Prezident İlham ƏLİYEV: «Bütövlükdə bizim 53 milyard dollardan çox valyuta ehtiyatlarımız var ki, bu da dünya miqyasında çox böyük göstəricidir»

 

Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr olunmuş iclasında açıqlanan rəqəmlər ölkəmizin dinamik inkişafından xəbər verir

 

Nazirlər Kabinetinin iclasında ölkə iqtisadiyyatının 9 aylıq inkişafı və  qarşıda duran vəzifələrlə bağlı çıxış edən dövlət başçısı İlham Əliyev iqtisadiyyatda, infrastrukturda, sosialaqrar sektorlarda baş verən müsbət dinamikanı xüsusi qeyd etmiş, eyni zamanda, ölkə iqtisadiyyatının dinamik inkişafını müəyyən edən "yol xəritəsi"ni cızmışdır.

Prezident iclasda ölkənin dinamik inkişafını qeyd edərək demişdir: "Doqquz ayın iqtisadi göstəriciləri də çox müsbətdir. İqtisadiyyatımız inkişaf edir, artır. Xüsusilə qeyd etməliyəm ki, Avropada iqtisadi maliyyə böhranı davam edir, ancaq Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunurbu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artmışdır. Dünyada mövcud olan vəziyyəti nəzərə alsaq, deyə bilərik ki, bu, çox müsbət göstəricidir. Ən önəmlisi ondan ibarətdir ki, - bunu biz hər dəfə məmnuniyyətlə qeyd edirik, - qeyri-neft sektorumuz 6 faiz artmışdır. Qeyri-neft sektorunun artması, əlbəttə ki, bizim siyasətimizin nəticəsidir. Çünki bizim üçün əsas məsələ qeyri-neft sektorunun inkişafıdır".

Məlumdur ki, iqtisadiyyatın inkişafında kapital qoyuluşu mühüm rol oynayır. Bunun nəticəsidir ki, iqtisadiyyatımız yatırılan sərmayələr nəticəsində ildən-ilə sürətlə inkişaf edir. Bu işdə daxili investisiya mühüm rol oynayır. Belə ki, cari ilin əvvəlində ölkə iqtisadiyyatına qoyulan 19 milyard dolların 11 milyard dolları daxili sərmayədir.

Onu da qeyd edək ki, investisiyalar əsasən infrastruktur layihələrinə qoyulur. Lakin bu o demək deyil ki, başqa sahələrə sərmayə yatırılmır. Daxili investisiyalarda sənayenin qeyri-neft sektoruna üstünlük verilməsi, aqrar sahədə iri layihələrin həyata keçirilməsinə də xüsusi önəm verilir. Bununla bərabər, daxili investisiyaların müəyyən həcmi sahibkarlığın inkişafına dəstək üçün ayrılır. Həmçinin daxili investisiyalarda sosial layihələrin həyata keçirilməsinin də payı yüksəkdir.

İqtisadi inkişafın əsas göstəricilərindən biri də dövlətin xarici borcdan asılı olmaması və kifayət qədər valyuta ehtiyatına malik olmasıdır. Bu göstəriciyə görə də Azərbaycan dünya ölkələri sırasında öncül yerdədir. Malik olduğumuz valyuta ehtiyatları əhalinin sayına görə rekord həddədir. Təkcə bu ilin əvvəlindən maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb. Ümumilikdə isə ölkəmizin valyuta ehtiyatları 53 milyard dollardan çoxdur. Belə imkan ölkəmizə sərbəst iqtisadixarici siyasət həyata keçirməyə imkan verir. Yəni ölkəmiz maliyyə cəhətdən heç bir beynəlxalq təşkilat və dövlətdən asılı deyil. Üstəlik, ölkəmizə xarici dövlətlərə sərmayə yatırmağa imkan verir ki, bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır. Onu da qeyd edək ki, Azərbaycan əvvəlcə qonşu ölkələrin iqtisadiyyatına sərmayə qoyurdusa, indi belə dövlətlərin coğrafiyası xeyli genişlənib.

Ölkə iqtisadiyyatına investisiyaların qoyulmasının əhəmiyyətini qeyd edən dövlət başçısı İlham Əliyev bu barədə demişdir: "İnvestisiyalar müxtəlif sahələrə qoyulur: həm sənayenin, kənd təsərrüfatının, turizm sektorunun inkişafına, əlbəttə ki, neft-qaz sənayesinin inkişafına. Bu da təbiidir. Çünki bizim iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır. Məhz buna görə də iqtisadi artımımız davam edir. Baxmayaraq ki, hazırda neftin qiyməti də kəskin şəkildə aşağı düşür. Ancaq ölkəmiz qeyri-neft sektoru hesabına bundan sonra da inkişaf edəcək və bu, bizim inkişafımızı dayanıqlı edəcək. Yəni bizim əsas məqsədimiz neft amilindən asılılığımızı maksimum dərəcədə azaltmaqqeyri-neft sektoru hesabına gələcəkdə Azərbaycanı inkişaf etdirməkdir".

Nazirlər Kabinetinin iclasında aqrar sektorun inkişafı və onun ixrac potensialının artırılmasının əhəmiyyəti xüsusilə qeyd edildi. Bu sahəni inkişaf etdirmək üçün isə yeni əkin sahələrinin dövriyyəyə daxil edilməsi xüsusi önəm daşıyır. Eyni zamanda, əkin sahələrinin suvarma suyu ilə təminatına da ciddi əhəmiyyət verilir. Tutumuna görə iri layihələr olan "Taxtakörpü" və "Şəmkirçay" su anbarları layihələrinin icrası məhz bu məqsədə xidmət edir. Hər iki su anbarı istifadəyə verildikdən sonra həm on minlərlə hektar yeni əkin sahələri dövriyyəyə daxil ediləcək, həm də mövcud əkin sahələri suvarma suyu ilə təmin olunacaq. Belə tədbirlər sözsüz ki, məhsul istehsalının və məhsuldarlığın artmasına təkan verəcək. Nəticədə ölkəmizin aqrar sahədə istehsal olunan məhsulun ixracında artım yaranmaqla bərabər, aqrar sektorda çalışan insanların həyat səviyyələrinin yüksəlməsinə, regionlarda yaşayan əhalinin işlə təminatına da şərait yaranacaq.

İxracdan söz düşmüşkən, onu da bildirək ki, son illər aqrar sektorda müasir tələblərə cavab verən emal müəssisələri yaradılır və məqsəd daha çox hazır kənd təsərrüfatı məhsullarını dünya bazarına ixrac etməkdir. Həmin emal müəssisələrinin bir çoxunun özünün əkin sahələri var. Yəni müəssisə özünün əkib-becərdiyi kənd təsərrüfatı məhsullarını emal edir. Bu müəssisələr, eyni zamanda, emal üçün fermerlərdən də kənd təsərrüfatı məhsulları alır. Bu, hər iki tərəf üçün sərfəlidir. İndi fermerbilir ki, istehsal etdiyi məhsulu kimə satacaq. Emal müəssisələri də əvvəlcədən aparılan danışıqlardan bilir ki, il ərzində nə qədər kənd təsərrüfatı məhsulu alaraq emal edəcək.

Ölkəmizin dinamik inkişafı, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır.  Mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanın dinamik inkişafını diqqətlə izləyir və öz hesabatlarında artan dinamikanı xüsusi qeyd edirlər. Davos Dünya İqtisadi Forumu özünün sonuncu hesabatında Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Bu o deməkdir ki, ölkəmiz dünyanın ən qabaqcıl 40 ölkəsi sırasındadır.

 

Rüstəm KAMAL

 

Azərbaycan. - 2014.- 17 oktyabr.- S. 8.