XXI əsrin qlobal enerji
layihəsi
"Cənub" qaz dəhlizi Azərbaycanın
Avropanın
enerji təhlükəsizliyindəki
rolunu gücləndirəcək
"Əminəm
ki, yaxın gələcəkdə "Cənub" qaz dəhlizi
tikiləcək, istifadəyə veriləcək və ölkəmizin
bundan sonra onilliklər ərzində inamlı
inkişafını təmin edəcək. Bizim siyasi çəkimiz
artacaq, iqtisadi sahədə yeni imkanlar yaranacaq. Kəmərin
tikintisi zamanı minlərlə, on minlərlə Azərbaycan
vətəndaşı işlə təmin ediləcək,
yüzlərlə Azərbaycan şirkəti podratçı
kimi iştirak edəcək. Yəni bu, ölkəmizə
böyük gəlir və siyasi dividend gətirən bir layihədir,
tarixi layihədir. Biz fəxr edirik ki, Azərbaycan bu tarixi layihənin
icraçısıdır, lider dövlətdir".
İlham
ƏLİYEV
Yeni
dünya nizamının tələblərinə cavab verən
və mili maraqlara əsaslanan enerji diplomatiyası yürüdən,
bütövlükdə Avropanın "mavi yanacaq"la təminatında
mühüm ölkələrdən birinə çevrilən
Azərbaycanın qətiyyətli mövqeyi sayəsində
daha bir strateji əhəmiyyətli layihənin təməli
qoyulmuşdur: 2014-cü il sentyabrın 20-də Bakıda
"Cənub" qaz dəhlizinin təməlinin qoyulması
ilə əlaqədar təşkil olunmuş təntənəli
mərasim respublikamızın "Əsrin müqaviləsi"
ilə əsası qoyulmuş yeni neft diplomatiyasının
hazırkı mərhələdə də uğurla davam
etdirildiyini, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin
təminatında rolunun əhəmiyyətli dərəcədə
gücləndiyini göstərir. Yeni layihənin
reallaşması ölkəmizin malik olduğu zəngin təbii
qaz ehtiyatlarının Avropaya nəqlində diversifikasiya
imkanları bir qədər də genişlənəcək.
Milli
enerji doktrinası enerji təhlükəsizliyinin mühüm
tərkib hissəsi olaraq dövlətimizin uzunmüddətli
strateji proqramlarından biri kimi təyinat almışdır.
Respublikamızda həyata keçirilən müxtəlif səviyyəli
iqtisadi layihələr beynəlxalq əməkdaşlığın
getdikcə dərinləşməsinə, Azərbaycanın
dünya bazarında öz yerini tutmasına zəmin
yaratmışdır. Fəal, dinamik, operativ, milli mənafe nəzərə
alınmaqla iqtisadi və siyasi addımlar atan Azərbaycan nəinki
yerləşdiyi regionun, hətta Avrasiya məkanının
qüdrətli islahatçısına və tranzit ölkəsinə
çevrilmişdir. Dünyanın enerji xəritəsində
xüsusi yeri və çəkisi ilə tanınan Azərbaycanın
həyata keçirdiyi enerji siyasəti respublikamızın milli
təhlükəsizliyinin əsasını təşkil edir.
Ulu
öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi
milli enerji doktrinası son 20 ildə Azərbaycanın iqtisadi
müstəqilliyini möhkəmləndirərək onun beynəlxalq
arenada tam müstəqil siyasət yeritməsinə imkan
vermişdir. 1994-cü il sentyabrın 20-də "Əsrin
müqaviləsi" ilə tarixi başlanğıca imza atan
Azərbaycan karbohidrogen resurslarının nəqlinə
başladığı gündən şaxələndirmə
siyasətinə üstünlük verərək
atdığı qətiyyətli addımlarla Avropanın
enerji təhlükəsizliyində rolunu gücləndirmişdir.
Prezident
İlham Əliyevin inamla davam etdirdiyi enerji diplomatiyası Azərbaycanın
beynəlxalq miqyasda söz sahibinə, milli maraqları
baxımından öz şərtlərini diktə edən
ölkəyə çevrilməsini təmin etmişdir.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
Bakı-Novorossiysk, Bakı-Supsa neft və qaz kəmərlərini
istifadəyə verən, "Cənub" qaz dəhlizi layihəsinin
mühüm seqmentləri olan TANAP, TAP kimi qlobal layihələrin
reallaşmasına nail olan Azərbaycan son illər dünya
enerji siyasətində əsas aktorlardan biri kimi
iştirakını genişləndirmiş, geosiyasi
gücünü artıraraq enerji bazarında əhəmiyyətli
tərəfdaş kimi diqqəti cəlb etməyə
başlamışdır. Ölkəmizin milli enerji siyasəti
Azərbaycanın bütün tərəfdaş ölkələrlə
qarşılıqlı şəkildə və yaxın təmaslara
söykənən harmonik münasibətlərin
qurulmasından ibarətdir. Bu siyasət XXI əsrin ikinci
onilliyində yeni mərhələyə keçid alaraq
dünya ölkələri ilə enerjinin təchizatı,
şaxələndirilməsi, nəqlinin həcminin, strukturunun
dəyişməsinə və digər geoiqtisadi-siyasi
komponentlərin meydana çıxmasına səbəb
olmuşdur.
Faktiki
olaraq son illər Azərbaycanda yeni neft diplomatiyasının məntiqi
davamı kimi mavi yanacağın Qərb bazarlarına nəqli
strategiyası istiqamətində tədbirlər həyata
keçirilir. Ötən illər daha çox "qara
qızıl" ehtiyatları ilə dünyanın diqqət
mərkəzində olan Azərbaycanın enerji siyasəti
keyfiyyətcə yeni məzmun kəsb etməyə
başlamışdır. Respublikamız, xüsusilə də
son illər Xəzərin özünə aid sektorunda
aşkarlanan zəngin qaz ehtiyatlarının nəqli
hesabına böyük iqtisadi və siyasi dividendlər əldə etməyə
iddialıdır. Neftlə yanaşı, Qərb ölkələrinə
hasil olunan təbii qaz ehtiyatlarının da həcmcə
artımı ölkəmizin dünya bazarında iri yanacaq tədarükçüsü
olduğunu təsdiqləmişdir. Karbohidrogen
ehtiyatlarının diversifikasiyasında təbii qaz amilinin tədricən
önə keçməsi enerji marşrutlarının
strukturuna da təsir göstərməkdədir.
Azərbaycanın
son illər bölgədə müstəqil siyasət yeridən,
enerji asılılığı olmayan dövlət kimi
çıxış etməsi həm də
respublikamızın neft və qaz kəmərləri şəbəkəsi
ilə şərtlənir. Dövlət
başçısı İlham Əliyev ölkəmizin zəngin
neft və qaz ehtiyatlarının Qərbə nəqlində
boru kəmərlərinin şaxələndirilməsi,
alternativlərin yaradılmasını vacib sayır. Bu
baxımdan mümkün marşrutlar içərisində
hansının siyasi, kommersiya, iqtisadi, ekoloji və təhlükəsizlik
baxımından daha əlverişli olması
araşdırılır. Dünya bazarlarına birbaşa
çıxışı olmayan ölkəmiz
üçün bu, strateji əhəmiyyətli məsələdir.
Azərbaycan nefti bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa,
Bakı-Novorossiysk kəmərləri, qazı isə
Bakı-Tbilisi-Ərzurum, Bakı-Rusiya, Bakı-İran,
Bakı-Gürcüstan kəmərləri ilə ixrac olunur.
Azərbaycan
neft kəmərlərinin şaxələndirilməsi məsələsini
təkcə iqtisadi və kommersiya baxımından deyil, həm
də siyasi baxımdan vacib sayır və bəzi
istehsalçı dövlətlərin
üstünlüyündən təzyiq vasitəsi kimi istifadə
cəhdlərinə qarşı çıxır.
Respublikamız öhdəliklərinə sadiq etibarlı
iqtisadi tərəfdaş olaraq belə halların baş verməməsinə,
istehsalçı, istehlakçı və tranzit dövlətlər
arasında sivil, işgüzar münasibətlərin
qurulmasında maraqlıdır.
Prezident
İlham Əliyevin hələ 2006-cı il noyabrın 7-də
Brüsselə səfəri zamanı imzalanmış "Azərbaycan
Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri
üzrə strateji tərəfdaşlığa dair anlaşma
memorandumu", habelə yenə də həmin təşkilatla
2011-ci ilin 13 yanvarında Bakıda imzalanmış "Cənub"
qaz dəhlizinin təsis edilməsinə dair Birgə Bəyannamə
və "Azərbaycan və Aİ arasında "Cənub"
qaz dəhlizi üzrə işçi qrupunun
yaradılmasına dair niyyət protokolu" respublikamızın
Avropa məkanının enerji təhlükəsizliyindəki
müstəsna rolunu aşkara çıxarmışdır.
Ümumilikdə
Azərbaycanı Avropanın mühüm enerji təminatçısına
çevirən ən mühüm amil, şübhəsiz ki,
respublikamızın zəngin karbohidrogen ehtiyatlarının səmərəli
realizəsi ilə bağlıdır. Hələ 2006-cı ilədək
Rusiyadan mavi yanacaq idxal edən respublikamızın 2007-ci ildən
bu asılılığı aradan qaldırması və qaz
ixrac edən ölkəyə çevrilməsi Prezident
İlham Əliyevin yürütdüyü enerji
diplomatiyasının mahiyyəti barədə dolğun təsəvvür
formalaşdırır. Bu istiqamətdə ilk uğurlu
addımlardan biri hələ 1999-cu ildə kəşf
olunmuş "Şahdəniz-1" qaz yatağı üzrə
ilk qazın hasil edilməsi olmuşdur. 2006-cı ildən bu
yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatının
tam ödənilməsinə və 2007-ci ildən geniş
ixracına imkan vermişdir. "Əsrin müqaviləsi"nin
20 illiyinə və "Cənub" qaz dəhlizinin təməlinin
qoyulmasına həsr olunmuş təntənəli mərasimdə
dərin məzmunlu nitq söyləyən Prezident İlham
Əliyev də məhz bu reallıqdan çıxış edərək
layihənin əsasının hələ 2007-ci ildə
qoyulduğunu diqqətə çatdırmışdır:
"Azərbaycan artıq "Cənub" qaz dəhlizinin
birinci hissəsini 2007-ci ildə istifadəyə vermişdir.
Ondan sonrakı dövr ərzində biz böyük layihə
üzərində işləyirdik. Bildiyiniz kimi, bir neçə
variant var idi. 2012-ci ildə Türkiyə və Azərbaycan
siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində
Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı
razılıq əldə edilmişdir. TANAP layihəsi və
onun həyata keçirilməsi tarixi hadisədir. Məhz TANAP
layihəsinin razılaşdırılmasından sonra artıq
"Cənub" qaz dəhlizinin konturları görünməyə
başlamışdır. 2013-cü ildə TAP layihəsi -
Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi
seçilməsi də tarixi hadisə idi. Eyni zamanda, keçən
il artıq qazın satışı ilə bağlı
kontraktlar imzalanmışdır. Yəni bu gün bizim
önümüzdə bütün üfüqlər
açıqdır, yollar aydındır. Sadəcə olaraq,
biz birgə səylərlə "Cənub" qaz dəhlizinin
tamamlanmasını təmin etməliyik və bunu edəcəyik".
Avropa
Komissiyasının katibi Joze Manuel Barrozu isə layihə ilə
bağlı videomüraciətində demişdir:
"Üç il bundan əvvəl - 2011-ci ilin yanvarında mən
və Prezident İlham Əliyev Bakıda "Cənub" qaz
dəhlizi ilə bağlı Birgə Bəyannamə
imzaladıq. O gündən Avropa Komissiyası, tərəfdaş
ölkələr və şirkətlər bu planları
reallaşdırmaq üçün birgə çalışmışlar.
Bütün kəmərlərin inşasının başa
çatdırılması üçün əlavə 5 il tələb
olunacaq. Bu dəhliz başa çatdıqdan sonra Qafqazdan
Türkiyəyə, Yunanıstan və Albaniya ərazilərindən
keçərək 2000 kilometrlik məsafəni qət edəcək
və Xəzər dənizini Avropa İttifaqının mərkəzi
ilə birləşdirəcək. Lakin bu layihə yalnız kəmər
deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Bu,
sözün əsl mənasında, geostrateji bir layihə
olacaq".
Azərbaycanın
son illər təbii qazın nəqli ilə bağlı
yeni-yeni marşrutlar formalaşdırmaqda maraqlı tərəf
kimi çıxış etməsi, ilk növbədə, zəngin
mənbələrin kəşf olunması ilə şərtlənir.
Hələ 2010-cu ilin noyabrında Azərbaycanda böyük
qaz-kondensat yatağı olan "Ümid"in kəşf
olunması ilə respublikamızın enerji strategiyası
mühüm mərhələyə qədəm qoymuşdur.
Bakıdan 75 kilometr, qurudan 40 kilometr məsafədə yerləşən
yataqda ilk geoloji kəşfiyyat işləri 1953-cü ildə
Azərbaycan neftçiləri tərəfindən
aparılmışdır. 1972-ci ildə davam etdirilən
genişmiqyaslı geofiziki tədqiqatlar yatağın
potensialı barədə nikbin proqnozları ortaya
çıxarmışdır. 1977-1992-ci illərdə 9
quyunun qazılmasına baxmayaraq, investisiya xərclərinin
azlığı və müəyyən texniki tədbirlərin
lazımi səviyyədə olmaması "Ümid"
yatağının ən dərin qatlarına - horizontal xəttə
gedib çatmağa imkan verməmişdir. Sovet dövründə
neftçilər burada geofiziki işlər apararaq həmin
blokda bir neçə quyu qazsalar da, nəticələr
ümidverici olmamışdır. Ötən əsrin 90-cı
illərinin əvvəlində Azərbaycanın üzləşdiyi
böhran və neft sənayesində yaranmış tənəzzül
yatağın imkanlarının üzə
çıxmasını bir neçə il müddətində
dayandırmışdır.
Sevindirici
haldır ki, "Ümid" yatağı ölkə
neftçiləri tərəfindən hər hansı əcnəbi
mütəxəssislərin iştirakı olmadan kəşf
olunmuşdur. Bu hadisə Azərbaycanın neft-qaz sənayesi
işçilərinin yüksək peşəkarlığının
məntiqi nəticəsi kimi tarixiləşmişdir. Beləliklə,
Azərbaycan ən nəhəng layihələri təkbaşına
reallaşdırmaq qüdrətində olduğunu göstərmişdir.
"Ümid" yatağı ölkəmizin qaz sənayesi ilə
bağlı digər iqtisadi proseslərin də sürətlənməsinə
səbəb olmuşdur. Yeni yataqların kəşfi və
hasilata cəlb edilməsi Azərbaycanın qaz
ehtiyatlarının həcmi ilə bağlı proqnozların
dəyişməsinə gətirib çıxarmış,
dünya dövlətlərinin respublikamızla əməkdaşlıq
münasibətlərinin uzunömürlüyünə dərin
əsaslar yaratmışdır.
Respublikamızın
proqnozlaşdırılan qaz ehtiyatlarının həcmi 2
trilyon kubmetr təsdiq edilmişdir. Lakin "Ümid",
"Babək", eləcə də "İnam",
"Alov", "Şərq" yataqlarındakı
resursların ən azı 2 trilyon kubmetr olması nəzərə
alınaraq ölkəmizin mavi
yanacaq ehtiyatlarının həcminin bundan 2 dəfə
artıq olacağı proqnozlaşdırılır.
Bütün bu amillər Avropa, Amerika və Asiya, eləcə
də Afrikanın bəzi ölkələrini Azərbaycanla
enerji sahəsində əməkdaşlığı dərinləşdirməyə
sövq edir.
2011-ci il
sentyabrın 9-da "Abşeron" blokunda 250 milyard kubmetr qaz
ehtiyatı olan yeni yataq kəşf olunmuş, beləliklə,
respublikamızın enerji potensialı daha da güclənmişdir.
Prezident İlham Əliyev bu münasibətlə xalqı təbrik
etmiş, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin
təminatnda mühüm ölkəyə çevrildiyini
vurğulamışdır: "Azərbaycan geoloqları, Azərbaycan
Dövlət Neft Şirkətinin mütəxəssisləri
inanırdılar ki, "Abşeron" yatağında məhsuldar
laylar vardır... Bu qarşılıqlı maraq əsasında
2009-cu ildə "Total" şirkəti ilə Azərbaycan
Dövlət Neft Şirkəti arasında "Abşeron"
yatağı üzrə ikinci kontrakt imzalanmışdır. Bəlkə
də dünya praktikasında bu, çox nadir hallarda rast gəlinən
bir məsələdir ki, bir yataq üzrə ikinci dəfə
də kontrakt imzalansın. Kəşfiyyat işləri
hazırda deməyə əsas verir ki, nəticə oldu. Bir
daha demək istəyirəm ki, Abşeronda çox
böyük qaz yatağı kəşf edilmişdir. Bu bizə
imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla
irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən ölkə
kimi dünyada daha da tanıtdıraq".
Ümumiyyətlə,
Azərbaycanın enerji siyasətinin son illər yeni fazaya qədəm
qoyması ("Abşeron" və "Ümid" qaz
yataqlarının kəşfi, trans-enerji sazişlərinin
imzalanması) həm də karbohidrogen ehtiyatlarının nəqli
coğrafiyasının genişlənməsini təmin
etmişdir. Qaz ehtiyatlarının həcminin artması, yeni
yataqların kəşf olunması, hasilatla bağlı
işlərin sürətlənməsi diversifikasiya məsələlərini
də son dərəcə aktuallaşdırmışdır.
Respublikamız strateji boru kəmərlərinin seçilməsi
zamanı həmişə olduğu kimi, yenə də iqtisadi
səmərəlilik, siyasi məqsədəuyğunluq və
təhlükəsizlik amillərini ciddiliklə nəzərə
almışdır.
Bu zaman həm
də enerji sektorunda sıx əməkdaşlıq edən Azərbaycan,
Gürcüstan və Türkiyənin geoiqtisadi maraqları da əsas
götürülmüşdür. Bu istiqamətdə həlledici addımlardan biri 2010-cu
ilin iyun ayında Azərbaycanla Türkiyə arasında təbii
qazın satışı və nəqli üzrə sazişin
imzalanması olmuşdur. 2011-ci il oktyabrın 25-də İzmir
şəhərində keçirilən tədbir çərçivəsində
imzalanmış "Azərbaycan Respublikasının Hökuməti
və Türkiyə Respublikasının Hökuməti
arasında təbii qazın Türkiyə Respublikasına
satışı və Azərbaycan Respublikasından gələn
təbii qazın Türkiyə Respublkasının ərazisi
vasitəsilə tranziti haqqında və təbii qazın
Türkiyə Respublikasının ərazisindən nəql
edilməsi üçün müstəqil boru kəmərinin
inşasına dair" saziş strateji müttəfiq ölkələrin
enerji-iqtisadi əlaqələrində yeni səhifə
açmışdır. Bu saziş regionda əməkdaşlıq
və təhlükəsizlik dəhlizinin möhkəmlənməsi
üçün yeni təməllər yaratmışdır.
Bu strateji enerji proqramının davamı olaraq Prezident
İlham Əliyev 2012-ci ildə "Azərbaycan və
Türkiyə hökumətləri arasında təbii
qazın Türkiyəyə satışı və Azərbaycandan
gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə
tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən
nəql edilməsi üçün müstəqil boru kəmərinin
inşasına dair" qanunu təsdiq etmişdir. Beləliklə,
Azərbaycan və Türkiyə hökumətlərinin qətiyyəti
və siyasi iradəsi sayəsində regionun geosiyasi-iqtisadi xəritəsini
dəyişən, enerji tarixinə qızıl hərflərlə
yazılan mühüm hadisə baş vermişdir.
2012-ci il
iyunun 26-da isə Türkiyənin İstanbul şəhərində
Azərbaycan və Türkiyə arasında Trans-Anadolu təbii
qaz boru kəmərinin (TANAP) layihəsi üzrə saziş
imzalanmışdır. Bu tarixi qərar qısa müddət ərzində
transkontinental layihənin sürətlə irəliləməsinə
zəmin yaratmışdır. Cəmi 5 ay ərzində hər
iki ölkənin parlamentlərində sazişin ratifikasiya
olunması, dövlət başçıları tərəfindən
müvafiq qanunun imzalanması TANAP-ın necə mühüm əhəmiyyət
kəsb etdiyini təsdiqləmişdir.
Bu siyasi qərar
həm də Trans-Anadolu təbii qaz boru kəmərinin
tikintisinin həlledici mərhələyə qədəm
qoymasına baza yaratmış, layihə ümumdünya layihəsi
statusu almışdır. TANAP təkcə region ölkələrinin
enerji təhlükəsizliyi üçün deyil,
ümumilikdə bütün Avropa və Qərb
üçün strateji əhəmiyyətə malik trans-kommunikasiya
şəbəkəsi sistemi kimi qiymətləndirilir. Bu kəmər
Azərbaycan qazını Türkiyənin şərq sərhədindən
qərb sərhədinə daşımalı, ölkədə
sabit tranziti təmin etməlidir. 5 il ərzində
reallaşdırılması nəzərdə tutulan layihənin
dəyəri 7 milyard ABŞ dolları təşkil edir.
Dörd mərhələdə həyata keçiriləcək
layihənin ilk mərhələsinin 2018-ci ildə başa
çatdırılacağı bildirilir. 2020-ci ildə kəmərin
buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü
ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə
çatdırılacaq. İlk dövrdə TANAP kəməri
ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan
qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə
Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə
tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan
sərhədində təhvil veriləcəkdir. Layihənin
işə düşməsi vaxtı "Şahdəniz-2"
layihəsi üzrə qaz hasilatına başlanması
vaxtı ilə uzlaşdırılmaqla 2017-ci il
üçün nəzərdə tutulmuşdur.
TANAP-da
ARDNŞ-nin 80 faizlik paya sahib olması da layihənin ölkəmiz
üçün strateji əhəmiyyətini bir daha sübut
edir. Layihə Transxəzər qaz kəmərinin gerçəkləşməsi
üçün də yeni imkanlar açmışdır. Belə
ki, Qazaxıstan və Türkmənistanın gələcəkdə
bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan
həm də qaz nəqlində mühüm tranzit ölkəyə
çevriləcəkdir. Ümumiyyətlə,
TANAP layihəsi
sayəsində Azərbaycanın Şərq-Qərb enerji dəhlizinin
formalaşmasında rolu daha da artacaqdır. TANAP layihəsi Xəzər
regionu ölkələrinin hər birinin əməkdaşlığı
üçün geniş imkanlar açır. Ən əsası,
bu, Qazaxıstan, Türkmənistan, Türkiyə və Azərbaycanın
vahid enerji konsepsiyasını reallaşdıracaq, türkdilli
dövlətlərin sıx inteqrasiyasına zəmin yaradacaq
perspektiv proqramdır.
2011-ci ildə
Avropa İttifaqı ilə Azərbaycan arasında
imzalanmış məlum enerji memorandumu Qərb enerji dəhlizlərinin
mühüm tərkib hissəsi olan Trans-Adriatik (TAP) boru kəmərinin
çəkilişi üçün də tarixi zəmin
yaratmışdır. Ötən il "Şahdəniz"
konsorsiumu üzrə nəzərdə tutulmuş tədbirlərin
uğurla reallaşdırılması ilə əlamətdar
olmuşdur. 2013-cü il iyunun 28-də konsorsium Azərbaycan
qazını Avropaya nəql edəcək layihə kimi
Trans-Adriatik Qaz Kəmərini (Trans-Adriatik Pipeline (TAP)
seçdiyini bəyan etmişdir. TAP layihəsi Cənubi Qafqaz
Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu
Qaz Kəmərinin (TANAP) davamı olaraq "Şahdəniz-2"
yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə,
Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi
Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə
ilkin mərhələdə ildə 10 milyard, daha sonra 20 milyard
kubmetrə yaxın qazın nəqli
proqnozlaşdırılır.
Ümumiyyətlə,
TAP-ın reallaşması Azərbaycanın "Şahdəniz",
"Ümid", "Abşeron", "Alov",
"İnam" və digər zəngin yataqlarından hasil
olunan təbii qazın Avropaya nəqlinə imkan verəcək
nəhəng kommunikasiya infrastrukturunun yaradılması deməkdir.
Layihə Xəzər regionu ölkələrinin də enerji əməkdaşlığı
üçün geniş imkanlar açır.
Azərbaycan
2013-cü il dekabrın 17-də "Şahdəniz" layihəsinin
ikinci mərhələsi üzrə yekun investisiya sazişini
imzalamaqla daha bir tarixi uğura imza atmışdır. Bu
saziş müasir dünyanın enerji xəritəsində
özünün strateji rolu və yerinə görə
seçilməklə bərabər, digər mühüm
transenerji şəbəkələrinin gerçəkləşməsinə
də ciddi zəmin yaratmışdır. "Şahdəniz"
yatağının işlənməsi layihəsinin ikinci mərhələsi
üzrə yekun investisiya qərarı geoiqtisadi əhəmiyyətinə,
dünya enerji mühiti üçün ağırlıq mərkəzinə
görə "Əsrin müqaviləsi"nin ən
mühüm komponenti kimi qiymətləndirilir. Layihə Azərbaycan
və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin
genişləndirilməsinə xidmət etməklə
Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin
tikintisi ilə bağlı planların reallaşmasına təkan
verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. Layihə
çərçivəsində 26 sualtı quyunun
qazılması, həmçinin körpü ilə birləşdiriləcək
iki platformanın tikintisi, Səngəçalda isə yeni
texniki emal və kompressor qurğularının inşası nəzərdə
tutulub.
Uzunluğu
870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə,
Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya
çatdıracaqdır. Qazın Yunanıstandan digər
kommunikasiya infrastrukturları vasitəsilə Bolqarıstana, eləcə
də Adriatik dənizindən çoxşəbəkəli
sistemlər vasitəsilə Bosniya, Herseqovina, Xorvatiya, Serbiya və
Çernoqoriyaya çatdırılması nəzərdə
tutulmuşdur. Ümumilikdə TAP vasitəsilə Şərqi-Qərbi
Avropa regionu ölkələri qazla təmin olunacaqdır. Dəyəri
təxminən 2,2 milyard dollar proqnozlaşdırılan TAP
layihəsinin 3 səhmdarı ("EGL", "Statoil" və
"E.ON Ruhrgas") var.
Prezident
İlham Əliyev "Cənub" qaz dəhlizinin əsasının
qoyulması mərasimində demişdir: "Xəzər
qazı Avropa üçün yeganə yeni mənbədir. Digər
mənbələr var. Avropa o mənbələrdən
qidalanır. O mənbələrin həcmi arta bilər, ancaq
yeni mənbə hazırda Azərbaycandır. Enerji təhlükəsizliyi
marşrutlarının şaxələndirilməsi,
hasilatçı, tranzit və istehlakçı ölkələrin
birgə fəaliyyəti əminəm ki, uğur gətirəcək.
Çünki bu işlərdə çox ciddi əlaqələndirmə
aparılmalıdır. Bu günə qədər bizim qaz və
neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi
- Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən
sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə
qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi
öz resurslarını dünya bazarına çıxaracaq.
Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan,
Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə
Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə
qoşula bilərlər. Ona görə, burada əlaqələndirmə
işləri çox yüksək səviyyədə
aparılmalıdır".
"Cənub"
qaz dəhlizinin reallaşdırılması üçün
zəruri təşkilati-hüquqi tədbirlərin
keçirilməsi də diqqət mərkəzində
saxlanılmışdır. Azərbaycan Respublikası
Prezidentinin 25 fevral 2014-cü il tarixli "Şahdəniz"
qaz-kondensat yatağının istismarının ikinci mərhələsi
və "Cənub" qaz dəhlizinin yaradılmasına dair
digər layihələrlə bağlı bəzi tədbirlər
haqqında" sərəncamına uyğun olaraq
"Şahdəniz" qaz-kondensat yatağının
istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru
Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri
və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə
edilməsini təmin etmək məqsədilə Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti tərəfindən
nizamnamə kapitalı 100 milyon ABŞ dolları məbləğində
- səhmlərinin 51 faizi dövlət mülkiyyətində,
49 faizi Dövlət Neft Şirkətinə məxsus olan "Cənub" qaz dəhlizi
Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) təsis
edilmişdir.
Sərəncamın 2-ci bəndində
Dövlət Neft Fonduna cəmiyyətin birbaşa dövlət
mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi,
eləcə də cəmiyyətə keçən layihələrdəki
iştirak paylarının maliyyələşdirilməsi
üçün tələb olunan vəsaitin geri
qaytarılmaq şərti ilə uzunmüddətli investisiya
verilməsi
tapşırılmışdır. Cəmiyyətin birbaşa dövlət
mülkiyyətində olan səhmlərinin sahibliyi və idarə
edilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə
edilmişdir. Həmin səhmlər üzrə dividendlər
Dövlət Neft Fonduna köçürüləcək.
2014-cü il aprelin 14-də Dövlət Neft Fondu tərəfindən
cəmiyyətin birbaşa dövlət mülkiyyətində
olan hissəsinin maliyyələşdirilməsini təmin etmək
məqsədilə 51 milyon ABŞ dolları və yaxud 40
milyon manat məbləğində vəsait İqtisadiyyat və
Sənaye Nazirliyinin dövlət xəzinədarlığındakı
müvafiq hesabına köçürülmüşdür.
Sərəncama əsasən, Neft Fondu tərəfindən
2014-cü ilin yanvar-iyul ayları ərzində cəmiyyətə
keçən layihələrdəki iştirak
paylarının maliyyələşdirilməsi məqsədilə
2,164 milyard ABŞ dolları məbləğində vəsait
geri qaytarılmaq şərti ilə cəmiyyətə
uzunmüddətli investisiya edilmişdir.
Ölkə
rəhbərinin "Cənubi Qafqaz Boru Kəmərinin
genişləndirilməsi layihəsi ilə əlaqədar
torpaq sahələri və digər daşınmaz əmlak
obyektləri üzərində hüquqların əldə
edilməsi prosesinin daha səmərəli təşkili ilə
bağlı tədbirlər haqqında" 10 sentyabr
2014-cü il tarixli fərmanı isə Cənubi Qafqaz Boru Kəmərinin
genişləndirilməsi layihəsi ilə əlaqədar
torpaq sahələri və digər daşınmaz əmlak
obyektləri üzərində hüquqların əldə
edilməsi prosesinin daha səmərəli təşkilini nəzərdə
tutur. Məqsəd "Şahdəniz-2" layihəsinin
reallaşması və karbohidrogen ehtiyatlarının qərb
istiqamətində ixracının artırılması məqsədilə
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi
layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq
sahələrinə və digər daşınmaz əmlak
obyektlərinə dair mülkiyyət, istifadə və icarə
hüquqlarının əldə edilməsi prosesi ilə
bağlı bir sıra xidmətlərin operativlik, şəffaflıq
və rahatlıq prinsipləri əsasında həyata
keçirilməsidir. Fərmana əsasən, bu il
sentyabrın 20-dən "ASAN xidmət" nəqliyyat vasitələri
səyyar formada xidmət göstərirlər. Həmin
avtobuslarda əsasən vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı; notariat fəaliyyəti;
şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
daşınmaz əmlaka dair hüquqların dövlət
qeydiyyatı ilə bağlı "Daşınmaz əmlakın
dövlət reyestri haqqında" qanunda nəzərdə
tutulan bütün xidmətlər; hüquqi və fiziki şəxslərə
arxiv arayışlarının verilməsi; torpaq sahəsinin
plan-ölçüsü, bələdiyyə mülkiyyətinə
ayrılan torpaq sahələrinin yerquruluşu planları,
torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərlə
bağlı arayışların verilməsi və digər
torpaq kadastrı xidmətləri və s. xidmətlər
göstərilir. Fərmanla Ədliyyə, Daxili İşlər
nazirliklərinə, Əmlak Məsələləri Dövlət
Komitəsinə, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinə, Milli Arxiv İdarəsinə, Cənubi Qafqaz
Boru Kəmərinin genişləndirilməsi layihəsi
üzrə müvafiq torpaq sahələrinin və digər
daşınmaz əmlak obyektlərinin yerləşdiyi yerli
icra hakimiyyəti orqanlarına və
bələdiyyələrə "ASAN xidmət" tərəfindən
sözügedən xidmətlərin göstərilməsi
üçün lazımi tədbirlər görmək tapşırılmışdır.
Ümumiyyətlə,
son illər enerji təhlükəsizliyinin təminatı Azərbaycanın
iqtisadi müstəqilliyini möhkəmləndirərək
onun beynəlxalq arenada tam müstəqil siyasət
yürütməsinə imkan açmışdır. Regional
layihələrdə aparıcı mövqe qazanan
respublikamız beynəlxalq miqyasda söz sahibi, milli maraqlar
baxımından öz şərtlərini diktə edən
ölkəyə çevrilmişdir. Azərbaycanın
dövlət başçısı bölgədə
sülhün və sabitliyin təşəbbüskarı kimi
iqtisadi əməkdaşlıq formatının dərin
xarakter almasında da fəal fəaliyyəti ilə seçilmişdir.
Azərbaycan
Avratlantik regionu üçün güvənli enerji sənayesi
mərkəzidir. Rəsmi Bakı milli enerji siyasətini milli təhlükəsizliyin
əsas komponenti kimi nəzərə alaraq tərəfdaşları
ilə enerji əməkdaşlığında strateji
maraqları önə çəkmişdir. Azərbaycan enerji
amilindən spekulyativ məqsədlər üçün
istifadə etməmiş, qarşılıqlı və
sıx əməkdaşlıq məqsədilə bölgədə
genişşəbəkəli əməkdaşlıq dəhlizinin
möhkəmlənməsinə nail olmuşdur. "Cənub"
qaz dəhlizinin tam gücü ilə reallaşması isə
həm Avropanın iqtisadi və siyasi təhlükəsizliyi,
həm də Azərbaycanın davamlı iqtisadi
inkişafı baxımından əhəmiyyətli
olacaqdır.
Müşfiq
ATAKİŞİYEV,
iqtisad elmləri
doktoru, professor
Azərbaycan.-2014.- 21 oktyabr.- S.6.