlarına ixrac edən Azərbaycan böyük iqtisadi dividendlərə nail olmuşdur. Neft gəlirlərinin iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Prezident İlham Əliyevin ilk gündən hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdəndir. Dövlət başçısının işlək mexanizmlər üzərində gerçəkləşdirdiyi uğurlu sosial-iqtisadi islahatların nəticəsi olaraq bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Neft strategiyasının uğurları bu gün artıq hər bir vətəndaşın həyatında qabarıq hiss edilir və Azərbaycanın davamlı yüksəlişinə geniş imkanlar açır. Yeni neft strategiyasının uğurlu göstəricilərindən biri də dövlət büdcəsində özünü göstərir. Dövlət büdcəsində sosialyönümlü xərclərin ildən-ilə artması da neft gəlirlərinin sosial rifah amilinə xidmət etdiyini göstərir.

İnamla həyata keçirilən yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir. Bu gün hər bir azərbaycanlı ürəkdən inanır ki, ölkədə həyata keçirilən neft strategiyası davamlı inkişaf və tərəqqi prosesini sürətləndirəcək. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasını layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasət nəticəsində Azərbaycan qarşıdakı illərdə inkişaf etmiş ölkələrlə eyni cərgədə dayanacaq.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 19 oktyabr.- S.13.