Qubadlı RİH-də cari ilin ötən 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib

 

Oktyabrın 17-də Sumqayıtda yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin akt zalında bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

AzərTAc xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Maliq İsaqov hazırda Qubadlının 35,9 min nəfər əhalisinin respublikanın 42 müxtəlif şəhər və rayonunda müvəqqəti məskunlaşdığını deyib. Bildirib ki, hesabat dövründə rayonda miqrasiya prosesinin vəziyyəti sabit olaraq qalıb. Cari ilin ötən doqquz ayında məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların kommunal problemlərinin aradan qaldırılması istiqamətində işlər davam etdirilib.

Diqqətə çatdırılıb ki, Sumqayıt şəhərində 118 ailənin məskunlaşdığı “Şəfa” sanatoriyasının və 42-ci məhəllədə 79 ailənin yaşadığı 10 nömrəli peşə liseyinin ümumi istifadə sahələrində əsaslı təmir işləri aparılıb. Hazırda “İnşaatçılar” qəsəbəsində məcburi köçkünlərin yığcam məskunlaşdıqları 1 və 8 nömrəli peşə liseylərində ümumi istifadə sahələrində təmir işləri aparılır. Müxtəlif ünvanlarda məskunlaşmış 7 ailənin mənzilinin və Xələc kənd tam orta məktəb binasının dam örtüyü təmir edilib. Bundan əlavə, 11-ci mikrorayondakı 2b nömrəli binanın 1868 kvadratmetr dam örtüyü yumşaq dam örtüyü materialı ilə təmir edilib. İşıqlı, MahruzluXocahan kənd tam orta məktəblərinin həyətinə, ümumilikdə, 3888 kvadratmetr asfalt örtük döşənib. 40-cı məhəllədəki bir binanın dam örtüyünün təmiri davam edir. Ümumiyyətlə, ötən 9 ay ərzində 220-dək ailənin mənzil-məişət şəraitinin buya digər dərəcədə yaxşılaşdırılmasına nail olunub.

Əhaliyə göstərilən kommunal xidmətlərdən bəhs edən Malik İsaqov qeyd edib ki, ötən müddətdə rayon icra hakimiyyətinin köməkliyi ilə məcburi köçkünlərin yığcam məskunlaşdıqları ərazilərdə abadlıq işləri, eləcə də onların istirahətləri üçün münasib şəraitin yaradılması da diqqətdən kənarda qalmayıb. Bu məqsədlə 9 ay ərzində 15 min kvadratmetrə qədər asfalt işləri görülüb.

Bildirilib ki, hesabat dövründə rayonda idarə, müəssisə və təşkilatların şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib. “İnşaatçılar” qəsəbəsində ikimərtəbəli ictimai binada əsaslı təmir və yenidənqurma işləri aparılıb. Həmin binada rayonun inzibati ərazi dairələri üzrə nümayəndəlikləri yerləşdiriləcək. Eyni zamanda, binanın həyətində işçilərin istifadəsi üçün ictimai iaşə obyektinin və istirahət guşəsinin tikintisi və həyətdə aparılan abadlıq işləri tamamlanmaqdadır.

M.İsaqov bildirib ki, cari ilin ötən 9 ayında rayonun idarə, müəssisə və təşkilatları, icra strukturları qarşıya qoyulmuş vəzifələrin icrasına əsasən nail olublar. Rayonda büdcə vəsaitindən səmərəli istifadə olunması üçün ardıcıl aparılır. Hesabat dövründə yerli gəlirlərdən daxil olmaların icrası 2 milyon 8 min 886 manat proqnoz rəqəminə qarşı 2 milyon 80 min 114 manat, yaxud 71 min 228 manat çox yerinə yetirilib. Rayon üzrə vergidaxilolma proqnozu 102,2 faiz icra edilib. Bütün növ müavinət və pensiyalar vaxtlı-vaxtında ödənilib.

Məruzəçi, həmçinin təhsil, səhiyyə, idman sahələrində görülən işlərdən də bəhs edib.

Yığıncaqda məruzə ətrafında çıxışlar olub, qarşıda duran vəzifələrdən danışılıb, ili uğurla başa vurmaq üçün konkret tapşırıqlar verilib. Bildirilib ki, Prezident İlham Əliyevin müdrik daxilixarici siyasətini birmənalı dəstəkləyən Qubadlı rayonunun əhalisi bundan sonra da öz mövqelərini qoruyub saxlayacaq.

Sonda müvafiq qərar qəbul edilib.

 

AzərTac

 

Azərbaycan. - 2014.- 18 oktyabr.- S.7.