Azərbaycanın
makroiqtisadi və maliyyə sabitliyi müsbət qiymətləndirilir
Beynəlxalq Valyuta Fondunun və
Dünya Bankının yüksək vəzifəli şəxsləri
Azərbaycanda müşahidə edilən makroiqtisadi və
maliyyə sabitliyi haqqında müsbət fikirdədirlər.
Dünyada demoqrafiya, qeyri-bərabərlik, işsizlik və ekologiya ilə bağlı problemlər daha da kəskinləşib. Odur ki, 2008-ci ildəki dünya maliyyə böhranından sonrakı bərpa prosesinə dəstəyin davam etdirilməsi, həmçinin fiskal siyasətin mümkün qədər çox iş yerlərinin yaradılması və iqtisadi artıma yönəldilməsi vacibdir.
Maliyyə Nazirliyindən AzərTAc-a verilən məlumata görə, bu fikirləri Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının illik toplantısında fondun icraçı direktoru Kristin Laqard çıxışı zamanı səsləndirib.
Toplantıda Azərbaycanı maliyyə nazirinin müavini Azər Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə dünya iqtisadiyyatının cari vəziyyəti, gələcək siyasətin əsas istiqamətləri barədə müzakirələr aparılıb. Bildirilib ki, cari ildə qlobal iqtisadi artım 3,3 faiz təşkil edəcək, növbəti ildə bu göstəricinin 4 faizdən aşağı olacağı gözlənilir.
Dünya Bankının prezidenti Cim Yen Kim ötən il bank tərəfindən ümumilikdə 60 milyard ABŞ dolları həcmində kredit və investisiya yatırıldığını, bunun 40 faizinin infrastrukturun maliyyələşdirilməsinə yönəldildiyini qeyd edib. O, inkişaf etməkdə olan ölkələrin infrastrukturla bağlı tələblərinin ildə 1-1,5 trilyon ABŞ dollarına yüksəldiyini və bunun müqabilində Dünya Bankının ayırdığı vəsaitin çox cüzi olduğunu diqqətə çatdırıb.
Toplantı çərçivəsində maliyyə nazirinin müavini A. Bayramov ölkəmizi Dünya Bankının və BVF-nin Direktorlar Şurasında təmsil edən isveçrəli direktorlar Yorq Friden və Daniel Heller ilə görüşüb. Görüş zamanı bu beynəlxalq qurumlarda Azərbaycanın təmsilçiliyinin genişləndirilməsi, əlaqələrin gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Görüşdə ölkəmizdə müşahidə olunan iqtisadi inkişaf, makroiqtisadi və maliyyə sabitliyi müsbət qiymətləndirilib, son illərdə əldə edilən uğurlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
A.Bayramov, həmçinin
İsveçrənin təkrarsığorta şirkəti “Swiss Re”nin
vitse-prezidenti Andreas Pristav və icraçı direktor
Reto Şnarviller ilə
görüşüb. Şirkət rəsmiləri
Azərbaycanla əməkdaşlığın mümkün istiqamətləri barədə geniş təqdimatlar ediblər.
Azərbaycan.
- 2014.- 18 oktyabr.- S.8.