Müstəqil Azərbaycanın dövlət quruculuğu prosesi Naxçıvandan başlayıb

 

Yeni Azərbaycan Partiyası (YAP) Ordubad rayon təşkilatının 18 oktyabr - Müstəqillik Günü münasibətilə keçirdiyi tədbirdə son 23 ildə ölkəmizin keçdiyi inkişaf yolundan ətraflı danışılıb.

AzərTAc xəbər verir ki, tədbirdə YAP Ordubad rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev çıxış edərək keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda gedən proseslərdən söz açıb.

Qeyd olunub ki, dövlət müstəqilliyinə gedən yol Naxçıvandan başlanıb. 1990-1993-cü illərdə ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda müstəqil dövlət quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirilib, tarixi qərarlar qəbul olunub.

Məruzəçi bildirib ki, üçrəngli bayrağımız ilk dəfə dahi rəhbərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin sessiyasında qaldırılıb, Sovetlər Birliyinin mövcud olduğu bir vaxtda Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürülüb, sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursat və texnikanın Naxçıvanda saxlanılması şərti ilə buradan çıxarılıb, onun bazasında ilk milli ordu yaradılıb. 1990-1993-cü illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası milli azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı olub.

Tədbirdə Yeni Azərbaycan Partiyası fəallarından Elvin Məmmədov, Emin Mehbalıyev, Könül İsmayılova və başqaları çıxış edərək dövlət müstəqilliyinin bəhrələrindən danışıblar.

 

Azərbaycan. - 2014.- 18 oktyabr.-  S.9.