Sergey Markov: Ermənistan
anlamalıdır ki,
Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həlli
həm də onun
özünün xilası deməkdir
Rusiya
İctimai Palatasında Azərbaycanın Dövlət Müstəqilliyi
Günü ilə bağlı keçirilən “dəyirmi
masa”da ölkələrimiz arasında əlaqələr, Azərbaycanın
əldə etdiyi nailiyyətlər, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı müzakirələr
aparılıb.
Tədbirdə
çıxış edən Rusiya parlamentinin hər iki
palatasının üzvləri, politoloqlar və ekspertlər
Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və
xarici siyasəti nəticəsində əldə edilən
nailiyyətlərdən danışıblar. Onlar Azərbaycan
Prezidentinin həm ölkə daxilində, həm də beynəlxalq
miqyasda yüksək reytinqinin tam əsaslı olduğunu
bildiriblər.
İctimai
Palatanın üzvü Sergey Markov Rusiyaya dost və qardaş
ölkə olan Azərbaycanın nadir inkişaf modelinin rəsmi
Moskva üçün də xüsusi maraq kəsb etdiyini
söyləyib. O bildirib ki, Azərbaycanda ruslara, rus dilinə və
mədəniyyətinə olan yüksək səviyyəli
münasibət, son zamanlar ictimai və siyasi sahələrdə
intensivləşən əlaqələr və bir sıra digər
amillər Azərbaycanı Rusiya üçün tək
strateji tərəfdaşa deyil, etibarlı müttəfiqə
çevirir.
Rusiya
Dövlət Dumasının deputatı Dmitri Savelyev
Dağlıq Qarabağ münaqişəsindən söz
açaraq deyib ki, Ermənistan silahlı qüvvələri
işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir.
Rəsmi Yerevan anlamalıdır ki, münaqişənin ədalətli
həlli həm də Ermənistanın xilası deməkdir.
Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu Dağlıq
Qarabağ münaqişəsindən danışaraq haqq-ədalətin
öz yerini tapmalı olduğunu söyləyib. Səfir deyib:
“Mən özüm Qarabağlıyam, Şuşalıyam.
Orada mənim atamın məzarı var. 14 yaşlı
oğlumu bir dəfə də olsun babasının məzarına
apara bilməmişəm. Sizcə, bu normaldırmı? Bu,
yüz minlərlə insanların böyük faciəsidir.
Buna son qoyulmalı, azərbaycanlılar doğma
yurd-yuvalarına qayıtmalıdırlar. BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi var ki, Ermənistan
silahlı qüvvələrinin Azərbaycan torpaqlarından
çıxarılmasını tələb edir. Biz nə
vaxta kimi Ermənistanın bu tələblərə məhəl
qoymamasını sakit şəkildə müşahidə edəcəyik?
Müharibə, əlbəttə ki, böyük faciədir.
Lakin müharibə məcburiyyət olanda qaçılmaz
olur. Ona görə də həmsədr ölkələr,
xüsusən də Rusiya regionda yeni müharibə istəmirlərsə,
Ermənistana daha fəal şəkildə təzyiq göstərməlidirlər
ki, Azərbaycan bu məcburiyyət qarşısında
qalmasın. Azərbaycan müharibə tərəfdarı
olmadığını uzun illərdir sülh
danışıqları aparmaqla sübut edib. Biz qan
tökülməsini istəmirik, biz münaqişənin
sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində
ədalətli həllini istəyirik. Bu, bizim ən
böyük güzəştimizdir. Heç bir prezident və
heç bir xalq özünün bir qarış
torpağını belə güzəştə getməz. Bu,
mümkünsüzdür. Bunu Azərbaycandan da gözləməyin.
Biz Rusiyanın vasitəçilik rolunu və
potensialını yüksək dəyərləndiririk, bu səbəbdən
də sülhün bərqərar olması naminə Rusiyadan
da vasitəçi kimi konkret addımlar atmasını gözləyirik”.
Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.-2014.- 19 oktyabr.- S.14.