Bakıda “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolumövzusunda V Beynəlxalq konfrans işə başlayıb

 

Oktyabrın 20-də Bakıda “İslam Əməkdaşlıq Təşkilatına (İӘT) üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfrans öz işinə başlayıb. Tədbirdə 60-dək ölkədən ümumilikdə 220-dən artıq nümayəndə iştirak edir.

AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndi və Qurandan ayələr oxundu.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxudu.

Sonra IV konfransın sədri, İndoneziyanın Azərbaycandakı səfiri Raden Prayono Atiyanto çıxış etdi.

Səfir konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi. Qadınların cəmiyyətdə rolunun gücləndirilməsinin vacibliyinə toxunan Raden Prayono Atiyanto bildirdi ki, bundan əvvəlki konfrans Cakartada keçirilibçox önəmli qərarlar qəbul edilib. Bakı konfransı da qadınların hüquqlarının qorunması, onların cəmiyyətdə iştirakının genişləndirilməsi sahəsində görüləcək işlərə öz töhfəsini verəcək.

Səfir qeyd etdi ki, qadınların cəmiyyətdə rolunun gücləndirilməsində, xüsusilə onların siyasi həyatda öz fəallıqlarını artırmasında hələ də müxtəlif maneələr var. Həmin maneələrin qarşısının alınması istiqamətində daha çox görülməlidir və bu məsələ gələcəkdə qəbul olunacaq proqramda öz əksini tapmalıdır. Qadının iqtisadi azadlığı, ümumiyyətlə gender məsələsi bəzi ölkələrdə hələ də problem olaraq qalır. Bu konfransın məqsədi də qadınların üzləşdiyi problemlərin qarşısının alınmasında birgə səyləri birləşdirməkdir və əminik ki, biz istəyimizə nail olacağıq.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək konfransın gündəliyi haqqında məlumat verdi. Bildirildi ki, Komitə tərəfindən təşkil edilən konfransda qadınların səlahiyyətlərinin, qərar qəbuletmə prosesində onların iştirakının artırılması, qadınlar üçün bərabər imkanların yaradılması, qadınlara qarşı zorakılığın, bütün növ ayrı-seçkiliyin qarşısının alınması, keyfiyyətli təhsil, sağlamlıq və digər mövzular müzakirə ediləcək.

Hicran Hüseynova qeyd etdi ki, bu gün qarşıya çıxan problemlərin öhdəsindən gələ bilmək üçün biz mərkəzdə və ya ucqarda olmasından asılı olmayaraq, hər yerdə təhsilli, təcrübəli qadınlar görmək istəyirik. Qadınları ictimai və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan çəkindirən bir sıra sosial-psixoloji amillər var. Onların aradan qaldırılması üçün məlumatlandırma və maarifləndirmə işlərinin aparılması zəruridir.

Komitə sədri vurğuladı ki, Azərbaycanda bu məsələlərlə bağlı həllini gözləyən problemlərin hərtərəfli və obyektiv araşdırılması, həmin problemlərin kökündə duran amillərin müəyyənləşdirilməsi məqsədi ilə bir sıra fərmanlar və sərəncamlar imzalanıb. Həyata keçirilən siyasət bir daha sübut edir ki, Azərbaycanda dövlət tərəfindən ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə mühüm tədbirlər görülməkdədir və bu, gələcəkdə də davam etdiriləcək.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən H.Hüseynova bildirdi ki, qaçqın və məcburi köçkün vəziyyətinə düşən 1 milyondan çox azərbaycanlının 400 mindən çoxunu qadınlar, 300 mindən çoxunu isə uşaqlar təşkil edir. Bu rəqəmlərin hər birinin arxasında bir ailənin faciəsi dayanır.

“Azərbaycan əhalisinin 50,3 faizini təşkil edən qadınların ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə əldə etdikləri uğurlar bütövlükdə dövlətimizin nailiyyətidir”, - deyən komitə sədri əlavə etdi ki, bu gün əmək qabiliyyətli qadınların 69,2 faizi özəl sektorda, 30,8 faizi isə dövlət sektorunda çalışır. Qadınlar arasında işsizliyin səviyyəsi ildən-ilə azalaraq 5,9 faizə düşüb, qadın sahibkarlığı 17,9 faizədək artıb.

Komitə sədri bildirdi ki, hazırda parlament və bələdiyyə səviyyəsində də qadınların təmsilçiliyi artıb. Milli Məclisdə 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların xüsusi çəkisi 16 faizə çatıb. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 5 dəfə artaraq 26,7 faiz olub. Bələdiyyə sədrlərinin 17,7 faizi qadındır. Eyni zamanda, 85 rayon üzrə 73 icra hakimiyyəti başçısının müavini qadındır. Bundan başqa, qadın qeyri-hökumət təşkilatlarının sayı 200-dən çoxdur.

Komitə sədri Azərbaycanda gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsinin ölkə siyasətinin mühüm prioritetlərindən birini təşkil etdiyini vurğuladı. Bildirildi ki, qadınlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm səylər göstərilir.

İslam Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Muhammad Naim Xan konfransın təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Muhammad Naim Xan vurğuladı ki, belə tədbirlərin keçirilməsi qadınların inkişaf prosesində daha geniş iştirakına təkan verir.

İslam dininin qadınların hüquqlarını hər zaman müdafiə etdiyini deyən Muhammad Naim Xan cəmiyyətdə qadınların bütün sahələrdə iştirakının təmin edilməsi üçün birgə işlərin görülməsinin zəruriliyini qeyd etdi. O dedi ki, bir çox ölkələrdə dövlət işlərində qadınların fəal iştirak etmələrinə baxmayaraq, bəzi dövlətlərdə bu sahədə problemlər qalmaqdadır. Qadınların üzləşdikləri çətinliklər müəyyən sosial problemləri də özü ilə gətirir. Biz bu çətinliklərin aradan qaldırılması üçün səylərimizi gücləndirməliyik. Proqramlar qəbul edərkən bütün inkişaf mərhələlərində qadınların rolu nəzərə alınmalıdır. Qadınların cəmiyyətdə rolunun düzgün müəyyənləşdirilməsi ailə dəyərlərinin inkişafında da katalizator rolunu oynaya bilər.

BMT baş katibinin köməkçisi və BMT-nin Qadınlar Təşkilatının icraçı direktorunun müavini xanım Lakşmi Puri qadınların və kişilərin bərabər fəaliyyəti və qadınların hüquqlarının qorunmasının vacibliyindən danışdı. O bildirdi ki, 2030-cu ilə qədər qadınların hüquqlarının qorunması, onların cəmiyyətdə iştirakının artırılması və digər sahələrdə müvafiq qərarlar qəbul olunmalıdır. Təəssüf ki, qadınlara və uşaqlara qarşı zorakılıq halları və onların hüquqlarının pozulması hələ də davam edir. Biz qadınların cəmiyyətdə zorakılığa məruz qalmaları, onların hüquqlarının tapdalanması hallarının qarşısını ala bilərik. Misal üçün, deyən bilərəm ki, Azərbaycanda bununla bağlı qətiyyətli addımlar atılıb.

BMT-nin Əhali Fondunun (UNFPA) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Heimo Lakkonen tədbirin keçirilməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyini yüksək qiymətləndirdi. O bildirdi ki, qadınlar beynəlxalq normativlərin qəbulunda da rol oynamalıdırlar. Qadınların hüquqlarının qorunması, onların cəmiyyətdə rolunun gücləndirilməsi növbəti nəslin sağlam böyüməsinə də kömək edir.

H.Lakkonen son 10 ildə UNFPA ilə İƏT-in birgə əməkdaşlığından danışaraq dedi ki, bu müddətdə doğum zamanı ana ölümü hallarının qarşısının alınması, qadınların şərəf və ləyaqətinin qorunması, onların maarifləndirilməsi sahəsində böyük nailiyyətlər əldə olunub. Bu işlər davam etdiriləcək.

Tədbirdə Azərbaycan qadınlarının cəmiyyətin ictimaisiyasi həyatında iştirakından bəhs edən videoçarx nümayiş etdirildi.

Sonra konfransın sədri və büro üzvlərinin seçkisi oldu.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın sədri seçildi.

Fasilədən sonra konfrans işini sessiyalarda davam etdirdi.

Hicran Hüseynovanın sədrliyi ilə keçirilən birinci sessiyada konfransın gündəliyi proqramı qəbul olundu. Sessiyada üzv dövlətlərin qadınların irəli çəkilməsində İƏT-in fəaliyyət planı çərçivəsində qeyd edilən sahələr üzrə əldə olunan inkişaf, eləcə fəaliyyət planının icra mexanizmlərinə dair məruzələr dinlənildi.

Mövzu ilə bağlı çıxış edən ekspertlər qərar qəbuletmə prosesində qadınların iştirakının artırılmasının vacibliyini bildirdilər. Keyfiyyətli təhsil, sağlamlıq, yüksək iştirak da daxil olmaqla qadınlar üçün bərabər imkanların yaradılması istiqamətində nailiyyətlərin əldə olunmasının önəmi diqqətə çatdırıldı. Həmçinin qadınlara qarşı zorakılıq, eyni zamanda, bütün növ ayrı-seçkiliyin qarşısının alınması sahəsində görülən tədbirlərin əhəmiyyəti qeyd edildi.

Oktyabrın 21-də başa çatacaq konfransda Bakı Bəyannaməsi qəbul olunacaq.

 

Azərbaycan.-2014.- 21 oktyabr.- S.3.