Azərbaycan
Dövlət Pedaqoji Universitetində
Dövlət Müstəqilliyi Günü
qeyd olunub
Oktyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dövlət müstəqilliyimizin bərpasının 23-cü ildönümü qeyd edilib.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən "dəyirmi masa"da əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Universitetin tərbiyə işləri üzrə prorektoru, professor Rafiq Baxşəliyev kollektivi əlamətdar gün münasibətilə təbrik edib, xalqımızın ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini bərpa etməsini mühüm tarixi hadisə kimi dəyərləndirib. O, müstəqilliyimizin möhkəmlənməsində və milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayaraq, bu böyük şəxsiyyətin rəhbərliyi altında Azərbaycanın tarixi nailiyyətlərə imza atdığını söyləyib.
Tədbirdə, həmçinin dövlətimizin müstəqilliyini qoruyub saxlamaq yolunda xarici təzyiqlərə məruz qaldığı, dövlət çevrilişinə cəhdlər göstərildiyi, lakin bütün bunların qarşısının alındığı vurğulanıb. Bildirilib ki, müstəqillik illərində Azərbaycan inkişaf yoluna çıxarılıb və suveren dövlət kimi dünya birliyində özünə layiq yer tutub.
"Dəyirmi masa"da universitetin Azərbaycan tarixi kafedrasının professoru, əməkdar müəllim Xəlil Köçərli "Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümü" mövzusunda məruzə ilə çıxış edib.
Məruzə
və çıxışlarda iftixar hissi ilə qeyd edilib ki, bu
gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
nəinki regionun, hətta dünyanın
sürətlə inkişaf edən,
müstəqil daxili və xarici
siyasəti ilə tanınan dövlətinə çevrilib.
Azərbaycan.
- 2014.- 18 oktyabr.- S.9.